Kitabxana universitetin strukturunda mühüm bölmə olaraq təhsil və informasiya funksiyalarını yerinə yetirən bölmə kimi tədris prosesini, müəllim və tələbələri kitabxananın fondunda olan ədəbiyyat və başqa materiallarla təmin etməklə universitetin kadr hazırlığında yaxından iştirak edir. Kitabxanada oxuculara kitab və digər sənədlərlə xidmət işi Abonement və Oxu zallarında həyata keçirilir. Burada universitetin professor və müəllim, inzibati idarə heyətinə, tələbə, magistr və doktorantlara elmi işlə məşğul olan digər əməkdaşlara xidmət edilir. Bundan başqa universitetin 1 və 2 saylı tədris korpuslarında da ixtisaslaşmış oxu zalları fəaliyyət göstərir.
Lənkəran Dövlət Universitetinin Elmi kitabxanası 1992-ci ildən, universitet yarandığı tarixdən təşkil olunmağa başladı. Burada kitabxananın yaranması işi, fəaliyyəti, oxuculara xidmət eyni zamanda həyata kecirilirdi. Artıq 1993 – cü ilin yanvar ayında dərslər başlanarkən kitabxana fondunda xeyli kitab toplanmışdı. Fondun təşkil olunmasında universitetin profilinə uyğun olaraq alınan kitablarla yanaşı Bakı Dövlət Universiteti kitabxanasının, Lənkəranda yerləşən kitabxanaların da müəyyən xidmətləri olmuşdur. Bir vaxt 1680 nüsxə kitab, bir oxu zalı, abonement və bir əlavə otaqla fəaliyyətə başlayan Lənkəran Dövlət Universitetinin kitabxanasında indi artıq, oxu zalları, geniş fondlar, kompyüter otağı və elektron kitabxana fəaliyyət göstərir.