Geri

04/10/21

LDU ilə ABŞ-ın Azərbaycandakı səfirliyi arasında Anlaşma Memorandumu imzalanıb.


ABŞ-ın Azərbaycandakı Səfirliyi Lənkəran Dövlət Universiteti (LDU) və Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Anlaşma Memorandumları imzalayıb. 2021-2024-cü il tarixləri arasında fəaliyyət göstərəcək “Amerika guşəsi” kimi tanınan ictimai məlumat və maarifləndirici mərkəzin açılması ilə bağlı Memorandumun imzalanma mərasimi Azərbaycan Dillər Universitetində keçirilib. Mərasimi universitetin rektoru, professor Kamal Abdulla açıb. Rektor “Amerika guşələri”nin açılmasını təqdirəlayiq təşəbbüs adlandırıb, belə bir mərkəzin ADU-da da fəaliyyət göstərdiyini, tələbə və müəllim heyəti üçün müasir təhsilin tələbləri baxımından olduqca faydalı olduğunu bildirib.

ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberq çıxışında deyib ki, imzalanmış memoranduma əsasən Lənkəran və Şəkidə iki “Amerika guşəsi” açılacaq: “Bu guşələr ABŞ haqqında öyrənmək, təhsil imkanları və s. baxımından önəmli rol oynayacaq, turizm sahəsində bacarıqların artırılması üçün töhfə verəcək. Azərbaycanın ən dəyərli sərvəti Azərbaycan xalqıdır, onun insanlarıdır. Buna görə də biz öz səylərimizi Azərbaycan vətəndaşlarının bacarıq və qabiliyyətlərinin artırılması, yeni iş yerlərinin açılması istiqamətində dəstək verməyə yönəltmişik”.

Onun sözlərinə görə, bu mərkəzlər təhsili davam etdirmək, ABŞ haqqında daha çox məlumat əldə etmək və ingilis dili səviyyəsini yaxşılaşdırmaq imkanı verəcək: “Bu mərkəzlərin açılış lentini kəsmək üçün Şəki və Lənkərana səfərləri səbirsizliklə gözləyirəm”. Diplomat memorandumların imzalanmasında əziyyəti olan şəxslərə minnətdarlığını bildirib.

LDU ilə Anlaşma Memorandumunu ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfir Örl Litzenberq və Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov imzalayıblar. İmzalama mərasimindən sonra rektor Natiq İbrahimov çıxış edərək imzalanmış sənədin LDU üçün faydalı olacağına əminliyini ifadə edib. Bildirib ki, imzalanan sənəd universitetin elmi həyatına yeni rəng qatacaq, tələbə və müəllimlərin xarici dil bilgilərinin, praktik vərdişlərinin artmasına şərait yaradacaq, magistrant və doktorantların xaricdə təhsil alma imkanlarını artıracaq. Bu memorandum həmçinin tələbə və magistrantlara Amerika dövləti tərəfindən maliyyələşdirilən və dünyanın 155 ölkəsində fəaliyyət göstərən Fullbright, Hubert Humphrey Fellowship s. təqaüd proqramlarından yararlanmaq imkanı verəcək.

Professor Natiq İbrahimov qarşılıqlı əməkdaşlıqdan məmnunluq duyduğunu və yeni yaradılacaq mərkəz üçün universitet tərəfindən lazımi şərait yaradılacağını deyərək cənab səfiri LDU-ya dəvət edib.

Xatırladaq ki, Bakıdakı Amerika Mərkəzi 2007-ci ildə ABŞ Səfirliyi və Azərbaycan Dillər Universiteti arasında imzalanmış xüsusi razılaşma əsasında fəaliyyət göstərir. 2017-ci ildə Bakı Amerika Mərkəzi Qızıl statusa layiq görülüb. Azərbaycanın Gəncə, Xaçmaz, Salyan və Kürdəmir kimi şəhərlərində də Amerika mərkəzləri fəaliyyət göstərir. Bu guşələr ingilis dili təlimi, təhsillə bağlı məsləhətlər, məişətlə bağlı təlimlər, mədəniyyət və informasiya sessiyaları da daxil olmaqla bir neçə layihələrə dəstək verir.

LDU  ilə ABŞ-ın Azərbaycandakı səfirliyi arasında Anlaşma   Memorandumu  imzalanıb.


Mənbə:
Paylaş: