Geri

09/07/21

Elmu Şura Yaz semestrinin imtahan sessiyasının nəticələrini qənaətbəxş hesab edib.


Lənkəran Dövlət Universitetində (LDU) Elmi Şuranın 2020/2021-ci tədris ilindəki son iclası da xüsusi karantin rejimi ilə əlaqədar olaraq onlayn keçirilib. İclası Elmi Şuranın sədri, universitetin rektoru , professor Natiq İbrahimov açıb və iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.

Elmi Şura üzvləri ilkin olaraq “Yaz semestrinin imtahan sessiyasının nəticələri. Yay semestrinə hazırlığın vəziyyəti” ilə bağlı universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent İdrak Əsgərovun məlumatını dinləyiblər. Məruzəçi bildirib ki, 2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının əsas imtahanları 02.07.2021-ci il tarixində və üzürlü səbəbdən imtahanlarda iştirak etməyən və imtahanlarda qeyri müvəffəq qiymət alanlar üçün isə 5, 6, 7 və 8 tarixlərində keçirilərək yekunlaşdırılıb və nəticələr hər bir tələbənin şəxsi kabinetində yerləşdirilib.

Yay semestrinə hazırlığın vəziyyətinə gəlincə isə, bu tədris ilinin yay semestrinin 22 iyuldan 25 avqustadək keçirilməsi nəzərdə tutulub. Həmin semestrin imtahanları isə 26, 27 və 28 tarixinədək keçiriləcək.

“Cari tədris ilində bakalavriat səviyyəsini bitirən tələbələrin yekun dövlət attestasiyası haqqında” məruzəni də Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent İdrak Əsgərov təqdim edib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.06.2021-ci il tarixli 158 nömrəli Qərarına əsasən bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən , nəzərdə tutulmuş cari attestasiyalardan müvəffəqiyyətlə keçmiş tələbələrin təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunduğunu deyən İdrak Əsgərov bildirib ki, bu il universitetin 745 məzunundan ilkin mərhələdə heç bir akademik borcu olmayan 531 tələbə üçün diplomların verilməsi haqqında əmr verilib. İyul ayının 5-nə dək akademik borclarını ləğv edən 155 tələbəyə də müvfiq əmr əsasında diplomlar verilməsi haqqında sərəncam veriləcəkdir .

“Universitetdə sosial məsələlər üzrə görülən işlər haqqında” Sosial məsələlər üzrə prorektor dosent Kamran Kazımov ətraflı məlumat verib.Universitetdə onlayn keçirilən tədbirlərdən söz açan Kamran Kazımov 44 günlük Vətən müharibəsi dövründə tələbələr arasında aparılan vətənpərvərlik təbliğatının üzərində xüsusi dayanıb. Döyüşlərdə LDU – nun məzun və tələbələrinin fəal iştirak etdiyini deyən K.Kazımov onlardan 10 nəfərinin şəhid olmasını böyük itgi adlandırıb, xatirələrinin daima anılacağını deyib. Qeyd edib ki, universitet rəhbərliyi şəhidlərin evini və məzarlarını ziyarət edib, qazi və müharibə iştirakçılarına diqqət və qayğı göstərilib. Həmçinin, illik iş planına uyğun olaraq, onlayn formatda tələbələrin də cəlb olunduğu bir sıra maarifləndirici tədbirlər, elmi seminarlar, regional fənn olimpiadası keçirilib.

Elm və innovasiya məsələləri üzrə prorektor dosent Elvin Əliyev “Doktoranturaya qəbul və dissertanturaya təhkim olunanların dissertasiya mövzuları və elmi rəhbərlərinin təsdiqi haqqında” məlumat verib.

LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin illik hesabatını kollecin direktoru dosent Ruslan Həmidov təqdim edib.

Kimya və fizika kafedrasının müdiri, dosent İsa Hüseynov rəhbərlik etdiyi kafedranın bir il ərzində gördüyü işlərlə şura üzvlərini tanış edib, qazanılmış uğurlardan, qarşıda duran vəzifələrdən söz açıb.

Elmi Şurada bir sıra cari məsələlərə də baxılıb və müzakirə edilən məsələlər barədə qərarlar qəbul olunub.

Bununla da Elmi Şura 2020/2021-ci tədris ilində fəaliyyətini yekunlaşdırıb.

Elmu Şura Yaz semestrinin imtahan sessiyasının nəticələrini qənaətbəxş hesab edib.


Mənbə:
Paylaş: