Geri

05/09/23

Elmi şurada yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə edilib.


Lənkəran Dövlət Universitetində (LDU) fəaliyyət göstərən Elmi şura yeni-2023/2024-cü tədris ilində ilk iclasını keçirib. Elmi şuranı universitetin rektoru, prof. Natiq İbrahimov açaraq iclas iştirakçılarını və LDU-nun bütün kollektivini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib və gündəliyi açıqlayıb. İclasın gündəliyi təsdiqlənəndən sonra məsələlərin müzakirəsinə başlanılıb. İlk olaraq “Universitetin yeni strukturunun təsdiqi və əmək haqlarının artırılması haqqında” Maliyyə və mühasibat şöbəsinin müdiri (baş mühasib) Rəşad Rzazadə məlumat verib. Bildirib ki, universitetdə cari tədris ilindən ümumilikdə əmək haqqı fondu 13.5% artırılır.
Tədrisin təşkili və təlim texnologiyaları mərkəzinin direktoru dos. Zaur Məmmədov “2023/2024-cü tədris ilinə hazırlığın vəziyyəti” barədə hesabatında hazırlıq işlərinin son mərhələdə olduğunu bildirib, cari tədris ili ilə bağlı yeni təkliflərini şura üzvlərinin diqqətinə çatdırıb. Tələbələrə imtahan və kollekviumların vaxtının müəyyənləşdirilməsində fərdi seçim hüququnun verilməsi, bu işin elektron qaydada aparılması ilə bağlı ötən tədris ilindən tədbiq olunan qaydaların bu il daha da təkmilləşdirilərək davam etdirilicəyini, həmçinin, əlavə yeniliklərin tədbiq olunacağını bildirib, onları şura üzvlərinin müzakirəsinə verib.
“LDU nəzdində Sosial və Aqrar Texnoloji Kollecdə 2023/2024-cü tədris ilinə hazırlığın vəziyyəti” barədə kollecin direktoru Leyla İbrahimova söz açıb. Kollec direktoru hazırlıq işlərinin uğurla yekunlaşdığını, təhsil müəssisəsinin yeni tədris ilinə tam hazır olduğunu bildirib.
Universitetin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülmüş işlər haqqında Təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektor Azər Əliyev məlumat verib. Bildirib ki, yeni inşa olunmuş 250 yerlik yataqxana cari tədris ilində oğlan tələbələrin istifadəsi üçün tam hazırdır. Həmçinin qızlar üçün yataqxana, yeməkxana, tədris korpusları əsaslı təmir olunaraq yeni tədris ilinə hazırlanıb.
Elmi katib, yay semestri üzrə məsul şəxs Allahşükür Quliyev “2022/2023-cü tədris ilinin yay semestrinin yekunları barədə” hesabatında şura üzvlərini sessiyanın yekun nəticələri ilə tanış edib. Bildirib ki, yay semestr imtahanlarında da tələbələrə fərdi seçim hüququ verilib.
LDU-nun Elmi şura iclasında bir sıra cari məsələlər də nəzərdən keçirilib və müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul olunub.

Elmi şurada yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə edilib.


Mənbə:
Paylaş: