Geri
LDU-da maarifləndirici seminar.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində yaradılan İnsan Resursları Mərkəzi pedaqoji kadrların seçimi və qiymətləndirilməsi ilə bağlı tədbirlərin keyfiyyətinin artırılmasına, bu sahədə təşkilati işlərin daha səmərəli həyata keçirilməsinə nail olmaq məqsədi ilə ali təhsil müəssisələri ilə əlaqələrini genişləndirir.
İnsan Resursları Mərkəzinin bir qrup əməkdaşı bu məqsədlə Lənkəran Dövlət Universitetində (LDU) olub.LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qonaqlara universitet və burada tədris olunan pedaqoji ixtisaslar, məzunların işlə təmini ilə bağlı görülən işlər,keçirilən məzun yarmarkaları ilə yanaşı,pedaqoji kadrların yerləşdirilməsi zamanı yaranan problemlər barədə ətraflı məlumat verib.Dağ rayonlarının ucqar kəndlərində pedaqoji kadrlara olan ehtiyacı ödəmək məqsədi ilə həmin rayonlardan olan məzunlara müəyyən imtiyazların verilməsinin problemin həllinə müsbət təsir edəcəyini deyən professor Natiq İbrahimov bu istiqamətdə bir sıra təkliflər irəli sürüb.Universitet rəsmisi ilə söhbət zamanı mərkəzin baş mütəxəssisi Suqra Quliyeva deyilən təkliflərin gələcək layihələr zamanı nəzərə alınacağını bildirib.
İnsan Resursları Mərkəzinin əməkdaşları tərəfindən LDU-da keçirilən maarifləndirici seminarda iştirakçılara ümumitəhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydaları, müsabiqənin mərhələləri barədə ətraflı məlumat verilib, mərkəzin fəaliyyəti barədə təqdimat nümayiş olunub.Həmçinin iştirakçılar müəllimlərin işə qəbulu ilə əlaqədar qanunvericiliklə bağlı məlumatlandırılıb, müəllimlərin sosial rifahının yüksəldilməsi istiqamətində görülən tədbirlərin əhəmiyyəti qeyd olunub.
Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.