Geri

27/03/21

LDU-da “Elm günü”nə həsr olunmuş Dəyirmi masa keçirilib.


Azərbaycan Respublikası Prezidentinin hər il 27 mart tarixinin "Elm günü" kimi təsis edilməsi haqqında Sərəncamının icrası məqsədilə Lənkəran Dövlət Universitetində (LDU) “Elm günü”nə həsr olunmuş Dəyirmi masa keçirilib. Onlayn keçirilən tədbiri LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və iştirakçıları “Elm günü” münasibətilə təbrik edib. Bildirib ki, 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamının ölkədə elmin inkişafına təkan verdiyini, bu sahədə əsaslı keyfiyyət dəyişiliklərinə yol açdığını , gənc tədqiqatçıların yetişməsinə stimul yaratdığını deyən professor Natiq İbrahimov “Elm günü”nə həsr olunmuş Tədbirlər planı çərçivəsində bu il LDU-da ilk dəfə olaraq onlayn qaydada 26 mart 2021-ci il tarixdə riyaziyyat, fizika, kimya, informatika, biologiya və coğrafiya fənləri üzrə “Zona fənn olimpiadası”nın təşkil edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, onlayn olimpiadada iştirak üçün Astara, Lənkəran,Masallı, Lerik, Yardımlı, Cəlilabad, Neftçala rayonlarının orta ümumtəhsil məktəblərinin IX, X, XI sinif şagirdləri, LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kolleci, Astara Pedaqoji Kolleci və Masallı Dövlət Regional Kollecinin tələbələri daxil olmaqla 300-ə yaxın namizəd qeydiyyatdan keçib. Olimpiada iştirakçılarına 3 sual təqdim olunub və sualları cavablandırmaq üçün 2 saat 30 dəqiqə vaxt ayrılıb.Olimpiadanın nəticələri barədə məlumatın cavablar yoxlandıqdan sonra LDU-nun rəsmi veb saytında yerləşdiriləcəyini deyən Natiq İbrahimov COVİD-19 pandemiyasının davam etdiyi hazırkı şəraitdə keçirilən onlayn olimpiadanı universitetin elmi uğuru və bu sahəyə diqqəti kimi dəyərləndirib.
Lənkəran Dövlət Universitetində son illərdə bu istiqamətdə görülən işlərdən söz açan universitet rəsmisi elm və təhsilə kompleks yanaşmanın uğurlu nəticələr verəcəyinə , yaxın vaxtlarda gənc tədqiqatçıların qazandığı uğurlardan universitetin və ölkə elminin bəhrələnəcəyinə əminliyini ifadə edib.
Dəyirmi masada rektorun müşaviri, professor Mikayıl Məhərrəmovun “Elm və təhsilə innovativ yanaşma zamanın tələbidir” mövzusunda məruzəsi dinlənilib.
Məruzədə bildirilib ki, hazırda dövlət səviyyəsində həyata keçirilən strategiyanın əsas prioritetlərindən biri bilik iqtisadiyyatının formalaşdırılması, təhsil, elm və innovasiya arasında səmərəli əlaqələrin yaradılmasıdır. Azərbaycanda son 10 ildə həyata keçirilən siyasət nəticəsində sosial inkişaf göstəriciləri əhəmiyyətli dərəcədə yüksəlmişdir. Bu, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması, modernləşdirilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılması sahəsində bir sıra mühüm qərarlar qəbul edib həyata keçirilməsi istiqamətində görülən işlərin nəticəsidir. Elm və təhsilin inkişafına dövlət səviyyəsində göstərilən bu qayğı, əslində, dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli-mədəni tərəqqisinə və rifah halının yüksəldilməsinə xidmət edən siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir. XXI əsrin YUNESKO tərəfindən elm və təhsil əsri adlandırıldığını deyən məruzəçi qeyd edib ki, XX əsrdə cəmiyyətin hərəkətverici qüvvəsi elmi-texniki inqilab idisə, müasir mərhələdə humanitar və sosial elmlərin proqnozlaşdırma və optimal təşkilatlandırma funksiyası önə çıxır. Ona görə də, qarşıda duran mühüm vəzifələrdən biri bütövlükdə cəmiyyətin, xalqın elmi-intellektual potensialının mobilizasiyasını və məqsədəuyğun surətdə yönəldilməsini tələb edir.
Məruzə ətrafında edilən çıxışlarda Lənkəran Dövlət Universitetində bu sahədə görülən işlərdən və gələcək perspektivlərdən söz açılıb.

LDU-da “Elm günü”nə həsr olunmuş Dəyirmi masa keçirilib.


Mənbə:
Paylaş: