Geri

22/11/22

“Mən bir Turan yolçusuyam”...


Lənkəran Dövlət Universitetində (LDU) Əhməd Cavadın 130 illiyi ilə bağlı “Mən bir Turan yolçusuyam” mövzusunda Elmi seminar keçirilib. Seminarı universitetin "Filologiya və ibtidai təhsil" fakültəsinin dekanı, dos.Elman Mirzəyev açaraq iştirakçıları Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2022-ci il tarixli Sərəncamı ilə tanış edib. Bildirib ki, Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir. Əhməd Cavad daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olub, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilib. Elman Mirzəyev ölkə başçısı Cənab İlham Əliyevin sözügedən sərəncamını və bu günkü tədbiri istiqlal şairinin xatirəsinə yüksək ehtiram kimi dəyərləndirərək böyük söz ustadının Azərbaycan ədəbiyyatı tarixində daima yaşayacağını, əsərlərinin sevilə-sevilə oxunacağını bildirib.
Giriş nitqindən sonra sözləri Əhməd Cavada, musiqisi dahi Üzeyir Hacıbəyova məxsus olan Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Filologiya elmləri doktoru, professor Yədulla Ağazadə Elmi seminarda “Əhməd Cavad istiqlal şairi kimi” mövzusunda geniş məruzə edib. Məruzədə Əhməd Cavadın keşməkeşli həyat və zəngin yaradıcılıq yolu ətraflı şəkildə təhlil edilib, şairin bədii irsinin zamanında və hazırkı dövrdə Azərbaycan ədəbiyyatında oynadığı böyük roldan danışılıb. Bildirilib ki, Əhməd Cavad Azərbaycan ədəbiyyatı tarixinə azərbaycançılıq, turançılıq ideyasının, məfkurəsinin ən fəal təşəbbüskarlarından biri, azadlıq və istiqlal şairi kimi daxil olmuşdur. Professor Yədulla Ağazadə şairin bədii irsini bütün zamanlar üçün dəyərli və aktual adlandırıb, fikrini şairin əsərlərindən gətirdiyi bədii nümunələrlə əsaslandırıb.
Məruzə ətrafında “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müdiri, dosent Qədim Rufullayev “Əhməd Cavad yaradıcılığında milli ruh və milli məfkurə” mövzusunda çıxış edib. Çıxışda şair Əhməd Cavadın yaradıcılığı müxtəlif rakurslardan ətraflı təhlil edilib, müasir dövrdə oynadığı bədii dəyərindən söz açılıb.
Elmi seminar tələbələrin ifasında Əhməd Cavadın şeirlərindən ibarət ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.

“Mən bir Turan yolçusuyam”...


Mənbə:
Paylaş: