Geri

17/12/19

LDU-da gördüklərimiz təhsilimizin sabahına inam yaradır-İctimai Şuranın üzvü Nadir İsrafilov.


Bu sözləri Lənkəran Dövlət Universitetyi ilə tanışlıqdan sonra İctimai Şuranın üzvü Nadir İsrafilov bildirib.
Qeyd edək ki, cəmiyyətlə Təhsil Nazirliyi arasında körpü rolunu təmin etmək məqsədi ilə yaradılan İctima Şura Lənkəranın təhsil mühiti ilə tanışlığını davam etdirir.Təhsil Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şuranın üzvlərinin Lənkəran Dövlət Universiteti (LDU) ilə bu günkü tanışlığı da maraqlı məqamlarla yaddaqalan olub.Şura üzvlərinə universitetin tədris prosesi, maddi texniki bazası, professor-müəllim heyətı ilə əyani tanışlıq imkanı yaradılıb.Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov LDU-nun bütün ictimaiyyətə açıq olduğunu bildirərək ,qonaqlara universitetlə tanışlıqda heç bir məhdudiyyətin olmadığını deyib.
İctimai Şuranın üzvləri Nadir İsrafilov, İlqar Orucov, Etibar Əliyev, “Məktəb güşəsi” saytının və jurnalının baş redaktoru Məzahir Məmmədli Lənkəran Dövlət Universitetinin yeni istifadəyə verilmiş 2 tədris korpusu, tələbə yataqxanası, modern fənn laboratoriyaları,informatika ,linqafon kabinələri ilə tanış olaraq, tədris bazasının yenilənməsini əyani müşahidə ediblər.Tələbə yataqxanasında yaradılan şərait,universitetin qısa zaman kəsiyində bu cür yenilənməsi Şura üzvlərini razı salıb.
İctimai Şuranın üzvləri LDU-nun sitrus bağını, çay plantasiyasını gəzərkən heyranlıq hisslərini gizlədə bilməyiblər.2 il ərzində belə gözəl sitrus bağının salınmasını, tədris-təcrübə sahəsinin genişləndirilməsini,tələbələrin də bu prosesə cəlb olunmasını Şura üzvləri yüksək dəyərləndiriblər. Qonaqlara məlumat verilib ki, yaxın illərdə bu təsərrüfatdan əldə olunan gəlir hesabına müxtəlif elmi layihələri maliyyələşdirmək,mini çay bükücü sex yaratmaq,tədris bazasını əsaslı şəkildə yeniləmək mümkün olacaq.
Universitetin yüksək ixtisaslı pedaqoji kadrlara, professor-müəllim heyətinə olan ehtiyacını ödəmək məqsədilə 2 il öncə inşa edilən, ölkədə ilk dəfə Lənkəran Dövlət Universitetində reallaşan xidməti mənzillərlə tanışlıq da İctimai Şuranın üzvlərində böyük maraq doğurub.Xidməti mənzillərin tam pulsuz olmasını,burada müəllimlər üçün bütün mümkün şəraitin yaradılmasını yüksək qiymətləndirən Şura üzvləri bu addımı ölkə təhsilində ürəkaçan yenilik adlandırıblar.
Universitetin tələbələri ilə görüş rəsmilərin iştirakı olmadan keçirilib. Tələbələr onları narahat edən, düşündürən bütün məsələləri ölkənin tanınmış təhsil ekspertləri ilə birgə müzakirə etmək imkanı qazanıblar.Ali təhsil müəssisələrinə qəbul şərtləri,magistratura imtahanında ediləcək dəyişiliklər, təhsil kreditləri,tədris prosesində təcrübəyə daha geniş yer verilməsinin vacibliyi,maddi-texniki bazanın yenilənməsinə duyulan ehtiyac,işə qəbul zamanı yaranan süni çətinliklər və sair barədə geniş fikir mübadiləsi olub.Səmimi dialoq şəklində keçən diskussiya zamanı mübahisə doğuran məqamlara təhsil ekspertləri tərəfindən aydınlıq gətirilib, tələbələrin qaldırdıqları problemlərin aidiyyatı qurumlara çatdırılacağı vəd edilib.
Professor-müəllim heyəti ilə ayrıca keçən görüşə də rəsmilər qatılmayıb. Müəllimlərə onları narahat edən bütün problem və məsələlər barədə İctimai Şura üzvlərinə sərbəst məlumat vermək imkanı yaradılıb.Universitetlərdə elmi-tədqiqat işlərinin aparılması üçün lazımi avadanlıqların alınmasının vacibliyindən,elmi jurnallarda çap olunmağın yaratdığı maliyyə çətinliklərindən,ana dilində dərsliklərin azlığından, mövcud dərsliklərdə olan nöqsanlardan, test usulunun yazılı və şifahi nitqə mənfi təsirindən və sair problemlərdən geniş danışılıb. Görüşdə ali məktəb müəllimlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həllinə dəstək göstərilməsi barədə də təkliflər səsləndirilib.
Öz növbəsində İctimai Şura üzvləri müəllimlərə ölkədə təhsil mühitinin sağlamlaşdırılması , obyektivliyin ,şəffaflığın təmin olunması istiqamətində gedən işlər barədə ətraflı məlumat veriblər. Qeyd edilib ki,keçirilən görüşlərdə səslənən fikir və mülahizələri, təklifləri Təhsil Nazirliyinə, aidiyyatı qurumların rəsmilərinə çatdıracaqlar.Şura üzvləri yekdilliklə Lənkəran Dövlət Universitetində gördüklərindən məmnun qaldıqlarını , bu inkişafın ölkə təhsilinə qayğıdan bəhrələndiyini,peşəkar idarəetmədən qaynaqlandığını deyərək, professor Natiq İbrahimova minnətdarlıq bildiriblər.
Şura üzvü Etibar Əliyev öz şəxsi kitabxanasından “Xatirə ədəbiyyatı” silsiləsindən xeyli sayda ədəbiyyatı LDU-nun elmi kitabxanasına hədiyyə edib.
Sonda xatirə şəkilləri çəkilib.
Esmira İsmayılova
LDU-nun mətbuat xidmətinin rəhbəri.
LDU-da gördüklərimiz təhsilimizin sabahına inam yaradır-İctimai Şuranın üzvü Nadir İsrafilov.


Mənbə:
Paylaş: