Geri

27/09/23

Anım günü


Lənkəran Dövlət Universitetində 27 sentyabr “Anım günü” ilə əlaqədar silsilə tədbirlər keçirilib. Tədbirlərdə vətənimizin müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda qurban gedən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının uğurlu siyasəti, Xalq-Ordu birliyi, əsgərlərimizin misilsiz şücaəti barədə ətraflı söz açıblar. Bildirilib ki, 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutub. 44 gün davam edən müharibə ərzində Azərbaycan ordusunun misilsiz döyüş qüdrəti, Ali Baş Komandan İlham Əliyevin düzgün hərbi siyasəti nəticəsində Cəbrayıl, Fizuli, Zəngilan, Qubadlı rayonları, 8 noyabr 2020-ci ildə isə Şuşa şəhəri işğaldan azad olunub. 10 noyabr tarixli üçtərəfli bəyənnamədə Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların tam dayandırılması, 01 dekabr 2020-ci il tarixinədək Ermənistan qüvvələrinin ərazilərdən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarının birləşdirən yeni nəqliyyat yollarının inşasının təmin edilməsi elan edilib. Müqaviləyə əsasən 2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcərdə, dekabrın 1-də Laçın rayonları işğaldan döyüşsüz azad edilib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə ikinci Qarabağ müharibəsi bitdikdən sonra vətən müharibəsinin başladığı gün “Anım Günü” kimi qeyd edilir.

Qeyd edək ki, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Lənkəran Dövlət Universitetində keçirilən ilk dərslərdə “Anım günü” haqda tələbələrə məlumat verilib, şəhidlərin ruhu ehtiramla yad edilib.

Anım günü


Mənbə:
Paylaş: