Geri

20/04/23

“H.Əliyev və Azərbaycan teatrı” mövzusunda seminar


Lənkəran Dövlət Universiteti (LDU) Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında tədbir keçirib. “Heydər Əliyev və Azərbaycan teatrı” mövzusunda keçirilən seminarda teatrın direktoru vəzifəsini icra edən İntiqam Hacılı LDU-nun kollektivini salamlayıb və açılış üçün sözü Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimova verib.
Rektor çıxışına Ümummilli liderin sitatı ilə başlayıb: “Teatr müqəddəs yerdir. İnsanların mənəvi cəhətdən formalaşmasında teatr həmişə çox böyük rol oynamışdır”. Natiq İbrahimov Ulu öndər Heydər Əliyevin bu sözlərini mədəniyyət və incəsənətimizin böyük hamisi olan fenomen bir şəxsiyyətin teatr sənətinə verdiyi yüksək qiymət kimi dəyərləndirib. Bildirib ki, H.Əliyev işinin çoxluğuna baxmayaraq tamaşaların premyeralarına gedib, tamaşa bitdikdən sonra səhnə arxasına keçərək dramaturqla, rejissorla, rəssamla, ayrı-ayrı aktyorlarla bu sahənin bilicisi kimi söhbət edib, fikirlərini bildirib. Ömrünün son günlərinə qədər bu ənənəni davam etdirən H.Əliyev teatr sənətinin məna və mahiyyətini, onun insanların qəbinə, hissinə, əqidəsinə dərin təsirini, tərbiyəvi əhəmiyyətini, ideya-estetik keyfiyyətini dərindən duyurdu, bu sənətin təcrübi və nəzəri əsaslarına yaxşı bələd idi. N.İbrahimov qeyde dib ki, H.Əliyevin sənət adamlarına hörməti hər zaman hədsiz olub, Azərbaycanın görkəmli sənətkarına SSRİ-nin Xalq artisti, yaxud Sosialist Əməyi Qəhrəmanı adının verilməsinə böyük mənəvi və fiziki qüvvə sərf edib.
N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyoru, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Qabil Quliyev “Heydər Əliyevin Azərbaycan mədəniyyətinə və milli teatr sənətinin inkşafına töhfəsi” mövzusunda məruzə edib. Məruzədə deyilib ki, Ümummilli lider Heydər Əliyev ömrünün sonuna qədər Azərbaycan incəsənətinin, o cümlədən, Azərbaycan teatrının inkişafı üçün əlindən gələni əsirgəməyib. Onun ölməz ideyaları bu gün də yaşayır və bizim yol göstərənimizdir.
Seminardan sonra yazıçı-dramaturq Məmmədhüseyn Əliyevin “Prokuror” tamaşası nümayiş etdirilib. Maraqla qarşılanan tamaşa ulu öndərin sözləri ilə yekunlaşıb: “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”.
Qeyd edək ki,tamaşanın quruluşçu rejissorları Əməkdar incəsənət xadimi Oruc Qurbanov və Anar Babalı, quruluşçu rəssamı Fuad Babazadə, musiqi tərtibatçısı Miranda Qurbanovadır. Anşlaqla bitən tamaşada əsas rolları əməkdar artist Sucəddin Mirzəyev (Səlimxan), artistlərdən Saleh Əzimzadə (prokuror Poladov), Qızılgül Quliyeva (Sona), Allahverən Babayev (Şirəhməd), Hikmət Cəfərov (Əmirxanov), Şəbnəm Hüseynova (Sənəm), Vəfa Hacızadə (Surə), Emil Tağı (Almazov), Amil İbrahimli (Qəzənfər) və Teymur Hacızadə (Polis) ifa ediblər. Aktyorlara təzə-tər çiçəklər təqdim edilib.

 “H.Əliyev və Azərbaycan teatrı” mövzusunda seminar


Mənbə:
Paylaş: