Geri

16/06/20

LDU-da yaz semestrinin onlayn imtahan sessiyası davam edir.


Xəbər verdiyimiz kimi, Lənkəran Dövlət Universitetində (LDU) iyun ayının 11-dən 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına start verilib. Koronavirus pandemiyası ilə bağlı olaraq ilk dəfə onlayn keçirilən imtahan sessiyası iyul ayının 5-nə kimi davam edəcək. İmtahanlarda hər fənn üzrə elektron biletdə olan 5 sualı cavablandırmaq üçün tələbələrə 2 saat 30 dəqiqə vaxt verilir və imtahanın nəticəsi maksimum 50 balla qiymətləndirilir. Onlayn dərslərdə iştirak etməsə də, şəxsi kabinetində yerləşdirilən mühazirə mətnlərindən və digər tədris materiallarından istifadə edərək müstəqil hazırlaşmış və kollokviumlarda onlayn qaydada iştirak etmiş əyani təhsilalma forması üzrə təhsil alan tələbələrə də onlayn imtahanlarda iştirak etmək imkanı yaradılmışdır.

İmtahan sessiyasında tələbələrin elektron formada olan yazılı cavablarının fənn müəllimləri tərəfindən yoxlanılması koronavirus (Covid-19) infeksiyasının profilaktikasına dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi şəkildə riayət edilməklə həyata keçirilir. İmtahanların nəticələri universitetin rəsmi saytında (www.lsu.edu.az) yerləşdirilir.

İmtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq məqsədi ilə universitetdə Operativ Qərargah yaradılıb.Qeyd edək ki, qərargahın əlaqə telefonları 25-5-27-86, 25-5-24-17 müəyyən edilmişdir.

Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların və şikayətlərin araşdırılması və müvafiq qərar qəbul edilməsi məqsədi ilə yaradılan Apellyasiya Komissiyası imtahan nəticələri elan olunduqda aralıq qiymətləndirmənin nəticəsindən narazı qalan tələbələrin lsuapellyasiya@gmail.com e-mail ünvanına etdiyi müraciətlərin operativ şəkildə araşdırılmasını həyata keçirəcək.

Qeyd edək ki, LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov imtahan sessiyasına gündəlik nəzarət edir.

LDU-da yaz semestrinin onlayn  imtahan sessiyası davam edir.


Mənbə:
Paylaş: