Geri

27/09/19

UNEC və Lənkəran Dövlət Universiteti (LDU) arasında İkili Diplom Proqramı haqqında müqavilə imzalanmışdır.


UNEC rektoru, professor Ədalət Muradov və LDU rektoru vəzifəsini icra edən, professor Natiq İbrahimov tərəfindən imzalanmış müqaviləyə əsasən İkili Diplom Proqramının məqsədi UNEC və LDU arasında əməkdaşlığı, tələbə-müəllim mübadiləsini və əmək bazarının tələblərinə uyğun yüksək hazırlıqlı məzun buraxılışını təmin etməkdir.

İmzalanma mərasimi zamanı UNEC rektoru, professor Ədalət Muradov, Təhsil Nazirliyində keçirilmiş kollegiya zamanı təhsil naziri Ceyhun Bayramovun ölkədə fəaliyyət göstərən universitetlər arasında əməkdaşlığın genişləndirilməsinə dair tapşırığının əhəmiyyətini qeyd etdi. Cari müqavilənin bu tapşırığın icrası kimi qiymətləndirilməli olduğunu vurğulayan rektor UNEC-in bir sıra universitetlər ilə artıq əməkdaşlıq müqaviləsini imzaladığını qeyd etdi. Bakı və regionlarda fəaliyyət göstərən universitetlər ilə əməkdaşlıq təkliflərinə hazır olan UNEC bu istiqamətdə əməkdaşlıq şəbəkəsinin genişləndirilməsini nəzərdə tutmuşdur.

Bağlanmış müqavilə çərçivəsində geniş əməkdaşlıq planlarının olduğunu qeyd edən rektor tədris keyfiyyətinin daha da artırılması məqsədi ilə UNEC-də olduğu kimi LDU-da da islahatların aparıldığını bildirdi. LDU tədris planının UNEC-in tədris planına tamamilə uyğun olduğunu bildirən rektor, tələbə və müəllim mübadiləsi üçün zəruri şəraitin yaradıldığını qeyd etdi. Tələbələr tərəfdaş universitetin beynəlxalq mübadilə və ikili diplom proqramlarında iştirak etmək hüququna malikdirlər. UNEC-in London İqtisad Məktəbi və Fransanın Monpelye Universiteti və digər tanınmış xarici universitetlər ilə ikili diplom proqramlarından LDU tələbələri də yararlana bilərlər.

Tələbənin qəbul imtahanları zamanı qazandığı bal İkili Diplom Proqramında iştirak üçün əhəmiyyət kəsb etmir. İkili Diplom Proqramında iştirak edəcək tərəfdaş universitetlərin tələbələri 240 kredit qazanılması ilə bakalavr təhsilini bitirərək hər iki universitetin müvafiq ixtisaslar üzrə diplomlarını əldə edə biləcəklər. Proqramda tərəfdaş universitetlərin “İqtisadiyyat” və “Biznesin idarə edilməsi” ixtisasları üzrə əyani təhsil formasında azərbaycan dili bölməsi üzrə təhsil alan tələbələr iştirak edə bilər. Tələbələr proqrama I tədris ilinin sonunda müraciət etməli və bu zamana qədər nəzərdə tutulan 60 krediti toplamalı, onun ümumi orta müvəffəqiyyət göstəricisi 81-dən yuxarı olmalı, tələbə öz universiteti tərəfindən tövsiyə edilməlidir. Proqramda iştirak edən tələbə tədris ilinin əvvəlində üç nüsxədən ibarət Fərdi Tədris Planını (FTP) tərtib edir. Proqrama qoşulanlar, hər iki qurumda qeydiyyata alınırlar və digər tələbələrlə eyni hüquq və vəzifələrə malik olurlar.

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, professor Natiq İbrahimov çıxışında LDU-da həyata keçirilən işlər barədə məlumat verdi. Universitetin turizm bazasının yaradılması, müasir otelin fəaliyyəti burada turizm ixtisası üzrə təhsil alan tələbələrə təcrübə keçmək imkanı yaradır. LDU-da müasir Qida təhlükəsizliyi laboratoriyasının fəaliyyətinin UNEC-də müvafiq ixtisaslar üzrə təhsil alan tələbə və müəllim heyəti üçün əlavə imkanlar yaratdığını qeyd etdi. LDU-da imtahan prosesinin təkmilləşdirilməsi məqsədi ilə sessiyada UNEC müəllimlərinin iştirakının təmin edilməsini xahiş edərək, gələcəkdə birgə tədqiqat mərkəzlərinin yaradılması məsələsini qaldırdı.

http://news.unec.edu.az/xeber/125-universitet/5000-bold-red-unec-ve-lenkeran-dovlet-universiteti-arasinda-ikili-diplom-programina-dair-mugavile-imzalanib-bold-red

UNEC və Lənkəran Dövlət Universiteti (LDU) arasında İkili Diplom Proqramı haqqında müqavilə imzalanmışdır.


Mənbə:
Paylaş: