Geri

07/05/21

LDU- da “Azərbaycanda xalq, dövlət və ordu birliyinin gücü” mövzusunda Respublika elmi konfransı keçirilib.


Lənkəran Dövlət Universitetində (LDU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Azərbaycanda xalq, dövlət və ordu birliyinin gücü” adlı Respublika elmi konfransı keçirilib. "Microsoft Teams" platforması üzərindən onlayn keçirilən konfransı universitetin rektoru, professor Natiq İbrahimov açaraq ulu öndərin Azərbaycan xalqının tarixində oynadığı böyük roldan, çoxşaxəli fəaliyyətindən, ölkə təhsilinin inkişafına göstərdiyi qayğıdan danışıb, prezident İlham Əliyevin bu kursu ləyaqətlə davam etdirdiyini deyib. Lənkəran Dövlət Universitetində son illərdə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması istiqamətində görülən işlərdən, II Qarabağ savaşında LDU məzunlarının, tələbələrinin, işçilərinin qəhrəmanlıqla döyüşdüyündən söz açan universitet rəsmisi şəhid və qazi ailələrinə daim qayğı göstərildiyini, bütün kollektivin onlarla fəxr etdiyini və bu istiqamətdə işlərin davamlı olacağını deyib.

Konfransda universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən dosent İdrak Əsgərovun “Azərbaycanda xalq, dövlət və ordu birliyinin gücü” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, dövlətin və ordunun gücü xalqın birliyi-iradəsi ilə ölçülür. Xalqımıza hədsiz ağrılar yaşatmış, ölçüyəgəlməz itkilər gətirmiş Qarabağ münaqişəsinə də məhz ümummilli birliyimizlə nail olmaqla son qoyulması tarixi faktdır. Tarix bu sonluqla bir daha sübut etdi ki, ən çətin məsələni də milli birliyin gücü, qüdrəti ilə aşmaq mümkündür, ən sağalmaz milli dərdin də məlhəmi xalq birliyidir, ən vəhşi düşməni də Xalq–Lider–Ordu vəhdətindən yaranan ümummilli birliyin gücü ilə əzib-diz çökdürmək mümkündür. Azərbaycan cəmiyyəti, dünya xalqları və müasir tarixçilər II Qarabağ savaşındakı qələbəmizi şərtləndirən amillər sırasında xalqımızın milli birliyinin və həmrəyliyinin, dövlət başçımızın müdrikliyinin və qətiyyətinin, Silahlı Qüvvələrimizin döyüşkənliyinin və yurdsevərliyinin möhtəşəm təşkilini bir daha gördülər. Müharibənin gedişində xalqımız düşmən qarşısında vahid toplum olmağın, güclü bir yumruğa çevrilməyin yeni bir nümunəsini yaratdı. Xalq öz təpəri ilə mübarizə meydanında, əsgərlərin yanında, dövlətin ətrafında olduğunu göstərdi .

Məruzəçi bildirib ki, Prezident İlham Əliyev Qarabağ zəfərində ümummilli birliyin və həmrəyliyin mütləq rolunu, haqlı olaraq çox yüksək dəyərləndirib: “Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi”.

Məruzə ətrafında keçirilən müzakirədə çıxış edənlər Ümummilli liderin Azərbaycan təhsilinin inkişafındakı rolundan, ölkədə bu siyasətin uğurlu davamından, Xalq- Lider –Ordu birliyinin gələcək qələbələrin rəhni olmasından söz açıblar.

Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. “Riyaziyyat və təbiət elmləri”, “İqtisadiyyat ,aqrar və texnika elmləri”, “Dilçilik və ədəbiyyatşünaslıq”, “Tarix, fəlsəfə və pedaqogika” bölmələrində 200-ə qədər tezisin dinlənilərək müzakirə edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, konfransın işində ölkənin 10-dan artıq universitetindən və AMEA-nın elmi institutlarından müəllim və doktorantlar iştirak edir.

LDU- da  “Azərbaycanda xalq, dövlət və ordu birliyinin gücü” mövzusunda Respublika elmi konfransı  keçirilib.


Mənbə:
Paylaş: