Geri

27/12/19

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun yeni il təbriki.


Dəyərli həmvətənlər!
Hörmətli professor-müəllim heyəti!
Əziz tələbələr!
Hamınızı 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni- 2020-ci il münasibəti ilə ürəkdən təbrik edirəm.
Bu gün böyük fəxrlə deyə bilərik ki, yola saldığımız 2019-cu il Azərbaycan xalqı üçün əlamətdar hadisələrlə, möhtəşəm yeniliklərlə yaddaqalan oldu.Xalqımız bu il elliklə Şərqin ilk demokratik respublikasının ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin 100 illik yubileyini böyük təntənə ilə bayram etdi. Ümummilli lider H.Əliyevin “Azərbaycan xalqının,Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı BDU-nun 100 illik yubileyi bizim üçün həm də ona görə ələmətdardır ki, Lənkəran Dövlət Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1991-ci il tarixli qərarı ilə BDU-nun Lənkəran filialı kimi açılmış, Nazirlər Kabinetinin 1992-ci il 23 iyun tarixli sərəncamı ilə dövlət statuslu ali məktəb kimi fəaliyyətə başlamışdır.
İllər ayrıcında sevinclə qeyd etmək istəyirəm ki, yola saldığımız il Lənkəran Dövlət Universitetinin tarixində ən məhsuldar il kimi yaddaqalan oldu.Başa çatmaqda olan 2019-cu il LDU tarixinə inkişaf, tərəqqi, yüksəliş ili kimi möhrünü vurdu.Bu ildə universitet kollektivinin birgə səyi ilə bir çox uğurlara imza ata bildik.Ən əsası, 2 yeni tədris korpusu, 160 yerlik tələbə yataqxanası bir il ərzində inşa olunaraq istifadəyə verildi.İllərin qovuşağında bu uğurların sevincini sizlərlə yenidən paylaşmaq olduqca xoş hissdir!
Yola saldığımız ilin son həftəsində Lənkəran Dövlət Universitetində “Samsung” Virtual Tədris Mərkəzinin istifadəyə verilməsini başa çatmaqda olan 2019-cu ilin son ürəkaçan akkordu kimi dəyərləndirə bilərik.“Nərgiz” Xeyriyyə Fondunun və elektron qurğuların istehsalı və satışı üzrə dünyada tanınan “Samsung” şirkətinin maliyyə dəstəyi ilə Virtual Tədris Mərkəzinin ölkədə ali təhsil müəssisələri arasında ilk dəfə olaraq məhz LDU-da yaradılması həm bizə göstərilən böyük etimad, həm də fəaliyyətimizə verilən yüksək qiymətdir.
Yola saldığımız il LDU üçün elmi uğurlarla da yaddaqalan oldu.Lənkəran Dövlət Universitetinin il ərzində bir neçə möhtəşəm beynəlxalq konfranslara, simpoziumlara, respublika konfranslarına ev sahibliyi etməsi , gənc tədqiqatçı alimlərimizin ölkə və beynəlxalq səviyyəli elmi tədbirlərdə, konfrans və seminarlarda uğurlu iştirakı başa çatmaqda olan ilimizin qürurverici notlarıdır.Bu gün sevinc hissi ilə deyə bilərik ki, Lənkəran Dövlət Universiteti ölkənin ən aparıcı ali təhsil ocaqlarından biri olmağa iddialıdır.Beynəlxalq əməkdaşlıq sahəsində əlaqələrimizin genişlənməsi beynəlxalq arenada özümüzü təsriq etməyə, sözümüzü deməyə imkan verəcək.
Qarşıdan gələn 2020-cu il üçün də hədəflərimiz, planlarımız böyükdür.Yeni ilimizdə qızlar üçün yeni yataqxana binasını inşa etməyi,bununla da qız tələbələrimizin sosial-məişət qayğılarını yüngülləşdirməyi planlaşdırmışıq.Həmçinin, universitetin yardımçı təsərrüfatını genişləndirməyi, maddi-texniki bazanı yeniləməyi prioritet vəzifə kimi qarşıya qoymuşuq.
İnanıram ki, LDU kollektivi yeni ildə də mehriban bir ailə kimi fəaliyyətini uğurla davam etdirəcək, yeni ilklərə imza atacaq.Bu yolda hamınıza uğurlar, möhkəm can sağlığı, xoş bayram ovqatı ,könül xoşluğu arzulayıram.
Qoy yeni-2020 -ci il ailələrinizə sevinc, fərəh, bolluq, firavanlıq, dünyamıza sülh və əmin-amanlıq gətirsin!
Yeni iliniz mübarək!
Natiq İbrahimov
Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, riyaziyyat üzrə elmlər doktoru, professor.
Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun yeni il təbriki.


Mənbə:
Paylaş: