Geri

13/12/21

Lənkəran Dövlət Universiteti ilə Sumqayıt Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.


Dekabrın 10-da Sumqayıt Dövlət Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

İmzalanma mərasimində Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynov, prorektorlar, dekanlar və Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov iştirak edib.

SDU-nun rektoru, professor Elxan Hüseynov qonaqları salamlayaraq Lənkəran Dövlət Universiteti ilə qarşılıqlı əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını deyib. Qeyd edib ki, bağlanacaq müqavilə hər iki ali təhsil müəssisəsi arasında əlaqələrin möhkəmlənməsinə əlverişli şərait yaradacaq və elmi layihələrin həyata keçirilməsinə stimul verəcək. Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, buradakı təhsil, tədris prosesi və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verərək bildirib ki, region universitetləri yalnız təhsil, tədris və elmi-tədqiqat işləri ilə deyil, həm də bölgədə iqtisadi, sosial və mədəni mühitin inkişafında fəal rol oynamalıdırlar. Tədqiqat və bilik yönümlü ali təhsil müəssisələri getdikcə daha çox təhsil verməklə yanaşı, bölgələrin iqtisadi, sosial və mədəni inkişafında da aktiv rol oynayır, əmək bazarı, məşğulluq sahəsinə töhfələr verir.

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov səmimi qarşılanmaya və imzalanacaq əməkdaşlıq müqaviləsinə görə SDU-nun rektoru professor Elxan Hüseynova təşəkkür edib. Professor Natiq İbrahimov Lənkəran Dövlət Universitetində son illərdə görülən işlərdən, açılan yeni ixtisaslardan söz açaraq universitetlər arasında elm-təhsil sahəsində həyata keçirilən layihələrin, tələbə-müəllim mübadiləsinin vacibliyini qeyd edib, əlaqələrin daha da intensivləşməsinə ehtiyac olduğunu vurğulayıb.

Əməkdaşlıq müqaviləsini Sumqayıt Dövlət Universiteti adından rektor Elxan Hüseynov, Lənkəran Dövlət Universitetinin adından rektor Natiq İbrahimov imzalayıblar.

Qeyd edək ki, imzalanacaq əməkdaşlıq müqaviləsi ölkənin kadr potensialının formalaşmasına, regionların sosial-iqtisadi və mədəni dirçəlişinə öz töhfəsini verəcəkdir. Müqavilədə əməkdaşlıq zamanı müəllimlərin, doktorantların, dissertantların, magistrantların və tələbələrin akademik mübadiləsi, magistrantların və bakalavriat tələbələrin stajkeçmə və təcrübələrinin təşkili,qarşılıqlı olaraq qazanılmış kreditlərin tanınması,qabaqcıl tədris metodlarının tətbiqi və inkişaf etdirilməsi üzrə təcrübə mübadiləsi, aktual istiqamətlər üzrə birgə elmi tədqiqatların aparılması, simpozium, seminar, elmi-praktik konfrans, dəyirmi masa, telekörpünün keçirilməsi və digər məsələlər öz əksini tapıb.

Lənkəran Dövlət Universiteti ilə Sumqayıt Dövlət Universiteti  arasında əməkdaşlıq müqaviləsi imzalanıb.


Mənbə:
Paylaş: