Geri

05/11/22

LDU-da Zəfər Günü ilə bağlı möhtəşəm tədbir


Lənkəran Dövlət Universitetində (LDU) universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kolleclə birgə 8 Noyabr –Zəfər Günü və 9 Noyabr-Bayraq Günü ilə bağlı keçirilən tədbir tələbələrin və bütün zalın ifasında dövlət himnimizin canlı ifası ilə başlanıb.
Vətənimizin müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla ehtiramla yad edilib.
Lənkəranda yaşayan şəhid ailələrinin üzvlərinin, qazi və Vətən müharibəsi veteranlarının da qatıldığı tədbiri LDU-nun rektoru, professor Natiq İbrahimov açaraq bütün iştirakçıları hər iki bayram münasibətilə təbrik edib, xoş bayram arzularını çatdırıb. Universitet rəsmisi şəhidlərin ailə üzvlərinə tədbirə qatıldıqlarına, belə qəhrəman oğullar böyütdüklərinə görə universitetin professor-müəllim-tələbə heyəti adından minnətdarlığını bildirib, torpağı vətən edən oğulların xalqın yaddaşında əbədi yaşayacağını deyib. Rektor Zəfər Gününü Azərbaycan xalqının tarixində ən möhtəşəm gün kimi dəyərləndirib.
LDU-nun şəhid məzunları, şəhid baş leytenant Vüsal Kazımovun həyat yoldaşı Aysel Kazımova, şəhid leytenant Emil Qurbanovun həyat yoldaşı Vüsalə Qurbanova, 44 günlük Vətən müharibəsi iştirakçısı, universitetin İqtisadiyyat fakültəsinin I tədris ili tələbəsi Vüsal Nəcəfli çıxışlarında erməni qəsbkarlarına qarşı döyüşlərdə qəhrəmanlıqla şəhid olan, yaralanan doğmaları ilə fəxr etdiklərini, qürur duyduqlarını bildiriblər.
Vətənpərvərlik ruhlu ədəbi-bədii-müsiqili kompozisiyada şəhid övladlarının ifasında şeirlər, mahnılar səslənib. LDU-nun 11 şəhid məzununun xatirəsinə həsr edilən, Vətən müharibəsində qələbəmizin xronikasını əks etdirən videoroliklər nümayiş edilib.
Universitet və kollec tələbələri ilə yanaşı, məktəb şagirdlərinin və bağça uşaqlarının da qatıldığı ədəbi-bədii-musiqili kompozisiya mübariz ruhu ilə yaddaqalan olub. Sonda LDU-nun rektoru, professor Natiq İbrahimov tədbirdə iştirak edən şəhid övladlarının hər birinə universitet adından xatirə hədiyyələri təqdim edib.
Qeyd edək ki, 8 Noyabr Zəfər Günü ilə əlaqədar universutet rəhbərliyi tərəfindən Lənkəran Dövlət Universitetində çalışan, oxuyan şəhid ailələrinin üzvlərinə, I və II Qarabağ müharibəsi veteranlarına, qazilərə pul mükafatları verilib.
Xatıqladaq ki, bayram münasibətilə universitetdə qəhrəmanlqı, vətənpərvərlik ruhunda rəsm və kitab sərgiləri təşkil edilib, ilk dərslər Zəfər Gününə həsr edilib.

LDU-da Zəfər Günü ilə bağlı möhtəşəm tədbir


Mənbə:
Paylaş: