Geri

27/05/22

LDU-da məzun yarmarkası keçirilib.


27 may 2022-ci il tarixdə Lənkəran Dövlət Universitetinin I saylı tədris korpusunda LDU və Lənkəran-Astara Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə “məzun yarmarkası” keçirilib. COVİD-19 pandemiyası səbəbindən yaranan 2 illik fasilədən sonra keçirilən bu günkü “məzun yarmarkası”na bölgədə fəaliyyət göstərən 50-dən artıq idarə, müəssisə və təşkilatlar tərəfindən ümumilikdə 450-yə yaxın vakant iş yerləri çıxarılıb.
Tədbirin əsas məqsədi tələbə-məzunlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da, işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaq olub.
Məzun yarmarkasında rayon rəsmiləri, LDU-nun bu ilki və ötənilki məzunları, valideynlər, rayon məşğulluq idarəsinin və işəgötürən sifarişçi təşkilatların təmsilçiləri iştirak edib. İştirakçıları LDU-nun rektoru, professor Natiq İbrahimov salamlayıb və qarşılıqlı diskussiya zamanı universitetdə tədrisin maddi texniki bazasının yenilənməsi, keyfiyyətli mütəxəssislərin hazırlanması istiqamətində son illərdə görülən işlərdən,aparılan təhsil islahatlarından danışıb. Məzun yarmarkasının keçirilməsinin vacibliyini qeyd edən professor Natiq İbrahimov belə tədbirlərin hər il LDU-nu bitirən yüzlərlə məzuna iş probleminin həllində dəstək olduğunu, əmək yarmarkalarının gənclərin məşğulluğunun təminində əhəmiyyətli rol oynadığını, işçi ilə işəgötürən arasında operativ körpü olduğunu bildirib. Natiq İbrahimov universitetdə hazırlanan kadrların peşəkarlığının artırılması məqsədi ilə son illərdə tədrisdə praktik məşğələlərə geniş yer ayrıldığını, müasir elmi-təcrübi labaratoriyaların təşkil edildiyini də tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd edək ki, müəssisələrdə işə qəbul prosesi mərhələli olduğu üçün bu günkü “məzun yarmarkası”nda gün ərzində 212 məzunun bilik, bacarıq və vərdişləri işəgötürənlərin parametrlərinə uyğun olduğu üçün ilkin mərhələdən uğurla keçib. Növbəti mərhələdə bu namizədlərin işə qəbul edilməsi proqnozlaşdırılır. Bu iş yerləri üzrə işəgötürənlər tərəfindən 600-dən çox məzunun anket forması qəbul edilib.
Xatırladaq ki, bu il Lənkəran Dövlət Universitetini bakalavr və magistratura səviyyələri üzrə 900-dən çox tələbə bitirir.





LDU-da  məzun yarmarkası keçirilib.


Mənbə:
Paylaş: