Geri

21/11/19

İndoneziya səfiri tələbələrlə birgə “Azərbaycan” mahnısını ifa edib.


İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bəy Fanani 22-24 noyabr 2019-cu il tarixində Lənkəranda keçiriləcək İndoneziyanın Mədəniyyəti Proqramı çərçivəsində diplomatik qurumun bir qrup əməkdaşı ilə birlikdə Lənkəran Dövlət Universitetində (LDU) olub.
Hörmətli qonaqları LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qarşılayıb.Universitet rəsmisi Azərbaycan və İndoneziya dövlətləri arasında əlaqələrin iqtisadi-ticarət, turizm və təhsil sahələrində inkişafından söz açıb. O, universitetin yaranma tarixi, fəaliyyət istiqamətləri haqqında ətraflı danışıb, dünyanın bir çox aparıcı ali təhsil müəssisələri, həmçinin beynəlxalq şirkət və qurumlarla əməkdaşlıq etdiklərini diqqətə çatdırıb.Natiq İbrahimov son iki ildə universitetdə müəllimlər üçün xidməti mənzillərin tikildiyini, turizm tədris bazasının, yardımçı təsərrüfatın yaradıldığını,yeni tədris korpuslarının və tələbə yataqxanasının inşa edildiyini cənab səfirin diqqətinə çatdırıb.N.İbrahimov bu görüşün LDU ilə İndoneziyanın ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektiv inkşafına, hər iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsinə yol açacağına ümid etdiyini bildirib.
Çay süfrəsi arxasında keçən səmimi və işgüzar söhbət zamanı İndoneziyanın səfiri Hüsnan bəy Fanani təmsil etdiyi ölkə,onun təhsil şəbəkəsi haqqında ümumi məlumat verib, xalqlarımızın eyni dinə və oxşar mədəni dəyərlərə malik olduğunu vurğulayıb. Görüşdə o cümlədən gələcək əməkdaşlıq, tələbə-müəllim mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Natiq İbrahimov və səfir Hüsnan bəy Fanani qarşılıqlı xatirə hədiyyələri təqdim ediblər.
Daha sonra indoneziyalı diplomat LDU-nun Böyük akt zalında professor-müəllim heyəti və tələbələrlə görüşüb, onlara mühazirə oxuyub. O, İndoneziyanın adət-ənənələri, milli mətbəxi, paytaxtı haqqında ətraflı məlumat verərək, ölkələrimiz arasındakı qarşılıqlı münasibətlərin tarixindən və inkişafından söhbət açıb. Hüsnan bəy Fanani bildirib ki, Azərbaycan ilə İndoneziya arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Bu gün ölkələrimiz müxtəlif layihələrdə birgə iştirak etməklə dünyada sülh, dözümlülük və demokratiya kimi dəyərləri fəal şəkildə təşviq edirlər. Səfir bildirib ki, Azərbaycan Odlar yurdu, İndoneziya isə Odlar halqası ölkəsidir:” İndoneziya vulkanlarla əhatə olunub. Bu bənzərlik xalqlarımızı bir-birinə bağlayır”.
Ölkələrimiz arasında təhsil sahəsində də yaxşı əməkdaşlığın olduğunu vurğulayan səfir deyib ki, İndoneziya hər il azərbaycanlı tələbələr üçün müxtəlif təqaüdlər təklif edir. Səfir Azərbaycan ədəbiyyatının klassiklərindən söz açıb,Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və Nəiminin ölkəsində tanındığını deyib.
Görüşün ən maraqlı anları səfir özünün musiqi bacarığını nümayiş etdirərkən yaşanıb. Sintezatorda ölkəsinin milli musiqilərini ifa edən səfir, daha sonra “Azərbaycan” , “Sarı gəlin” mahnılarını oxuyarkən bütün zal ona qoşularaq ayaqüstə bu mahnıları birgə səsləndirib və zalı Azərbaycan sədaları bürüyüb.
Görüşün sonunda İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani səmimi qəbula görə universitet kollektivinə minnətdarlığını bildirib.
Sonda Hüsnan bəy Fanani professor-müəllim heyəti və tələbələrlə xatirə şəkilləri çəkdirib.
Esmira İsmayılova
LDU-nun mətbuat xidmətinin rəhbəri.

İndoneziya səfiri tələbələrlə birgə “Azərbaycan” mahnısını ifa edib.


Mənbə:
Paylaş: