Geri

29/12/20

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun yeni il təbriki.


Dəyərli həmvətənlər!
Hörmətli professor-müəllim heyəti!
Əziz tələbələr!
Hamınızı 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni- 2021-ci il münasibəti ilə ürəkdən təbrik edirəm.
Yeni-2021-ci ili bütün Azərbaycan xalqı böyük sevinc və fərəh hissi, xoş bayram ovqatı ilə qarşılayır. Bu gün qürur hissi ilə deyə bilərik ki, yola saldığımız 2020-ci il Azərbaycan xalqı üçün ən əlamətdar hadisələrlə, möhtəşəm yeniliklərlə yaddaqalan oldu. Ən əsası, 2020-ci il xalqımız üçün Zəfər, Qələbə ili oldu! Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, rəhbərliyi altında şanlı Azərbaycan ordusu erməni qəsbkarlarını torpaqlarımızdan qovdu, 30 ilə yaxın müddətdə düşmən tapdağı altında qalan əzəli ata-baba torpaqlarımız işğaldan azad olundu. 27 sentyabrda başlanan, 44 gün davam edən Vətən müharibəsi qələbəmizlə başa çatdı. Bu gün iftixarla “Qarabağ Azərbaycandır” deyə bilirik! Qazanılan Qələbə təkcə 2020-ci ilin deyil, son əsrlərin ən möhtəşəm zəfəri oldu! Bu Zəfər döyüşündə Lənkəran Dövlət Universitetinin də onlarla məzunu, tələbəsi, işçisi, onların ailə üzvləri qəhrəmanlıqla döyüşdü, şücaət göstərdi, qalib əsgər adını qazandı. Vətən müharibəsində qazanılan Qələbə həm də yüzlərlə şəhidlərimizin qanı bahasına başa gəldi.Bu gün biz onların hamısını ehtiramla yad edir, ruhunuz şad olsun -deyirik.
İllər ayrıcında qeyd etmək istəyirəm ki, yola saldığımız il LDU üçün elmi uğurlarla yaddaqalan oldu. Yeni ixtisaslar üzrə tələbə hazırlığına başladıq, maddi-texniki bazamızı gücləndirdik, beynəlxalq əlaqələrimizi genişləndirdik.Bu gün sevinc hissi ilə deyə bilərik ki, Lənkəran Dövlət Universiteti ölkənin ən aparıcı ali təhsil ocaqlarından biri olmağa iddialıdır.Beynəlxalq əməkdaşlıq sahəsində əlaqələrimizin genişlənməsi beynəlxalq arenada özümüzü təsdiq etməyə, sözümüzü deməyə imkan verir.
Qarşıdan gələn 2021-ci il üçün hədəflərimiz, planlarımız daha böyükdür.Yeni ilimizdə daba bir tədris korpusunun inşasını, əlavə yataqxana binasının , LDU-nun Böyük akt zalının, elmi kitabxanasının əsaslı rekonstruksiyasını planlaşdırmışıq.Həmçinin, universitetin yardımçı təsərrüfatını genişləndirməyi, maddi-texniki bazanı yeniləməyi prioritet vəzifə kimi qarşıya qoymuşuq.
İnanıram ki, LDU kollektivi yeni ildə də mehriban bir ailə kimi fəaliyyətini uğurla davam etdirəcək, yeni ilklərə imza atacaq.Bu yolda hamınıza uğurlar, möhkəm can sağlığı, xoş bayram ovqatı ,könül xoşluğu arzulayıram.
Qoy yeni-2021 -ci il Sülh ili, əmin-amanlıq ili olsun! Xalqımıza sevinc, fərəh, bolluq, firavanlıq, dünyamıza sülh və əmin-amanlıq gətirsin! Dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, azərbaycançılıq ideologiyasına sadiq qalan həmvətənlərimizə uğurlar , can sağlığı, vətən təəssübkeşliyi arzulayıram.
Yeni iliniz mübarək!
Natiq İbrahimov
Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, riyaziyyat üzrə elmlər doktoru, professor.

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun  yeni il təbriki.


Mənbə:
Paylaş: