Geri

29/11/23

“Vüsal hicrandan acıymış” sənədli filminin təqdimatı olub


Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində Lənkəran Dövlət Universitetinin şəhid məzunu, baş leytenant Vüsal Kazımovun xatirəsinə həsr edilmiş “Vüsal hicrandan acıymış” sənədli filminin təqdimatı keçirilib. Təqdimat mərasimində LDU-nun rektoru, prof. Natiq İbrahimov başda olmaqla universitetin professor-müəllim-tələbə heyəti, rayon rəsmiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, ictimaiyyətin bütün təbəqələrinin təmsilçiləri iştirak edib. Mərasimə toplaşanlar ilk əvvəl mərkəzin foyesində şəhid baş leytenantın döyüş fəaliyyətini əks etdirən rəsm əsərlərinə, kitab və jurnallara baxış keçirib, ömür yolu ilə tanış olublar.
Təqdimat mərasimi vətənimizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda qurban gedən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Azərbaycan xaqlqını Zəfərə aparan yolun Vüsal Kazımov kimi igidlərin şəhadətindən keçdiyini, illər, qərinələr keçsə də onların müqəddəs xatirələrinin qədirbilən Azərbaycan xalqı tərəfindən heç zaman unudulmayacağını, zaman-zaman ehtiramla anılacağını deyib. Ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımızın tam Zəfərə nail olduğunu, 30 ilə qədər düşmən tapdağında qalan torpaqlarımızın nəhayət ki, bu il işğaldan azad olunduğunu, Xankəndində 3 rəngli Azərbaycan bayrağının dalğalandığını şəhidlərin intiqamı kimi dəyərləndirib. Bildirib ki, nə qədər ki, müstəqil Azərbaycan var, şəhid ailələri də daim dövlətin diqqətində olacaqlar, onlara olan ehtiram və məhəbbət heç vaxt əskilməyəcək.
Tədbirdə Lənkəran Dövlət Universiteti rektorunun müşaviri, prof. Mikayıl Məhərrəmov, şəhid Vüsal Kazımovun həyat yoldaşı Aysel Kazımova, filmin yaradıcısı Çinarə Ömray çıxış edərək şəhidlə bağlı xatirələrdən söz açıblar.
Çıxışlardan sonra “Vüsal hicrandan acıymış” sənədli filminin təqdimatı olub. Filmdə şəhid baş leytenat Vüsal Kazımovla bağlı doğmalarının, dostlarının, tələbə yoldaşlarının, cəhbədəki silahdaşlarının xatirələri yer alıb.
Sonda şəhidin atası, LDU-nun sosial məsələlər üzrə prorektoru, prof. Kamran Kazımov çıxış edərək ölkə başçısı cənab İlham Əliyevin və vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi qayğı və diqqətdən danışıb, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova daim şəhid ailələrinin yanında olduğuna görə bütün şəhid valideynləri adından minnətdarlıq edib. Prof. Kamran Kazımov tədbirin təşkilatçılarına, iştirakçılarına, Çinarə Ömray başda olmaqla sənədli filmi ərsəyə gətirən yaradıcı qrupa ailəsi adından təşəkkürünü bildirib.

“Vüsal hicrandan acıymış” sənədli  filminin təqdimatı olub


Mənbə:
Paylaş: