Geri

06/01/23

LDU-da payız semestrinin imtahan sessiyasına start verilib.


06.01.2023-cü il tarixindən Lənkəran Dövlət Universitetində (LDU) 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına start verilib. İmtahanlar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən əyani formada keçirilir.
LDU-nun rektoru, professor Natiq İbrahimov imtahanların gedişini izləmək məqsədilə bu gün universitetin tədris korpuslarına baş çəkərək vəziyyətlə əyani tanış olub, tələbələrlə söhbətləşib. Rektor professor-müəllim heyəti ilə görüşü zamanı onları tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və imtahanlarda şəffaflığın təmin edilməsi üçün bütün imkanlardan maksimum səmərəli istifadə etməyə çağırıb. İmtahanlarda tələbələrə və professor-müəllim heyətinə uğurlar arzulayan rektor Natiq İbrahimov imtahan sessiyasının davam etdiyi müddət ərzində prosesə gündəlik nəzarət edəcəyini, neqativ halların qarşısının alınacağını bildirib.
Qeyd edək ki, LDU-da bütün fakültələr üzrə imtahanlar əvvəlcədən təyin olunmuş günlər üzrə saat 09:00-da başlanacaq və 11.30-da sona çatdırılacaq. İmtahan nəticələrinin universitetin rəsmi saytında(www.lsu.edu.az) operativ yerləşdirilməsi təmin ediləcəkdir.
Sessiya dövründə tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq və digər tədbirləri həyata keçirmək məqsədi ilə rektor Natiq İbrahimovun sədrlik etdiyi Operativ Qərargah yaradılıb(025-5-27-86; 025-5-24-17).
Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların və şikayətlərin operativ olaraq araşdırılması və müvafiq qərar qəbul edilməsi məqsədi ilə yaradılmış Apellyasiya komissiyaları bu gündən fəaliyyətdədir və bütün tədris korpuslarında onlar üçün müvafiq otaqlar ayrılıb.
Tələbələrin imtahanlara hazırlığının səmərəli təşkili üçün universitetin Elmi kitabxanası da gücləndirilmiş iş rejiminə keçirilib. Kitabxana hər gün 08.30-dan 17.30-dək fəaliyyət göstərəcək. Xatırladaq ki, yeni rekonstruksiya olunmuş Elmi kitabxanada müasir oxu zalları və elektron kitabxana tələbələrin ixtiyarına verilib.
Qeyd edək ki, 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası əyani təhsilalma forması üzrə bakalavriat və magistratura səviyyələrinin tədris qrupları üçün bu gündən 01.02.2023-cü il tarixinədək, qiyabi təhsilalma forması üzrə bakalavriat səviyyələrinin tədris ili qrupları üçün 06.01.2023-cü 12.01.2023-cü il tarixinədək əyani formada keçiriləcəkdir.


LDU-da payız semestrinin imtahan sessiyasına start verilib.


Mənbə:
Paylaş: