Geri

31/03/21

LDU-da soyqırım qurbanlarının xatirəsi anılıb.


Lənkəran Dövlət Universitetində (LDU) 31 Mart Azərbaycanlıların Soyqırım Gününə həsr olunmuş anım tədbiri keçirilib.Onlayn formatda keçirilən tədbir günahsız qurbanların xatirəsinin 1 dəqiqəlik sükütla yad edilməsi ilə başlanıb.
LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov bir əsr öncə baş vermiş faciədən ətraflı danışıb.Bildirib ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan, sonra ölkənin digər bölgələrində davam etdirilən, minlərlə günahsız insanın, o cümlədən , çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnən soyqırım günündən bizi 103 illik zaman fasiləsi ayırsa da, tarixdə heç nə unudulmur, heç nə də yaddan çıxmır. Professor Natiq İbrahimov 1992-ci ilin 26 fevral Xocalı qətliyamı üzərində xüsusi dayanaraq baş verənlərin bir daha təkrarlanmaması üçün keçmişin ibrət dərslərindən nəticə çıxarmağa , ermənilərin zaman-zaman xalqımızın başına gətirdiyi vəhşilikləri,törətdiyi dəhşətli soyqırımları unutmamağa çağırıb.Universitet rəsmisi bildirib ki, ötən ilin 27 sentyabrında başlanan , 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı böyük Zəfər təkcə zəbt olunmuş torpaqlarımızın qayıdışı deyil, həm də günahsız şəhidlərin intiqamının alınması idi.
LDU-nun Tarix və onun tədrisi metodikası kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Rakif İbadov və həmin kafedranın dosenti, tarix üzrə fəlsəfə doktoru Müşfiq Bayramov məruzələrində 31 Mart Azərbaycanlıların Soyqırımı Gününü ölkə tarixinin ən qanlı səhifəsi adlandırıblar.Məruzəçilər erməni daşnaklarının zaman-zaman xalqımıza qarşı törətdiyi faciələrdən, onların ağrılı nəticələrindən, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qazandığı qələbənin bu faciəyə layiqli cavab olduğundan söz açıblar.
Müzakirəyə qatılanlar qətliam zamanı azərbaycanlılara məhz milli mənsubiyyətinə görə divan tutulduğunu, soydaşlarımızın amansız işgəncələrə , qarətlərə məruz qaldığını , məhz Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymətin verildiyini deyərək bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar.
Onlayn tədbirdə 1918-ci ilin martında Lənkəran quberniyasında baş verən hadisələrdən də danışılıb. Bildirilib ki, təkcə bu quberniyada martın 28-i-aprelin 2-si aralığında 2 mindən çox günahsız insan vəhşicəsinə qətlə yetirilib, 40 kənd yandırılıb, kəndlər viran qoyularaq əhalinin min zülmlə əldə etdiyi varidatı talan edilib.
Tədbir iştirakçılarının yekdil rəyi bu olub ki, xalqımızın məruz qaldığı faciələr gənc nəslə tədris edilməli, ermənilərin azərbaycanlılara qarşı törətdiklərinə hüquqi qiymət verilməli, haqq səsimiz dünya miqyasında ucaldılmalıdır.
Qeyd edək ki, bu gün universitetdə keçirilən dərslərdə 31 Mart Azərbaycanlıların Soyqırımı Günündən söz açılıb, günahsız qurbanların xatirəsi anılıb.
Esmira İsmayılova
LDU-nun mətbuat xidmətinin rəhbəri.
LDU-da soyqırım qurbanlarının xatirəsi anılıb.


Mənbə:
Paylaş: