Geri

18/12/20

LDU-da respublika elmi konfransı keçirilib.


Lənkəran Dövlət Universitetində (LDU) “İnformasiya , elm , texnologiya və universitet perspektivləri” mövzusunda doktorantların və gənc tədqiqatçıların respublika elmi konfransı keçirilib.
“Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən konfransı universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb. Universitet rəsmisi konfransın bütün iştirakçılarını Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun erməni təcəvüzkarları üzərində qazandığı möhtəşəm və tarixi qələbə münasibətilə təbrik edib.
Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində zəfərin qazanılması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda canından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sukutla yad edilib.
Professor Natiq İbrahimov bildirib ki, Azərbaycanın bu haqq savaşına ilk günlərdən könüllü olaraq Lənkəran Dövlət Universitetinin tələbələri, məzunları , işçiləri də qatılıb, onlar arasında şəhid olanlar, yaralananlar , hazırda hərbi xidmətini davam etdirənlər var və bütün kollektiv onlarla fəxr edir, qürur duyur. N.İbrahimov qeyd edib ki, müharibənin və koronavirus pandemiyasının yaratdığı problemlərə baxmayaraq ölkədə və Lənkəran Dövlət Universitetində təhsilin modernləşdirilməsi, elmi-tədqiqat işlərinin genişləndirilməsi və səmərəliliyinin artırılması istiqamətində işlərin uğurla davam etdirilib. Professor Natiq İbrahimov bu gün keçirilən konfransın da aktual mövzuya həsr olunduğunu deyərək iştirakçılara uğurlar arzu edib.
Elmi konfransda Lənkəran Dövlət Universitetinin İnformasiya-kommunikasiya və kitabxana mərkəzinin direktoru Ənvər Şahqubadbəylinin “İnformasiya , elm , texnologiya və universitet perspektivləri” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, son 5 il ərzində LDU-da Elektron təhsil şəbəkəsinin imkanlarından istifadə sahəsində baş verən müsbət dəyişikliklər tədris prosesinin demək olar ki, tam elektronlaşmasına imkan yaradıb. 2016-cı ildən başlayaraq “Elektron universitet” layihəsinin tətbiqinə start verilib. İlkin olaraq universitetin tələbə, professor-müəllim heyətinin və bütün tədris olunan fənlərin Oracle sistemində genişləndirilmiş elektron informasiya bazası yaradılıb və Elektron jurnal, Elektron dərs cədvəli, Elektron sessiya sistemi işlənib hazırlanaraq uğurla tətbiq edilir. Hazırda tələbələrimizin bütün tədris fəaliyyəti haqqında məlumatlar onlara məxsus unikal şəxsi kabinetlərdə yerləşdirilməklə davam etdirilir.
Eyni zamanda pandemiya dövründə tələbələrin dərslik, dərs vəsaiti və digər kitabxana materiallarına əlyetənliyinin təmin olunması məqsədi ilə kitabxana resurslarının internetdə yerləşdirilməsi üçün xüsusi veb səhifə yaradılmış və hazırda kitabxana fondunun elektron bazaya yerləşdirilməsi prosesi davam etdirilir. Son 2 il ərzində universitetdə informasiya texnologiyalarının təchizatı baxımından işlər daha da sürətləndirilib. 2018-ci ildə Azərcell Telekom MMC və Lənkəran Dövlət Universiteti arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqaviləsinə əsasən “BARAMA” təhsil mərkəzi, 2019-cu ildə SAMSUNG şirkətinin və NƏRGİZ fondunun birgə təşkilatçılığı və maliyyə dəstəyi ilə universitetdə ən müasir təhsil texnologiyaları ilə təchiz edilmiş Virtual Təhsil Mərkəzi, 2020-ci ildə Dövlət Miqrasiya Xidmətinin təşkilati və maliyyə dəstəyi ilə universitetdə ən müasir texnologiyalarla təchiz edilmiş İnformatika fənn laboratoriyası yaradılaraq tələblərin istifadəsinə verilmişdir. Universitetin elektronlaşdırılması istiqamətində aparılan bütün işlər, proqram modullarının işlənməsi və tətbiqi prosesləri bütünlüklə universitetimizin İnformasiya-kommunikasiya texnologiyaları və kitabxana mərkəzinin əməkdaşları – mütəxəssisləri tərəfindən aparılır.
Plenar iclasdan sonra konfrans işini bölmələrdə davam etdirib. Qeyd edək ki, “Riyaziyyat və təbiət elmləri”, “İqtisadiyyat , aqrar və texnika elmləri” , “Dilçilik və ədəbiyyatşünaslıq”, “Tarix, fəlsəfə və pedaqogika” – 4 bölmə üzrə konfransa 12 ali təhsil müəssisəsindən 150-dən artıq elmi tezis təqdim edilib.

LDU-da respublika elmi  konfransı keçirilib.


Mənbə:
Paylaş: