Geri

19/03/20

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun Novruz bayramı münasibəti ilə universitet kollektivinə təbriki.


Əziz tələbələr, hörmətli professor-müəllim, işçi heyəti, kollektivimizin bütün üzvləri!
Hamınızı-bütün LDU ailəsini elimizin ən gözəl bayramlarından biri olan, gəlişi ilə təbiətə təravət, könüllərə hərarət gətirən Novruz-Bahar bayramı münasibəti ilə ürəkdən təbrik edir, şəxsi həyatınızda və işlərinizdə uğurlar arzu edirəm. Novruz yeni gün , yeni arzular , yeni ovqat deməkdir.Baharın gəlişilə təkcə təbiət oyanmır, ruhumuz da cavanlaşır, qurub-yaratmaq həvəsimzi artır, arzularımız təzələnir.
İstisnasız deyə bilərik ki, Novruz milli bayramlarımızın ən gözəlidir.Heç bir bayramın gəlişi insanları Novruz qədər sevindirmir.Novruz yeganə bayramdır ki, insanlar onun gəlişinə bir ay əvvəlcədən hazırlaşır, bayram tədarükü görür, sevinclərini birgə paylaşırlar.
Amma, çox təəssüf ki, bu il vəziyyət bir az fərqlidir. Bildiyiniz kimi, koronavirus xəstəliyi dünya gündəliyinin bir nömrəli məsələsinə çevrilib. Artıq Ümumdünya Səhiyyə Təşkilatı xəstəliyi pandemiya elan edibdir. Epidemiyanın qarşısını almaq məqsədilə bütün uşaq bağçaları, məktəblər, ali məktəblər bağlanıb, kütləvi tədbirlərin keçirilməsi qadağan edilib. Ölkəmizdə bütün mümkün karantin tədbirləri görülür.Bu işdə hamımız həmrəy olmalıyıq ki, epidemiyanın fəsadları minimuma ensin, ölkəmizdə yayılmasının qarşısı alınsın.Mən kollektivimizin hər bir üzvünü bu istiqamətdə məsuliyyətli olmağa, təhlükəsizlik tədbirlərinə əməl etməyə, ətrafdakı insanları maarifləndirməyə, bu çətin günlərdə əsl vətəndaş mövqeyi sərgiləməyə çağırıram.
Arzu edək ki, Novruz bayramının ayağı sayalı olsun, keçirtdiyimiz bu gərgin günlər tarixə qovuşsun, xalqımız bu ağır imtahandan üzüağ çıxsın.
Bir daha Azərbaycançılıq məfkurəsi ətrafında, milli həmrəylik duyğusu ilə sıx birləşən bütün soydaşlarımızı , LDU ailəsinin hər bir üzvünü milli bayramımız-Novruzun gəlişi münasibətilə ürəkdən təbrik edir, yaradanın ən böyük neməti olan cansağlığı, könül xoşluğu, bayram ovqatı arzulayıram!
Novruz bayramınız mübarək olsun!

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun Novruz bayramı münasibəti ilə universitet kollektivinə təbriki.


Mənbə:
Paylaş: