Geri

18/11/21

YAP Lənkəran Dövlət Universiteti ərazi ilk partiya təşkilatı partiyanın yaranmasının 29-cu ildönümünü qeyd edib.


Noyabrın 18-də Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran Dövlət Universiteti (LDU) ərazi ilk partiya təşkilatında partiyanın yaradılmasının 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

“Lənkəran Dövlət Universitetinin formalaşmasında Yeni Azərbaycan Partiyasının rolu mövzusunda keçirilən konfransı giriş sözü ilə universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dos. İdrak Əsgərov açıb və YAP-ın yaranmasının 29-cu ildönümü münasibətilə partiyanın üzvlərini təbrik edib. Bildirib ki, YAP-ın təsis edilməsi tarixi bir hadisədir və əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda sıralarında 700 mindən çox üzvu birləşdirən partiyanın siyasi xətti hazırkı sədr- cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 44 günlük Vətən Müharibəsində qazanılan qələbədə YAP-ın apardığı düzgün siyasətin payı olduğunu deyən İdrak Əsgərov Azərbaycanın imza atdığı uğurlarda partiyanın rolunu yüksək dəyərləndirib.

Universitetin Sosial məsələlər üzrə prorektoru, YAP Lənkəran Dövlət Universiteti ərazi ilk partiya təşkilatının sədri, dosent Kamran Kazımov konfransda “Lənkəran Dövlət Universitetinin formalaşmasında Yeni Azərbaycan partiyasının rolu” mövzusunda geniş məruzə edib. Bildirib ki, YAP dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyü, ictimai həmrəylik, sabit və sosial istiqamətli iqtisadiyyat yaratmaq, irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər kəsin hərtərəfli inkişafı və müdafiəsini təmin etmək məqsədilə yaradılan partiyadır. Bu gün ölkəmizin əldə etdiyi uğurlarda əhəmiyyətli rolu olan Yeni Azərbaycan Partiyasının əsas kontingenti tələbə gənclərdən ibarət olan Lənkəran Dövlət Universitetinin formalaşmasında da böyük rolu olmuşdur.Yeni Azərbaycan Partiyasının fəaliyyətə başlaması tarixi ilə Lənkəran Dövlət Universitetinin yaranması tarixi üst-üstə düşür. Əlamətdar hadisədir ki, YAP Lənkəran rayon təşkilatının özəyi məhz Lənkəran Dövlət Universitetində yaranmışdır. Bu gün Lənkəran Dövlət Universitetində aparılan islahatlar elmin, təhsilin məzmunca təkmilləşdirilməsi, keyfiyyətcə yeni səviyyəyə qaldırılması istiqamətində ardıcıl məqsədyönlü işlərin həyata keçirilməsinə imkan vermişdir. Vətən müharibəsində Lənkəran Dövlət Universitetinin YAP üzvləri olan tələbə və məzunları, əməkdaşları cəhbədə mərdliklə vuruşaraq torpaqlarımızın azad olunmasında şücaət göstərmiş, on bir nəfəri şəhidlik zirvəsinə yüksəlmişdir. Partiya üzvləri qarşısında çox mühüm vəzifələr dayandığını deyən dos. Kamran Kazımov qeyd edib ki, biz Ümummilli lider Heydər Əliyevin əmanətlərini - Azərbaycan dövlətçiliyini, azərbaycançılıq ideologiyasına əsaslanan milli birliyimizi və Yeni Azərbaycan Partiyasını qoruyub saxlamalıyıq.

Məruzə ətrafında genişlənən müzakirədə universitet gənclərinin adından partiyanın gənc fəalı- tələbələrlə iş üzrə mütəxəssis Aytac Tacibzadə çıxış edib. Ulu Öndər H.Əliyevin müəyyən etdiyi siyasi kursun bütün sahələrdə uğurla davam etdiyini deyən natiq Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan gənclərinin hərtərəfli inkişafından söz açıb, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında gənclərin rolunun artmasından danışıb. Qeyd edib ki, YAP Gənclər Birliyi bu gün istedadlı, cəmiyyətə və dövlətə xidmət etmək istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə işlər görür. A.Tacibzadə 44 günlük Vətən müharibəsində gənclərin fəal rolundan da bəhs edib, qələbədə onların böyük payı olduğunu xüsusi vurğulayıb.

YAP Lənkəran Dövlət Universiteti ərazi ilk partiya təşkilatı partiyanın yaranmasının 29-cu ildönümünü qeyd edib.


Mənbə:
Paylaş: