Geri

10/11/20

Qələbə günün mübarək, Azərbaycan!


Qələbə günün mübarək, Azərbaycan!

Bu gün – 10 noyabr 2020-ci il tarixində Azərbaycan xalqının, Azərbaycan millətinin hər bir qədirbilən vətəndaşı Milli Qürur hissi keçirir. Bu gün 30 ilə qədər davam edən, qəlbimizi göynədən bir nisgilə, içimizi yandıran bir həsrətə son qoyuldu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin böyük fəxarət və qürur hissi ilə Azərbaycan xalqına müraciətini dinləyərkən, Ermənistanın məğlub olma xəbərini eşidəndə sevincdən hansı hisslər keşirdiyimi ifadə etməkdə dil də acizdir, sözlər də . Bircə onu deyə bilərəm ki, bu qürurverici xəbəri eşidəndə gözlərimin sevinc yaşı ilə dolduğunu hiss etdim.
Rəşadətli ordumuzun əzəli yurdumuz olan Qarabağın azadlığı uğrunda sentyabr ayının 27-dən başlanan zəfər yürüşü, yüksək ruh yüksəkliyi, böyük əzmkarlıqla düşmənin işğalçı qüvvələrinə vurduğu sarsıdıcı zərbələr və göstərdiyi şücaət, az qala hər gün hansısa bir şəhərin, bir rayonun, ya qəsəbənin, bir neçə neçə kəndin, strateji əhəmiyyətə malik yüksəkliklərin azad edilməsi birbaşa Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin geniş diapazona malik müdrik siyasətinin, gərgin əməyinin məntiqi nəticəsi idi.
Otuz ildən bəri böyük səbirsizliklə gözlədiyimiz bu tarixi günlərdə xalqımızın hər bir vətənpərvər, yurdsevər vətəndaşı kimi, bir Azərbaycanlı, bir Qarabağlı, bi köçkün olaraq mənim də qəlbim fəxrlə, qürurla döyünür. Torpaqlarımızın mənfur düşməndən azad olunması uğrunda rəşadətli ordumuzun qazandığı hər bir zəfər bizi Böyük Qələbəyə yaxın etdi. Mənfur düşmənlərimiz öz başqasının torpağına göz dikməyin və məğlubiyyətin acı nəticəsini gördülər.
Bu qələbə Azərbaycan xalqının İnamının qaytarılması deməkdir. Bu qələbə öz yurd-yuvasından didərgin düşən, məcburi köçkün həyatı yaşamağa məhkum edilən bir milyondan artıq soydaşlarımızın az qala tükənməkdə olan arzularının, ümidlərinin, xatirələrinin qaytarılmasıdır, onların övladlarının ata-analarının söhbətləri əsasında beynində yaratdıqları xəyallarının qaytarılmasıdır. Bu qələbə on milyonlarla soydaşımızın Milli Ruhunun qaytarılmasıdır. Bu qələbə tarixən məhz azərbaycanlılara xas olan “Kişi Sözü”nün qytarılmasıdır. Necə ki, Ali Baş Komandanımızın “Biz işğal altında olan bütün torpaqlarımızı azad edəcəyik”, “Düşməni torpaqlarımızdan qovacağıq”, “Şuşasız bizim işimiz yarımçıq qalmış olar”– deyə, söylədiyi fikirlər bunun bir daha əyani sübutu oldu. Və bu qələbə Dovlət-Xalq-Ordu birliyinin qələbəsidir. Bu qələbə Haqqın Qələbəsidir!
Artıq Azərbaycan muğam ifaçıları məhur “Qarabağ şikəstəsi”ni yana-yana, xəcalət hissi ilə deyil, böyük şövqlə, qürur hissi ilə ifa edəcəklər. Azərbaycanın Konservatoriyası adlandırılan Şuşada Dövlət Bayrağımızın rənglərini özündə əks etdirən:
“Şuşanın dağları başı dumanlı,
Qırmızı qoftalı, yaşıl tumanlı,
Dərdindən ölməyə çoxdur gümanlı” –
mahnısı səslənəndə Şuşanın dağları da vüqarla, başını daha da dik tutacaq.
Azərbaycan Respublikası Prezidentinin diplomatik səriştəsi, siyasi iradəsi, siyasi əqidəsi sayəsində artıq bütün dünya Azərbaycanla hesablaşır, Azərbaycanın yeritdiyi siyasəti bəyənir, Azərbaycanın Haqq işi uğrunda savaş apardığı Həqiqəti qəbul edir. Əldə etdiyi bütün nailiyyətlərlə Azərbaycan Respublikası Prezidenti milli inkişaf ideologiyasına əsaslanan yeni bir Tarix yazdı. Azərbaycan Respublikası Prezidenti Dünya diplomatiya tarixində yaddaşlarda həkk olunan yeni bir iz qoydu. O, Ali Baş Komandan olaraq, güclü strategiyaya malik bir sərkərdə kimi dünya hərb tarixində özünə layiqli mövqe qazandı, Azərbaycanın sarsılmaz, məğlubedilməz bir ölkə olduğunu bütün dünyaya sübut etdi.
Azərbaycan xalqına, bütün Dünya Azərbaycanlılarına, bütün Türk Dünyasına bu qürur hissini yaşatdığı, bu Qələbə sevincini bəxş etdiyi üçün sarsilmaz iradəsi, əzmkar fəaliyyəti ilə qürur duyduğumuz Azərbaycan Respublikasinin Prezidenti, Siiahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyevə, misilsiz döyüş şücaəti ilə fəxr etdiyimiz Rəşadətli Odumuza məhəbbət dolu dərin minnətdarlığımızı bildiririk.
Qələbə günün mübarək, Azərbaycan!
Qarabağ bizimdir! Qarabağ Azərbaycandir!


Afiq Əliyev,
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Lənkəran Dövlət Universitetinin
“Pedaqogika, psixologiya və incəsənət fənləri”
kafedrasının müdiri.
Qələbə günün mübarək, Azərbaycan!


Mənbə:
Paylaş: