Geri

27/09/19

Unudulmaz heç zaman...


Müqəddəsdir,əzizdir,

Arzu qədər təmizdir,

Alovlu qəlbimizdir,

Tələbəlik illəri...

İnsan həyatında elə anlar,illər var ki,onlara vida etmək çox çətin olur-tələbəlik illəri kimi.Gəncliyimizin ən qaynar çağlarını,həyatımızın ən mənalı illərini –tələbəlik həyatını yaşamaq necə xoşdursa,ona əlvida demək,ayrılmaq bir o qədər ağır olub həmişə.Elə bu günkü məzunlar da eyni hissləri yaşayır.Bütün çöhrələrdə sevinc qarışıq kövrəklik,nigarançılıq hiss olunur.Tələbələr kimi müəllimlər də kövrək görünür.İllərdir öyrəşdikləri, isnişdikləri tələbələrdən ayrılmaq onlara da asan deyil.Bu kövrəkliyə dövlət himnimizin səslənməsi son qoydu.Tələbəli-müəllimli hamının dövlət himnimizi canlı ifa etməsi möhtəşəm idi!

Məzunlara ilk təbrik universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovdan gəldi.Lənkəran Dövlət Universitetinin təhsil uğurlarından,son illərdə təhsilin maddi-texniki bazasının yenilənməsi,dünya standartlarına uyğunlaşdırılması istiqamətində görülən çoxşaxəli işlərdən ürəklə söz açan universitet rəsmisi əmin olduğunu bildirdi ki,bu gün müstəqil həyata mütəxəssis kimi vəsiqə alan 616 məzun LDU-nun adını hər yerdə uca tutacaq, onlara bəslənilən etimadı doğruldacaqlar.Professor Natiq İbrahimov təhsilin keyfiyyətinin artırılması,məzunların mütəxəssis kimi səviyyəsinin yüksəldilməsi,hazırlanan kadrların müasir tələbatlara cavab verməsi istiqamətində başlanan kompleks işlərin bundan sonra da davam etdiriləcəyini dedi.

Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçisi Asif İmanov,rayon Ağsaqqallar Şurasının Sədr müavini,LDU İctimai şurasının sədri Sərhad Məmmədov,valideyn Mahir Qurbanov,magistr Emil Ağabəşirov,bakalavr Təhmasib Rəhimov çıxışlarında məzunlara xoş arzularını çatdırdılar,gələcək həyat yollarında uğurlar arzuladılar.

Təhsili uğurla başa vuranlar da mükafatsız qalmadı.LDU-nu fərqlənmə diplomu ilə bitirən bakalavr və magistrlərə diplomlar təntənəli şəkildə təqdim edildi.Tələbəlik dövründə ictimai fəallığı ilə seçilən məzunların bir qrupuna diplom və fəxri-fərmanları universitet rəsmisi fəxri qonaqlarla birgə təqdim etdi.

Məzun günü tələbələrin hazırladıqları konsert proqramı ilə yekunlaşdı.Tələbəliyin son gününün dadını çıxaran məzunlar hər şeyi unudub doyunca oxuyub oynadılar,ürək sözlərini dedilər. “Unudulmaz heç zaman,tələbəlik illəri”mahnısının sədaları altında “yallı” getdilər.Yolunuz açıq olsun,əziz məzunlar!

Esmira İsmayılova

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.

Unudulmaz heç zaman...


Mənbə:
Paylaş: