Geri

17/03/23

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun Novruz bayramı münasibəti ilə universitet kollektivinə Təbriki.


Əziz tələbələr, hörmətli professor-müəllim heyəti, dəyərli LDU ailəsi!
Hamınızı elimizin ən əziz, gözəl bayramı- gəlişi ilə təbiətə hərarət, təravət, könüllərə sevinc, şuxluq gətirən Novruz-Bahar bayramı münasibəti ilə ürəkdən təbrik edir, şəxsi həyatınızda, elmi fəaliyyətinizdə uğurlar arzulayıram.
Ta qədimlərdən xalqımız Novruzu milli bayramlarımızın ən gözəli hesab edib, gəlişinə bir ay əvvəlcədən hazırlaşıb, bayram tədarükü görüb, evlərdə, ocaqlarda hər şey yenilənib, bayram ab-havası hər yerdə hiss olunub. Bayram günü bütün süfrələri Novruz bişmişləri, çərəzləri, insanların çöhrələrini isə bahar ovqatının bəxş etdiyi təbəssüm bəzəyir.
Novruz yeni gün, yeni arzular, yeni ovqat deməkdir. Baharın gəlişilə təkcə təbiət oyanmır, ruhumuz da cavanlaşır, qurub-yaratmaq həvəsimizi artır, arzularımız təzələnir, qönçələnir. Xoş arzularınız çin olsun, ovqatınız daima bayrama köklənsin! Elliklə yurdumuzun tərəqqisi, elm və təhsilimizin inkişafı naminə çalışaq, bu müqəddəs amallar uğrunda əzmlə mübarizə aparaq, Azərbaycan adını yüksəklərə qaldıraq! Lənkəran Dövlət Universitetinin artan nüfuzunun, təhsil və elm sahəsində qazandığımız uğurların davamlı olmasını təmin edək. Qoy universitetimizin adı bundan sonra da fəxrlə çəkilsin, beynəlxalq əlaqələrimiz daha da genişlənsin, elmi nailiyyətlərimiz dünya miqyasında tanınsın!
Torpaqlarımızın azadlığı, vətənimizin müstəqilliyi uğrunda qurban gedən şəhidlərimizin xatirəsini bayram öncəsi bir daha ehtiramla yad edir, ruhları şad olsun!-deyirəm. Şəhid ailələrinin üzvlərini, qazilərimizi, Azərbaycançılıq məfkurəsi ətrafında, milli həmrəylik duyğusu ilə sıx birləşən bütün soydaşlarımızı, bütün LDU ailəsini Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, gözəl bayram əhval-ruhiyyəsi, ovqatı, sevincləri arzulayıram.
Novruz bayramınız mübarək!
Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun Novruz bayramı münasibəti ilə universitet kollektivinə Təbriki.


Mənbə:
Paylaş: