Geri

20/04/23

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun Ramazan bayramı münasibətilə Təbriki


Əziz tələbələr, Lənkəran Dövlət Universitetinin hörmətli professor- müəllim-işçi heyəti!
On bir ayın sultanı sayılan, müsəlman dünyasının ən əziz bayramlarından olan Ramazan ilahi hikmətlər, barış, əmin-amanlıq, xeyirxahlıq ayıdır. Ramazanı müqəddəsləşdirən dini kitabımız olan Qurani-Kərimin məhz bu ayda Yer üzünə nazil olmasıdır. Ramazan insanları xeyirxah əməllərə, birlik və bərabərliyə dəvət edən, onlara əxlaqi saflığın, nəfs üzərində qələbənin və ruhi-mənəvi kamilliyin sevincini yaşadan mübarək aydır.
Tarixən Azərbaycan cəmiyyətində vəhdətin, həmrəyliyin və nümunəvi tolerantlıq mühitinin bərqərar olmasında İslam dini əhəmiyyətli rol oynamışdır. Milli-mənəvi dəyərlərinə hər zaman dərin bağlılıq nümayiş etdirən xalqımız öz adət-ənənələrini, dini ayin və mərasimlərini bu gün də layiqincə qoruyub saxlayır, o cümlədən, Ramazan bayramını hər il xüsusi təntənə ilə keçirir.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş qəhrəman şəhidlərimizin ölməz xatirəsini bu mübarək bayram günlərində bir daha ehtiramla yad edir, onlara Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə cansağlığı diləyirəm.
Ramazan ayını şükranlıq duyğuları və könül xoşluğu ilə yola salırıq. Bütün xalqımızı, o cümlədən, LDU ailəsini ürəkdən təbrik edir, ailələrinizə səadət, xoş bayram ovqatı, bayram əhval-ruhiyyəsi, süfrələrinizə ruzi-bərəkət, xalqımıza salamatlıq, firavanlıq, əmin-amanlıq arzulayıram. Allah orucunuzu qəbul etsin!
Ramazan bayramınız mübarək!

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun Ramazan bayramı münasibətilə  Təbriki


Mənbə:
Paylaş: