Geri

27/09/21

Şəhid məzarları ziyarət edildi.


27 sentyabr - Anım Günündə Lənkəran Dövlət Universitetinin (LDU) professor-müəllim heyəti Lənkəran şəhərinin mərkəzindəki Şəhidlər abidə kompleksini ziyarət edib. Şəhid məzarlarının önünə qərənfillər düzülüb, ruhlarına dualar edilib.Anım mərasimdə Azərbaycanın ərazi bötövlüyü, müstəqilliyi uğrunda qurban gedən şəhidlərin döyüş şücaətləri haqqında çıxışlar edilib, şəhid valideynlərinin ürək sözləri dinlənilib.

Bu günkü Anım Günündə universitetin professor-müəllim heyəti LDU-nun şəhid məzunu Vüsal Kazımovun məzarını da ziyarət edərək abidəsinin önünə təzə-tər qərənfillər düzüblər.

Universitetin rektoru, professor Natiq İbrahimov LDU-nun Sosial məsələlər üzrə prorektoru Kamran Kazımova oğlu - baş leytnant Vüsal Kazımovun 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə yüksəlməsi ilə bağlı başsağlığı verib, belə bir vətənpərvər oğul böyüdüb tərbiyə etdiyinə görə minnətdarlıq bildirib, kollektivin, bütün xalqın onunla qürur duyduğunu dilə gətirib.

Mərasimdə şəhid Vüsal Kazımovun keçdiyi şərəfli döyüş yolundan söz açılıb. Xatırladaq ki, Azərbaycan Ordusunun baş leytenantı olan Vüsal Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli əməliyyatında, Cəbrayıl uğrunda döyüşlərdə, Xocavənd rayonunun işğaldan azad olunmasında və Şuşanın azad edilməsində iştirak edib. Ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib. Qəhrəmanın iki azyaşlı qız övladı qalıb.

Allah rəhmət eləsin!

Şəhid  məzarları ziyarət edildi.


Mənbə:
Paylaş: