Geri

27/09/19

LDU inkişaf yolundadır- İctimai Şuranın sədri, Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov.


Söhbətimə həmişə xatırladığım bir Şərq kəlamı ilə başlamaq istəyirəm:”Dünya dörd dirək üzərində durur:Alimlərin hikməti, insanların mərifəti, elmin həqiqəti, qəhrəmanların cəsarəti”.Orta əsrlərdə Şərqdə fəaliyyət göstərən bütün universitetlərin qapısı ağzında bu sözlərin yazıldığı lövhələrin vurulması təsadüfi olmayıb, rəmzi xarakter daşıyıb.Öyrədənə,öyrənənə də xatırladıb ki, universitetə təkcə elm məkanı kimi deyil, insanlıq məktəbi kimi baxılmalıdır.

Mən həyatımda cox məktəblər keçmişəm, çox mətləblərdən agaham. 85 illik ömrümün böyük hissəsi məsul dövlət vəzifələrində keçib.Amma etiraf edim ki, ən gərgin anlarımda belə elm, təhsil adamları, ocaqları mənə həmişə doğma olub.Ona görə də ictimai işlərimin həddən artıq olmasına baxmayaraq bölgədə yeganə ali təhsil ocağı olan Lənkəran Dövlət Universiteti(LDU) ilə müntəzəm əlaqə saxlayıram və minnətdarlıq bildirirəm ki, bu ali təhsil ocağı mənə və rayonun, bölgənin digər ziyalılarına həmişə diqqətlə yanaşır, məsləhətlərimizdən bəhrələnir.

Söhbətə belə uzaqdan başlamağım təsadüfi deyil.Aydınlıq gətirmək istədim ki, LDU yaranan gündən onun inkişafını izləyirəm.Amma Lənkəran Dövlət Universiteti bu gün çox böyük inkişaf yolundadır. Nəyə əsasən deyirəm bunu?Açıqlayıram. Mənim nəzərimdə hər bir ali təhsil müəssisəsinin ən əsas göstəricisi obyektivlik və şəffavlıq mühitinin təminidir.Mən Lənkəran Dövlət Universitetində həm valideynlər şurasının sədriyəm , həm də iki ildir İctimai Şuraya rəhbərlik edirəm.İmtahanların gedişinə ictimai nəzarət məqsədilə yaradılan İctima Şuranın tərkibinə salınanda əvvəl elə bilirdim ki, bu, formalizm xatirinə yaradılan bir qurumdur. (Çünki əvvəlki illərdə də belə qurumlar yaradılmışdı).Amma işin gedişatında əmin oldum ki, söhbət əsil işdən, fəaliyyətdən, əzmkarlıqdan gedir.Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov universitetə təyin edildiyi gündən götürdüyü dəst –xəttə axıracan sadiq qalmaq niyyətindədir və İctimai Şura da bu məqsədə xidmət edir.

Sevinirəm ki, sədri olduğum ictimai Şura bu xeyirxah məqsədin həyata keçirilməsində bir vəsilə oldu.Şura üzvlərimizlə iki ildir ki, semestr imtahanlarında prosesi tam açıqlığı ilə izləmək imkanı əldə etdik.Hər iki tədris korpusunda imtahanların necə şəffaf keçirildiyinə şəxsən əmin olduq, gedişatı monitordan izlədik, tələbələrlə həmsöhbət olduq.

...Düzə zaval yoxdur-heç kəs iddia edə bilməz ki,son iki ildə LDU-da imtahan prosesində hansısa neqativ amilə yol verilir, tapşırıq, filan var–yoxdur-tam səmimi və ciddiyyəti ilə deyirəm!Valideynləri buna inandırmaq, əminliklərini təmin etmək üçün fikrimiz var ki, növbəti imtahan sessiyalarında İctimai Şuranın tərkibində bir alt qrup da yaradaq, oraya valideynlərdən cəlb edək, işimizi onlarla birgə quraq.Əminəm ki, valideynlərlə sıx əməkdaşlıq umumi işimizin xeyrinə olar, daha səmərəli nəticələr qazanmağa stimul yaradar.

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovla tez-tez görüşürük.Söhbətlərimizin əsas mövzusu da əsasən, universitetin bu günü və gələcək perspektivləri, inkişafı ilə bağlı olur.Universitetdə hazırda iki yeni tədris korpusunun və yataqxananın tikintisi , tədris bazasının yenilənməsi gedir.Bu , çox yaxşıdır.Amma Natiq müəllim bunları yetərli saymır.”Əsas məqsədimiz tək savadlı yox, həm də vətənpərvər kadrlar yetişdirməkdir.Vətənini, elini sevməyən, torpağına bağlı olmayan mütəxxəssis nə qədər savadlı olsa da, yarımçıq adamdır.Vətən onu sevən ovladları ilə güclüdür və məqsədimiz də hərtərəfli dünyagörüşə malik olan yeni nəsil yetişdirməkdir-savadlı, müasir, vətənpərvər, əsil ziyalı ”-deyən Natiq müəllimin fikrinə mən də şərikəm.Bu gün Azərbaycanın vətənpərvər oğullara daha böyük ehtiyacı var, nəinki xaricdən , daxildən sabitliyimizə xələl qatmaq istəyən , sapı özümüzdən olan diplomlu kadrlara.

LDU-da mütəmadi keçirilən vətənpərvərlik mövzusundakı tədbirlərdə, kollektiv teatr tamaşalarında, bayram şənliklərində mən də həvəslə iştirak edirəm. Bu günlərdə söhbət əsnasında professor Natiq İbrahimov mənə bildirdi ki, növbəti dəfələrdə valideynləri də kollektiv tamaşalara, tədbirlərimizə dəvət etmək fikrimiz var.Olsun!Bunun nəyi pisdir? LDU valideynlərə, cəmiyyətə nə qədər yaxın olsa, o qədər faydalıdır , elmimizin , təhsilimizin inkişafı üçün səmərəlidir, lazımlıdır.

Hələ görüləsi işlər, həllini gözləyən məsələlər çoxdur.Bunlar zamanla həllini tapacaq.Əsas budur ki, bu gün LDU inkişaf yolundadır.Bu inkişafı universitetlə təmasda olan hər kəs görür, dəyərləndirir.Bizim üzərimizə də düşən budur ki, bu missiyanın uğurlu davamına dəstək olaq, nailiyyətlərini yayaq, çatışmazlıqları bəyan edək, bir sözlə , köməyimizi əsirgəməyək.

Sərhad Məmmədov

Lənkəran Rayon Veteranlar Şurasının sədr müavini, LDU İctimai və Valideynlər Şurasının sədri.

 LDU inkişaf yolundadır- İctimai Şuranın sədri, Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov.


Mənbə:
Paylaş: