Geri

16/12/19

Macarıstan səfiri LDU-da olub.


Lənkəranda səfərdə olan Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi Lənkəran Dövlət Universitetində (LDU) olub.Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov hörmətli qonağa LDU , burada tədris olunan ixtisaslar,son yenilklər, Avropa təhsilinə inteqrasiya istiqamətində atılan addımlar və sair barədə ətraflı məlumat verib.Bildirib ki, universitet artıq özünün turizm tədris-təcrübə bazasını yaradıb, yardımçı təsərrüfatda sitrus və çay əkini keçirilib, xaricdən modern laboratoriyalar alınaraq quraşdırılıb.Ən əsası isə, cari tədris ilində 2 yeni tədris korpusu və yeni yataqxana inşa edilərək tələbələrin ixtiyarına verilib.Natiq İbrahimov LDU –nun tələbə kontingenti, maddi-texniki bazası haqqında danışıb və bildirib ki, hər iki ölkənin universitetləri arasında əməkdaşlığın yaranması qarşılıqlı fəaliyyətlə yanaşı, həm də təcrübələrin öyrənilməsinə dəstək olardı.Universitet rəsmisi Lənkəran Dövlət Universiteti ilə Macarıstanın Kapoşvar Universiteti arasında qarşılıqlı əlaqələrin qurulduğunu da cənab səfirin diqqətinə çatdırıb.

Viktor Szederkenyi səmimi qarşılanmaya və ətraflı məlumata görə universitet rəhbərliyinə minnətdarlıq bildirib.Azərbaycanla Macarıstan arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini diqqətə çatdıran cənab səfir təhsil sahəsində daha uğurlu əməkdaşlığa ümid etdiyini xüsusi vurğulayıb.

Görüşdə iştirak edən səfirliyin Mədəniyyət və Təhsil məsələləri üzrə diplomatı və ikinci katibi Mihay Qruber Macarıstanda olan universitetlərlə LDU arasında əməkdaşlığa nail olunmasına çalışacağını, universitetlərarası əlaqələrin genişləndirilməsi,tələbə mübadiləsi, müəllimlərin qısa müddətli tədris səfərlərinin reallaşmasını sürətləndirəcəyini bildirib. Cənab Mihay Qruber həmçinin “ Stipendium Hanqaricum” Təqaüd Proqramı haqqında geniş məlumat verib.

Macarıstanın Azərbaycandakı Səfirliyinin rəsmilərinin Lənkəran Dövlət Universitetinin tələbə-müəllim heyəti ilə görüşündə də əsas müzakirə mövzusu “ Stipendium Hanqaricum” Təqaüd Proqramı olub.Görüş zamanı bildirilib ki, “ Stipendium Hungaricum” Proqramı hər il azərbaycanlı tələbələr üçün Macarıstan hökuməti hesabına 200 təqaüd verir. Təqaüd aşağıdakı müddəaları əhatə edir: təhsil haqqı, Macarıstan qanunlarına uyğun olaraq aylıq təqaüd, yataqxana və ya təqaüdün bütün müddəti ərzində yaşayış üçün aylıq ödəniş, tibbi xidmətlər üçün əlavə tibbi sığorta.Proqramın Avropa təhsilinə pəncərə açdığını deyən cənab Mihay Qruber tələbələri proqramdan yararlanmağa çağırıb və iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Görüşün sonunda hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.

Esmira İsmayılova

LDU-nun mətbuat xidmətinin rəhbəri.

Macarıstan səfiri LDU-da olub.


Mənbə:
Paylaş: