Geri

15/09/20

Elmi Şura tədrisin təşkili ilə bağlı yeni qaydaları təsdiq etdi.


Lənkəran Dövlət Universitetində (LDU) Elmi Şuranın bu dəfəki iclası da xüsusi karantin rejimi ilə əlaqədar olaraq onlayn keçirilib. İclası Elmi Şuranın sədri, universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və ilk öncə yeni-2020/ 2021-ci tədris ilinin başlanması münasibəti ilə tədbirin bütün iştirakçılarını, universitetin professor-müəllim-tələbə heyətini təbrik edərək uğurlar arzulayıb.Şura sədri bu günki iclasın müzakirəsinə olduqca vacib məsələlərin çıxarıldığını deyərək iştirakçıları müzakirədə aktiv olmağa çağırıb.
Müzakirəyə çıxarılan iki məsələ - “Yenilənmiş təhsil standartları əsasında tərtib olunan universitetin bakalavr və magistratura səviyyələri üzrə “Tədris planları”nın təsdiq edilməsi” və “ Xüsusi karantin rejimində universitetdə tədrisin təşkili” haqqında Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərov məlumat verib. Məruzəçi bildirib ki, ənənəvi formada təhsil bərpa olunanadək bakalavriat və magistratura səviyyəsində əyani təhsilalma forması üzrə təhsil alan II və yuxarı tədris ili tələbələrinin tədris prosesi 15 sentyabr 2020-ci il tarixindən distant (məsafədən) formada təşkil ediləcək və “Microsoft Teams” platforması üzərindən həyata keçiriləcək. Distant (məsafədən) formada dərslər iki növbədə təşkil ediləcək. III və V tədris ili qruplarının dərsləri birinci növbə, II və IV tədris ili qruplarının dərsləri isə ikinci növbə tədris olunacaq.1 akademik saat olaraq 30 dəqiqə nəzərdə tutulub, bütün növ dərslərin müddəti 2 akademik saat, akademik saatlararası fasilə 5 dəqiqə müəyyən edilib. Bakalavriat və magistratura səviyyəsində əyani təhsilama forması üzrə I tədris ili tələbələrinin 1 oktyabr 2020-ci il tarixindən ənənəvi formada təhsil almaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 sentyabr 2020-ci il tarixli 332 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları”nın tələblərinə uyğun olaraq təmin ediləcəkdir.
Hər iki məsələnin müzakirəsi qızğın keçib. Şura üzvləri, universitetin dekan, kafedra müdirləri müzakirələrdə fəal iştirak edərək təklif və rəylərini bildiriblər. Deyilən təklif və rəylər nəzərə alınmaqla yeni dərs ili üçün tədris planları təsdiq edilib.
Yeni tədris ilinin əsas yeniliklərindən olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli qərarına əsasən Lənkəran Dövlət Humanitar Kollecinin Lənkəran Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar Texnoloji Kollecə çevrilmə yolu ilə yenidən təşkili də Elmi Şurada müzakirəyə çıxarılıb. “LDU-nun nəzdində yaranan Sosial və Aqrar Texnoloji kollecin yeni strukturunun təsdiqi haqqında” kollecin direktoru, dosent Ruslan Həmidov məlumat verib. Qeyd edib ki, həm ali təhsil müəssisəsində, həm də kollecdə tədris planlarının eyni ixtisaslar üzrə uyğunluğu kolleci bitirən subbakalavrların ali təhsil müəssisələrinə qəbulu zamanı ali məktəbi normativ təhsil müddətindən tez bitirməsinə imkan yaradacaq. R.Həmidov kollecin müəllim işçi heyətinin tam komplektləşdirildiyini, bütün hazırlıq işlərinin yekunlaşdığını şura üzvlərinin diqqətinə çatdırıb.
Lənkəran Dövlət Universitetinin “2020-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktorant və dissertant hazırlığı üzrə qəbul planı” haqqında Tədqiqat işləri və innovasiyalar üzrə prprektor vəzifəsini icra edən dosent Elvin Əliyevin məlumatı dinlənilib.
Şura islasında bir sıra cari məsələlərə də baxılıb. Müzakirəyə çıxarılan bütün məsələlər barədə onlayn formatda, açıq səsvermə yolu ilə qərarlar qəbul edilib.

Elmi Şura tədrisin təşkili  ilə bağlı yeni qaydaları təsdiq etdi.


Mənbə:
Paylaş: