Geri
LDU “Şənbə axşamı”nda.
Lənkəran Dövlət Universiteti (LDU) ilə N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı arasında yaradıcılıq əlaqələri genişlənməkdə davam edir.Bu günlərdə LDU-nun kollektivi teatrın qonağı olub. Teatrın direktoru Tofiq Heydərov yaradıcı kollektivlə sıx ünsiyyətə,əməkdaşlığa görə universitet rəhbərliyinə minnətdarlıq edib.Tetrın son tamaşalarından, qastrol səfərlərindən söz açan teatr rəsmisi, həmçinin, respublikanın xalq artisti,prezident mükafatçısı Qabil Quliyevin anadan olmasının 70 illiyinin bölgədə geniş qeyd ediləcəyini deyib.
Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov qarşılıqlı əməkdaşlığın, yaradıcılıq əlaqələrinin dinamik inkişafının hər iki tərəf üçün səmərəli olduğunu nəzərə çatdırıb,universitetdə “Tələbə teatrı” yaratmaq ideyasının reallaşması ilə əlaqədar peşəkar aktyorların dəstəyinin vacib olduğunu vurğulayıb.Professor N.İbrahimov 70 illik yubileyi münasibəti ilə respublikanın xalq artisti Qabil Quliyevi universitet kollektivi adından təbrik edib.Yubilyara təşəkkürnamə və çiçək dəstələri təqdim edilib.Yaxın günlərdə LDU-da təntənəli yubiley tədbirinin keçiriləcəyi xəbərini bütün teatrsevərlər alqışlarla qarşılayıblar.
Rəsmi hissədən sonra qırğız yazıçısı Mar Bayciyevin “Şənbə axşamı” tragikomediyasına baxış keçirilib.Əməkdar incəsənət xadimi Oruc Qurbanovun quruluş verdiyi tamaşada əsas rolları respublikanın xalq artisti Qabil Quliyev,əməkdar artistlərdən Zemfira Nəcəfova, Sucəddin Mirzəyev,aktyorlardan Qızılgül Quliyeva,Şahrud Mehdiyeva,Səyad Əliyev,Təranə Fərəcova ifa ediblər.Milli-mənəvi dəyərlərin aşınmasından bəhs edən tamaşa teatrsevərlər tərəfindən alqışlarla qarşılanıb.