Geri
Lənkəran Dövlət Universitetində türk tələbələrlə birgə möhtəşəm “Novruz yallısı”.
Dost gəlişi bayram olar deyiblər. Qardaş Türkiyə Cümhuriyyətinin Amasiya Universitetinin müəllim-tələbə-işçilərdən ibarət böyük nümayəndə heyətinin Lənkəran Dövlət Universitetinə (LDU) səfərinin Novruz bayramına düşməsilə bayram –bayrama qarışıb.
LDU-nun Mövlanə Mübadilə Proqramı çərçivəsində əməkdaşlıq etdiyi Amasiya Universitetinin nümayəndə heyətinin üzvlərini Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qəbul edib.Universitet rəsmisi qonaqların məhz bayram günlərində Lənkərana səfər etməsindən məmnun qaldığını deyərək onlara LDU barədə , burada son illərdə təhsilin yenilənməsi istiqamətində aparılan işlər, tikilməkdə olan yeni tədris korpuslarI, tələbə yataqxanası, turizm-tədris-təcrübə bazası,modern laboratoriyalar, genişlənən beynəlxalq əlaqələr və s. haqqında ətraflı məlumat verib.Novruz süfrəsi arxasında keçən görüş zamanı Amasiya Universitetinin Pedaqoji fakültəsinin səyahət klubu üzrə elmi rəhbəri dr.dos.Tuncay Dəmirtaş səmimi qarşılanmaya görə professor Natiq İbrahimova minnətdarlıq bildirib, təmsil etdiyi universitetin və Amasiya bələdiyyəsinin xatirə hədiyyələrini təqdim edib.LDU rəsmisi də öz növbəsində Amasiyalı qonaqlara xatirə hədiyyələri bağışlayıb.
Amasiya Universitetinin nümayəndə heyətinə Lənkəran Dövlət Universitetinin təhsil həyatı, burada görülən işlərlə, tədris-təcrübə bazası vəs.ilə əyani tanış olmaq imkanı yaradılıb.Yeni əməkdaşlıq müqavilələrinin imzalanması, tələbə-müəllim mübadilələri, birgə elmi konfrans və simpoziumların keçirilməsi barədə birgə müzakirələr aparılıb.
Universitetlə tanışlıqdan sonra Amasiyalı qonaqlar LDU-da təşkil olunan Novruz tədbirlərinə qatılıblar. Novruz bayramının atributları olan Kosa və Keçəlin məzəli sərgüzəştləri, Bahar qızın şux zarafatları, tələbələrin ifasında səslənən oynaq mahnı və rəqslər, bir-birindən maraqlı səhnəciklər, rəngarəng konsert nömrələri türk qonaqların böyük marağına səbəb olub, onlara əsl bayram ovqatı bəxş edib. Tədbirdə çıxış edən professor Natiq İbrahimovun Novruz təbriklərinə cavab olaraq doktor Tuncay Dəmirtaş da bayram arzularını dilə gətirib, hələ bu günə kimi belə möhtəşəm Novruz karnavalında iştirak etmədiklərini, bayram tədbirindən sonsuz zövq aldıqlarını deyib.Azərbaycanda, xüsusən də Lənkəranda Novruz bayramının özəllikllərinə heyran qaldığını deyən Amasiyalı qonaqlar lənkəranlı tələbələrlə möhtəşəm “Novruz yallı”sına qatılıblar.Şər qarışana qədər lənkəranlı həmkarları ilə bayram sevinclərini bölüşən, bir deyib , bir oxuyan, “Biz bir millət, iki dövlətik” deyən Türkiyəli qonaqlar yağan yağışa baxmayaraq , ilaxır çərşənbə tonqalından da həvəslə atlanaraq, “ağırlıqlarını, uğurluqlarını” odda yandırıblar.
Qonaqlara cənub qonaqpərvərliyi ilə zəngin bayram süfrəsi açılıb, bayram şamları yandırılıb. Novruzun dadlı təamlarından-ləvəngi balığından tutmuş bayram şirniyyatlarına kimi dadan Amasiyalı qonaqlar qonaqpərvərliyə və səfərdən aldıqları zəngin təəssüratlara görə lənkəranlı həmkarlarına minnətdarlıq bildiriblər.
Esmira İsmayılova
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.