Geri
19/01/21
20 Yanvar faciəsinin Lənkəran səhifəsi.
Lənkəran Dövlət Universitetinin ( LDU) Tarix –coğrafiya və incəsənət ,Filologiya və ibtidai təhsil fakültələrinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş seminar keçirilib. Microsoft Teams platforması üzərindən onlayn keçirilən tədbir faciə qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Seminarı giriş sözü ilə rektorun müşaviri, Filologiya və ibtidai təhsil fakültəsinin dekanı vəzifəsini icra edən professor Mikayıl Məhərrəmov açıb.Bildirib ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 31 il keçsə də, keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. Paytaxt Bakıda, bölgələrdə, o cümlədən, Lənkəranda törədilmiş qanlı faciə xalqın susdurulmasına yönəldilsə də, əksinə, azadlıq yoluna məşəl saldı, milli müstəqilliyimizin əldə edilməsi ilə nəticələndi.
Seminarda “20 Yanvar faciəsinin Lənkəran səhifəsi” ətrafında geniş diskussiya keçirilib.Müzakirələrdə universitetin dosentləri Rakif İbadov, Kamal Mahmudov, Qədim Ryfullayev, Fəxrəddin Hüseyn, Müşfiq Bayramov və başqaları çıxış edərək 1990-cı ilin 20-26 yanvar tarixlərində Lənkəranda baş verən hadisələrdən ətraflı söz açıblar. Bildirilib ki, həmin faciəyə qədər Lənkəranda keçmiş sovet imperiyası əleyhinə azadlıq mübarizəsi artıq başlanmış, yanvarın 11-də ittifaq tarixində ilk dəfə olaraq məhz Lənkəranda hakimiyyət xalqın əlinə keçmişdi. Bundan qorxuya düşən Qorbaçov hökuməti Azərbaycana, o cümlədən , Lənkərana qoşun yeritmiş, yüzlərlə günahsız insanın ölümünə səbəb olmuşdu.
Diskussiya zamanı qeyd edilib ki, 31 il öncə Lənkəran azadlıq mübarizəsinin önündə getdiyindən rayonlar arasında ən çox şəhid də bu rayonun payına düşür. Həmin hadisələr zamanı 11 nəfər həyatını itirsə də, xain düşmən xalqın müqavimətini qırmağa nail ola bilmədi. Nəticədə yerli sakinlərin qəzəbindən qorxuya düşən ordu Lənkəranı tərk etdi.
Tarixdə heç nə unudulmur, heç nə yaddan çıxmır.Tarix unutqanlığı sevmir.Seminar iştirakçıların yekdil rəyi bu oldu ki, tarixin ibrət dərsləri heç zaman unudulmamalı, gənc nəsillərə öyrədilməli, beynəlxalq arenada təbliğ olunmalı və nəticə çıxarılmalıdır.
Mənbə: