Geri

15/02/24

Yolumuz açıq olsun!


Rektor Natiq İbrahimov yazır:
“Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək. Bu yolda hamımıza uğurlar, yolumuz açıq olsun!”. Prezident İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqini bu sözlərlə tamamlaması qalib ölkənin qalib liderinin öz xalqına xeyir-duası kimi başa düşülməlidir.
7 Fevral- Növbədənkənar Prezident seçkiləri Azərbaycan dövlətçiliyinin tarixində taleyüklü məsələrdən biri idi və böyük sevinc hissi ilə qeyd etmək istəyirəm ki, xalqımız bu şərəfli vəzifənin öhdəsindən uğurla, layiqincə gələ bildi. Səsvermə günü seçki məntəqələrində yaşanan qələbəlik, böyük coşqu, seçicilərin bir nəfər kimi səsvermə hüquqlarından istifadə edərək layiqli namizədlərinə səs vermələri xalq müdrükliyinin, İlham Əliyevə sonsuz inamının məntiqi nəticəsi idi. Bəs bu inamın sirri nədədir? Prezident İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimindəki çıxışında dedikləri bu sualın məntiqi cavabıdır: “2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi”.
Son 20 ilin tarixi, bu dövrdə qarşıya çıxan çətinliklər, yaradılan maneələr və bütün bunlara baxmayaraq qazanılan qələbələr sübut etdi ki, düzgün seçim xalqı inkişafa, qələbəyə aparan əsas istiqamətdir, yoldur. Bu tarixin ən şanlı səhifəsi, ölkə başçımızın da dediyi kimi, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsidir: “Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, qururuq, ərazi bütövlüyümüzü bərpa edən, öz ləyaqətini bərpa edən xalq kimi qururuq, yaradırıq, şəhər və kəndlərimizi yenidən qururuq”.
Bu yenidənqurma prosesinin davamlı və səmərəli olması isə sözsüz ki, xalqı öz ardınca apara bilən liderin sayəsində mümkündür. Etiraf edək ki, siyasi-iqtisadi maraqların kəskin toqquşduğu, supergüclərin dünyanı bir əllə idarə etmək məqsədlərini reallaşdırmaq istədikləri hazırkı dünyamızda bunu etmək çox çətindir. Ölkənin müstəqil inkişafını təmin etmək, digər dövlətlərdən asılılığını minimuma endirmək ölkə başçısından yüksək idarəçilk bacarığı ilə yanaşı böyük diplomatik qabiliyyət, siyasi iradə tələb edir. Azərbaycan dövlətinin son 20 illik tarixinin analizi göstərdi ki, İlham Əliyev şəxsiyyətində əsl liderə xas olan bütün xüsusiyyətlər cəmləşib və o, Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı kimi onun kursunu layiqincə davam etdirir. Azərbaycan dövlətçiliyi tarixinə qızıl hərflərlə yazılan Zəfər salnaməsi dediklərimizin bariz sübutudur və prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində bu amilə xüsusi diqqət çəkir: “Xalq bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində bütün tarixi və strateji vəzifələr təmin edildi. Bu 44 gün ərzində bir dəfə də olsun Ordumuz geriyə addım atmamışdır, ancaq irəli gedirdik. Şuşanın azad edilməsi tarixi hadisə olaraq, eyni zamanda, İkinci Qarabağ müharibəsinə son qoydu”.
Xüsusi vurğulamaq istəyirəm ki, bu dəfəki prezident seçkisi tarixi hadisədir və bu tarixi hadisə bizim çoxəsrlik tariximizdə xüsusi yerə malikdir. Bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirildi və İlham Əliyev Xankəndidə səs verdi: “Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar. Məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlamışdır. Məhz Xankəndidə səs verdiyim binada xalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarə olunurdu. Məhz səs verdiyim binanın önündə yerləşən meydanda erməni millətçiləri və ondan sonra Ermənistan dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdü. Məhz o binada Qarabağı Azərbaycandan ayırmaq üçün hələ sovet dövründə xüsusi komitə yerləşdirilmişdi və o komitənin əsas məqsədi Qarabağı Azərbaycandan ayırmaq idi, bunu hər kəs bilir. Ona görə məhz orada otuz il bizim tarixi yerimizi, Pənahəli xan tərəfindən salınan o məkanı qanunsuz zəbt edən şeytanlar məhz orada da öz süqutunu özləri təsdiq etmişlər, təbii ki, məcburən. Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”.
Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində gənc nəslin düzgün tərbiyə edilməsini gələcək inkişafımızın vacib prioreti hesab edərək bildirib ki: “Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın”. Dövlətimizin başçısı çıxışında ailənin, cəmiyyətin, məktəbin bu məqsəd, amal uğrunda bir araya gələrək sağlam, vətənpərvər, milli soy-kökünə, yaddaşına söykənən nəsil yetişdirməsini yüksək dəyərləndirir və bu xəttin ardıcıl inkişafını vacib sayır: “Milli-mənəvi dəyərlər bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir”.
Dövlətimizin başçısı qeyd edib ki, burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi vəzifəsi dövlətin və hər bir ailənin qarşısında durur. "Bu seçkilərdə göstərilən həmrəylik cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir və belə olan halda, heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz"- Prezidentin vurğuladığı bu sözlər hər bir Azərbaycan vətəndaşına verilən böyük dəyər, xalqa güvənc hissinin sözlə ifadəsidir.
Prezident andiçmə mərasimindəki nitqində bildirib ki, biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması ilə bağlı addımlar atacağıq, xalqın həmrəyliyi əsas uğurumuzdur: “İkinci Qarabağ müharibəsindəki parlaq Qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır. ...Bu Qələbədə, bu tarixi Zəfərdə ölkəmizdə yaşayan hər bir xalqın öz dəyərli töhfəsi var”. Ölkə başçısının andiçmə mərasimindəki çıxışında bu amili xüsusi vurğulaması gələcək prioretitlərimizin müəyyənləşdirilməsinə işıq salır: “ Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur. Burada, əlbəttə ki, dövlət siyasəti də aparılır və aparılacaq”.
Bəli, xalqın böyük iradəsi, yekdilliyi, uzaqgörənliyi sayəsində dövlətimizin bünövrəsini möhkəm dayaqlar üzərində quran, Azərbaycanı yoxdan yaradan Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyev yenidən Prezident seçildi, Azərbaycan xalqı yeni-yeni uğurlar qazanmaq, işıqlı gələcəyini, sabit inkişafını təmin etmək üçün hakimiyyəti yekdilliklə yenidən Zəfər liderinə etibar etdi.
“Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək. Bu yolda hamımıza uğurlar, yolumuz açıq olsun!”. Ölkə başçısının dediklərinə bir əlavəmiz var- Xalqımız üçün xeyirli və uğurlu olsun.
Natiq İbrahimov
Lənkəran Dövlət Universitetinin rektoru, professor.
Yolumuz açıq olsun!


Mənbə:
Paylaş: