Geri

27/09/19

Ən dəyərli hədiyyə.


Xeyirxahlıq sözünün leksik yozumları çox olsa da, ağıla gələn ilk fikir xoş əməl, kiminsə işinə yarımaqdır.Tanınmış dilçi alim, Lənkəran Dövlət Universitetinin (LDU) xarici dillər kafedrasının professoru , filologiya elmləri doktoru İlham Tahirov bu günlərdə olduqca xeyirxah əmələ imza atıb- öz şəxsi kitabxanasından Lənkəran Dövlət Universitetinin İKT və Kitabxana mərkəzinə elmin müxtəlif sahələrini əhatə edən, tələbələrin ən çox ehtiyac duyduğu 171 nüsxə kitab-dərs vəsaiti hədiyyə edib.Kitabxana fondunun zənginləşməsində buraya kitab hədiyyə edənlərin rolunu yüksək qiymətləndirən mərkəzin rəhbəri Elazə Əhmədova bildirir ki,İlham müəllim bu günə kimi kitabxanaya bu qədər nüsxədə və sayda dərs kitabları hədiyyə edən ilk ziyalıdır. Adətən dərslik çap etmiş müəlliflərin öz kitablarından 3-5 nüsxəni mərkəzə hədiyyə etdiyini deyən Elazə Əhmədova bütün tələbələrin və kitabxanaçıların professor İlham Tahirova qəlbən təşəkkür etdiklərini deyir.

Bu minnətdarlıq duyğularına biz də-LDU-nun bütün kollektivi şərikdir.

İlham müəllimin bu addımı ziyalılığın, xeyirxahlığın ən böyük nümunəsi sayıla bilər.Onun əməlindən bir, on yox, yüzlərlə tələbə zaman-zaman yararlana biləcək.İlham müəllimin bu əməlindən geniş bəhs etməyimiz digər ziyalılarımıza mesajımızdır.Evinizdə, kitabxananızda artıq kitablar, dərs vəsaitləri varsa, elmi kitabxanamıza hədiyyə edin.Bu kitablardan bu günkü tələbənin, magistrantın, doktorantın yararlanması gələcəyimizə, Azərbaycan elminə töhfədir.

Oxucular üçün tanıtıma professor İlham Tahirovun həyat və elmi yaradıcılığı barədə məlumatı da daxil edirik.

İlham Tahirov 1963-cü ildə Masallı rayonununda anadan olub.Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib (1986). Yardımlı rayonunun Hamarkənd kənd orta məktəbində çalışıb. (1986-1990). Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun əyani aspirantı olub (1990-1993). “Azərbaycan dili” ixtisası üzrə namizədlik (1994), “Dil nəzəriyyəsi” ixtisası üzrə doktorluq (2008) dissertasiyası müdafiə etmişdir. Filologiya elmləri doktorudur (2008). Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda Ümumi dilçilik və dil əlaqələri şöbəsində kiçik elmi işçi, elmi işçi kimi çalışmışdır (1993-1996). 1996-cı ildən indiyə qədər AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, həmçinin LDU-nun xarici dillər kafedrasının professorudur.

İlham Tahirov ümumi dilçilik, dil nəzəriyyəsi, dillərarası əlaqələr, funksional-semantik sahə, dialekt leksikası, toponimika məsələlərinə həsr olunmuş 3 monoqrafiyanın, 75 məqalə və tezisin müəllifidir.

İ. Tahirov AMEA Nəsimi adına Dilçilik İnstitutu Elmi Şurasının, AMEA Rəyasət Heyətinin nəzdində Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının Dilçilik üzrə Problem Şurasının (2006-2009), AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının Orfoqrafiya bölməsinin, AMEA Nəsimi adına Dilçilik İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür.

İlham Tahirov bir sıra monoqrafik tədqiqatların, kitabların elmi redaktoru, rəyçisi, elmlər namizədi və elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş xeyli dissertasiya işinin rəsmi opponenti olmuşdur.Ən əsası, İlham müəllim xalqımızın dəyərli ziyalısıdır.Dəyərli hədiyyənizə görə sağ olun, İlham müəllim!Çünki dünya binə olandan insanlar kitabdan yaxşı heç nə kəşf etməyiblər.

Esmira İsmayılova

LDU-nun mətbuat xidmətinin rəhbəri.

Ən dəyərli hədiyyə.


Mənbə:
Paylaş: