Geri

18/01/21

Qələbəyə şahid əsgər, sıralarımıza xoş gəldin!


Səhəri, həftəni xoş bir xəbərlə açırıq! Lənkəran Dövlət Universitetinin (LDU) daha bir əməkdaşı- Tədrisin təşkili və təlim texnologiyaları mərkəzinin tyutoru Zamanzadə Əli Bəhram oğlu Vətən qarşısında övladlıq borcunu şərəflə yerinə yetirərək yenidən sıralarımıza qayıdıb. Əli Zamanzadə erməni qəsbkarlarına qarşı Azərbaycan xalqının apardığı haqq savaşının ilk günlərindən könüllü olaraq döyüşə qatılan , son günə qədər döyüşən, böyük qələbəyə şahid olan igidlərimizdəndir.
Xatırladaq ki, igid əsgərimizin döyüş yolu Vətən müharibəsinin ilk günündən başlayıb. Sentyabrın 27-də Füzuli istiqamətində gedən hərbi əməliyyatlarda döyüşə qatılan Əli sonralar Xocavənd, Cəbrayıl rayonlarının düşməndən azad olunmasında fəal iştirak edib. Vətən müharibəsi bitdikdən sonra Şuşa şəhərinin və Laçın rayonunun müdafiəçilərindən olub. Cəsur həmkarımız bütün döyüş boyu qələbəyə inamının böyük olduğunu deyir: “ Qələbə xəbərini alanda gecə yarıdan keçmişdi.Amma hamımız oyaq idik və bu xəbəri böyük coşqu ilə qarşıladıq, səhərə qədər heç birimizin gözünə yuxu getmədi.Bu, möhtəşəm, sözlə ifadə olunmayacaq bir hiss idi! Bu, haqqın bərqərar olması, ədalətin qələbəsi idi. Şuşaya çatdığımda şükür səcdəsi etdim. Çünki, Şuşanı görməyi uşaqlıqdan arzulayırdım. İnşallah, azad edilməsində iştirak etdiyim bu yerlərə bir gün qonaq kimi gedəcək, şəhidlərimizin ruhu hopmuş bu torpaqları ziyarət edəcəyəm.Bu gün Vətən müharibəsində həlak olmuş bütün şəhidlərin xatirəsini bir daha ehtiramla anır, ruhlarına rəhmət, bu yolda sağlamlıqlarını itirmiş qazilərimizə şəfqət, can sağlığı diləyirəm.
Əli Zamanzadə LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov başda olmaqla bütün kollektivə maddi və mənəvi dəstəyə görə dərin minnətdarlığını bildirir, yenidən sıralarımıza qayıtmağı ilə qürur duyduğunu deyir.
Biz də səninlə qürur duyuruq, əziz həmkarımız, LDU-nun layiqli təmsilçisi! 44 günlük Zəfər savaşında Azərbaycan ordusu sənin kimi vətənpərvər gənclərin şücaəti, qorxmazlığı, vətənpərvərliyi, mərdliyi, mətinliyi, dəmir iradəsi sayəsində qələbə qazandı. Qələbəyə imza atan əsgərimiz, sıralarımıza xoş gəldin!
Esmira İsmayılova
LDU-nun mətbuat xidmətinin rəhbəri.
Qələbəyə şahid əsgər, sıralarımıza xoş gəldin!


Mənbə:
Paylaş: