Geri

22/07/24

LDU-ən düzgün seçim!


Lənkəran Dövlət Universiteti(LDU) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 403 saylı qərarı ilə yaradılıb və geridə qalan 32 ildə LDU böyük inkişaf yolu keçib. Yarandığı ilk illərdə fəaliyyətini ümumtəhsil məktəblərdə, məhdud imkanlar şəraitində davam etdirən universitetin indi müasir tələblərə cavab verən, zərüri avadanlıq və laboratoriyalarla təchiz olunmuş 3 tədris binası, inzibati bina, Elmi kitabxana kompleksi, oğlanlar və qızlar üçün hər cür şəraiti olan modern yataqxana binaları, tədris-təcrübə bazaları, proffessor-müəllim heyəti üçün xidməti mənzillər və s. vardır.

Ümummilli lider Heydər Əliyevin “Lənkəran Dövlət Universiteti təhsil və elm ocağı olmaqla, həm də bölgənin böyük mədəniyyət mərkəzidir” kəlamı və cənab Prezident İlham Əliyevin təhsilin, elmin inkişafına diqqət və qayğısından bəhrələnən universitet bugünki səviyyəyə gəlib çatmışdır. Hazırda universitetdə 6 fakültə, eləcə də 14 kafedra fəaliyyət göstərir. Universitetdə bakalavriat və magistratura səviyyələri üzrə bütün ixtisasların tədris planları işəgötürənlərin tələbləri nəzərə alınmaqla hazırlanıb. Universitetdə tədrisin keyfiyyətini yüksəltmək və kredit sisteminin tələblərinə uyğun təşkil etmək məqsədi ilə yaradılan tyutorluq xidməti tələbələrə özünün təhsil trayektoriyalarını müəyyən etmək imkanı verib. Universitetdə tədrisin keyfiyyətinin artırılması, təcrübələrin müasir tələblərə uyğun şəkildə təşkili, məzunların gələcək karyeralarının təşkili və idarəetmə strukturunda operativliyi təmin etmək məqsədilə yeni tədris strukturu yaradılıb, tələbələrin təhsilə olan maraqlarını artırmaq məqsədilə “Universitet təqaüdü” təyin edilib.

Universitetdə kadr hazırlığının keyfiyyətini yüksəltmək, müəllim hazırlığının səviyyəsini artırmaq məqsədilə müasir tələblərə cavab verən yeni fənn kabinetləri (4-informatika kabineti, 1-coğrafiya və 1-tarix kabinetləri, 1-linqafon kabineti), müasir laboratoriyalar (Kimya və Biologiya tədris laboratoriyaları, Fizika tədris laboratoriyası, Baytarlıq laboratoriyası, Baytarlıq cərrahiyəsi laboratoriyası, Qida məhsulları texnologiyası laboratoriyası, Qida təhlükəsizliyi və ekologiyası laboratoriyası) tələbələrin istifadəsindədir. Professor-müəllim heyətinin mobilliyini təmin etmək məqsədilə respublikada ilk dəfə olaraq 18 ədəd xidməti mənzil (7 mənzil- 1 otaqlı, 8 mənzil- 2 otaqlı, 3 mənzil- 3 otaqlı) zərüri avadanlıqlarla birlikdə digər yerlərdən dəvət olunan şəxslərin istifadəsinə verilib.

Universitetdə aqrar ixtisaslar üçün 2,5 hektarlıq tədris-təcrübə sahəsində çoxlu sayda sitrus bitkiləri (çay, kivi, limon, narıngi, feyxoa, müxtəlif tərəvəz və bostan bitkiləri) əkilib, bitki mühafizəsi, aqronomluq ixtisasları üçün 2 yeni istixana tikilərək təcrübə üçün tələbələrin istifadəsinə verilib. Turizm işinin təşkili, Qida mühəndisliyi ixtisaslarının tələbələrinin təcrübə keçmələri üçün universitetin balansında olan təmirsiz bina rekonstruksiya olunaraq 35 yerlik turizm təcrübə bazasına (Seaside otel) çevrilib.

2016-ci ildən başlayaraq LDU-ya qəbul olunan tələbələrin sayında böyük artım müşahidə olunur. Lənkəran Dövlət Universitetində 2023-2024-cü tədris ilində bakalavriat və magistratura səviyyəsində 5565 bakalavr, 404 magistr olmaqla ümumilikdə 5969 tələbə təhsil alıb. Bu il 994 bakalavr, 149 magistr olmaqla 1143 tələbə məzun olub. Son 8 ildə tələbələrin sayında 3 dəfəyə yaxın artım olub.

Universitetdə hər il Açıq qapı günü və məzun yarmarkası keçirilir. Açıq qapı günlərində rayon ictimaiyyəti nümayəndələri, orta məktəb şagirdləri və onların valideynləri tədris prosesi ilə yaxından tanış edilirlər. Məzun yarmarkası tədbirlərinə isə regionda yerləşən özəl və dövlət müəsisələri dəvət olunurlar. Sonuncu Məzun yarmarkasında universitetin 200-dən artıq məzunu işlə təmin olunub.

Universitetin maddi texniki bazanın gücləndirilməsi istiqamətində son illər xeyli işlər görülüb. Belə ki,

· 2016-cı ildə 5 mərtəbəli bina əsaslı təmir olunaraq tədrisə yararlı vəziyyətə gətirilib.

· 2018-ci ildə universitetin 2 saylı tədris binasının ərazisində 100 nəfərlik tələbə yeməkxanası tikilib istifadəyə verilib.

· 2019-cu ildə universitetin 1 saylı tədris binasına bitişik 4 mərtəbəli yeni tədris binası tikilib, eyni zamanda yeni 3 saylı tədris binası və müasir tipli 160 nəfərlik yataqxana binası tikilərək istifadəyə verilib. Binanın həyətyanı sahəsində suni ot örtüklü idman meydançası tələbələrin asudə vaxtlarının təşkili məqsədi ilə yaradılıb.

· 2021-ci ildə universitetin Elmi kitabxana kompleksi əsaslı təmir olunub. Burada müasir tələblərə cavab verən 100 nəfərlik oxu zalı, 300 nəfərlik konfrans zalı, Elektron kitabxanaya giriş üçün rahat şərait yaradılmışdır. Eyni zamanda kitabxana fondunun zənginləşdirilməsi istiqamətində işlər davam etdirilir.

· Universitetin 2 saylı tədris binasının həyətində 5 mərtəbəli yeni tədris binası tikilərək istifadəyə verilib. Qeyd edək ki, yeni tikilən və əsaslı təmir olunan bütün binalar yeni zərüri avadanlıq və mebellə təchiz olunub.

Elmi-tədqiqat fəaliyyəti üzrə universitet son illərdə ürəkaçan nailiyyətlər əldə edib:

Universitetin “Elmi xəbərlər” jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə uyğun olaraq yenidən tərtib edilmiş və hər il 2 seriya üzrə (“Humanitar elmlər” və “Riyaziyyat və təbiət elmləri”) məqalələr dərc olunur. “Humanitar elmlər” (2021) və “Riyaziyyat və təbiət elmləri” (2022) seriyaları РИНЦ bazasına, “Humanitar elmlər” seriyası eyni zamanda İndexCopernicus bazasına daxil edilmişdir. Lənkəran DövlətUniversitetinin təsis etdiyi Technical and Agrarian Sciences (Texnika və Aqrarelmləri) Beynəlxalq Elmi-Praktiki jurnalı BMT-nin Beynəlxalq Kənd Təsərrüfatıvə Ərzaq Təşkilatının (FAO) AGRIS beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə (bazasına) daxil edilmiş və ona AGRIS – AZ7 identifikasiya kodu verilmişdir. Dünyanın ən nüfuzlu ali məktəblərin reytinqlərini müəyyən edən "QS World University Rankings" bazası tələbələrimizin sayı 5000-dən artıq olduğu üçün universitetimizi qeydiyyata götürüb. Artıq bu ildən başlayaraq həmin reytinq bazasında biz də təmsil olunuruq.

Lənkəran Dövlət Universiteti Beynəlxalq əməkdaşlığın qurulması sahəsində son illər bir sıra uğurlara imza atıb. Türkiyə Respublikasının nüfuzlu universitetləri, həmçinin Avropa ölkələrinin, o cümlədən Polşa, Macarıstan, Çexiya, Ukrayna və s. ölkələrin universitetləri ilə qarşılıqlı, həmçinin Mevlana Mübadilə Proqramı, Erasmus+ proqramı çərçivəsində İkili diplom, mübadilə və iki tərəfli əməkdaşlıq müqavilələri imzalamışdır. LDU ölkə daxilində fəaliyyət göstərən elm və ali təhsil müəssisələri ilə fəal şəkildə əməkdaşlıq edir. Qeyd edək ki, LDU Türkiyə Respublikasının Ankara və Kafqas Universitetləri ilə ikili diplom layihəsini həyata keçirmək istiqamətində birgə fəaliyyətini davam etdirir.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)ilə birlikdə kadr hazırlanması və İkili Diplom Proqramı üzrə, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və incəsənət Universiteti, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti birlikdə kadr hazırlığı üzrə əməkdaşlıq aparılır. Universitetdə elmi tədqiqatların düzgün qurulması, elmi kadrların hazırlanması məqsədilə Elm və Təhsil Nazirliyinin, AMEA-nın İnstitutları ilə əməkdaşlıq edilir və müxtəlif elmi tədbirlər həyata keçirilir.

Mövlanə mübadilə proqramı çərçivəsində son illər ərzində Universitetin xeyli müəllim və tələbəsi, Turkiyə Universitetlərində mübadilə proqramı çərçivəsində iştirak ediblər. Universitetdə İKT sahəsinin modernləşdirilməsi iştiqamətində müəyyən işlər görülmüşdür. Belə ki, Universitetin İKT mərkəzi tərəfindən tələbələrin, professor-müəllim heyətinin, tədris olunan fənnlərin elektron bazası yaradılmışdır. Bu bazalar əsasında elektron jurnal və elektron dərs cədvəli hazırlanmışdır. Hər tələbənin tədris fəaliyyəti və akademik göstəriciləri onların şəxsi kabinetlərində öz əksini tapır.

Və beləliklə, əziz dost, ali təhsil üçün Lənkəran Dövlət Universitetini seçmək sənə hansı imkan və imtiyazlar, fərqliliklər qazandıracaq? Bir daha xatırladaq:

1. Tələbələrə fənn və müəllim seçimi imkanı verilir;

2. İmtahan sessiyası müddətində imtahanların vaxtını, gününü sərbəst seçim imkanı;

3. Modern laboratoriyalar, fənn kabinələri, yardımçı təsərrüfat sahəsi, praktik məşğələlər üçün turizm tədris bazasının olması;

4. Baytarlıq və zoomühəndislik ixtisaslarında ikili diplom almaq şansı;

5. Xarici universitetlərdə 1 il və ya bir semestr oxumaq imkanı;

6. Asudə vaxtın maraqlı təşkili. Teatra, mədəniyyət və istirahət guşələrinə kollektiv gedişlər;

7. Oğlanlar və qızlar üçün 2-3 nəfərlik otaqların hər birində ayrıca sanitar qovşaqlarının olduğu, fasiləsiz elektrik enerjisi, isti və soyuq su, internet, qaz sobası, soyuducu, televizoz-bir sözlə, bütün kommunal xidmətlərin təşkil edildiyi modern yataqxana binaları.

Əmin olun-LDU-da ali təhsil almaq, keyfiyyətli mütəxəssis kimi yetişmək üçün hər cür imkanlar var və bundan yararlanmaq üçün sizə hər cür şərait yaradılacaq.

Qapımız açıqdır-Buyurun!

LDU-ən düzgün seçim!


Mənbə:
Paylaş: