Geri

10/12/19

LDU-da Əhməd Ağaoğlunun 150 illik yubileyi qeyd edilib.


Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun (Əhməd bəy Mirzə Həsən oğlu Ağayevin) anadan olmasının 150 illiyi qeyd edilib.
“Azərbaycan dili,ədəbiyyatı və onun tədrisi metodikası” kafedrasının təşkilatçılığı ilə keçirilən seminarda tələbə və müəllimlər iştirak edib.Kafedranın dosenti Mirhüseyn Abbas “Əhməd Ağaoğlunun ictimai mühiti və yaradıcılığı” barədə geniş məruzə edib.Məruzəçi bildirib ki, Əhməd bəy Ağaoğlu ötən əsrin əvvəllərindən etibarən Azərbaycanda və onun hüdudlarından kənarda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə fəal iştirak etmiş və milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınıb. Ümumxalq mənafeyinin qorunması naminə çoxşaxəli, gərgin və məhsuldar fəaliyyəti ərzində o, parlaq bədii-publisistik və dolğun elmi-nəzəri irs yaratmış, Azərbaycanın ədəbi-mədəni və sosial-fəlsəfi fikir xəzinəsinin yeni ideya və konsepsiyalarla daha da zənginləşməsində diqqətəlayiq xidmətlər göstərmişdir.
Məruzə ətrafında filologiya üzrə fəlsəfə doktorları- dosent Qədim Rufullayev “Əhməd Ağaoğlunun ədəbi-bədii publisistikası”, baş müəllim Mehman Əliyev “Əhməd Ağaoğlunun ədəbi-bədii və estetik görüşləri” mövzularında çıxış ediblər.Çıxışlarda vurğulanıb ki, Əhməd bəy Ağaoğlunun ictimai problemləri mənəvi-əxlaqi aspektdə işıqlandıran, cəmiyyəti tərəqqiyə doğru yönəlməyə və qabaqcıl dünya mədəniyyətindən bəhrələnməklə yeniləşməyə çağıran geniş mövzu dairəsinə malik dərin məzmunlu əsərləri Azərbaycan maarifçiliyinə mühüm töhfədir.Çıxışçılar görkəmli ədibin zəngin ədəbi irsinin bütün dövrlər üçün mütərəqqi mahiyyət daşıdığını, böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək ,tələbələri ondan bəhrələnməyə çağırıblar.

LDU-da Əhməd Ağaoğlunun 150 illik yubileyi qeyd edilib.


Mənbə:
Paylaş: