Geri

04/10/23

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun Beynəlxalq Müəllim Günü münasibəti ilə Təbriki


5 Oktyabr ən şərəfli, müqəddəs peşə sahibləri olan müəllimlərin bayramıdır. Müəllim ən böyük bağbandır, sönməyən günəşdir, yanan ürəkdir. “Müəllimlik, hər şeydən əvvəl, bir Tanrı sənətidir”(Platon).

Əsrlər boyu xalqımızın şərəfli missiya daşıyıcıları olan müəllimlər tərəqqiyə, inkişafa, milli rifaha zəmin yaradıb, gələcəyin yolunu müəyyən ediblər. Müəllim sözü həmişə kamillik, ləyaqət, bütövlük simvolu kimi mənəvi keyfiyyətləri ifadə edib və bu dəyərlərin işığında yetişən nəsillər hər zaman öz layiqli müəllimlərinə bənzəməyə çalışıblar.

Bu gün böyük fəxr və iftixar hissi ilə deyə bilərik ki, məhz müəllim ordusunun yetişdirdiyi gənc nəsil torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda əzm və dəyanətlə döyüşdü, qanı və canı bahasına 30 ilə qədər düşmən tapdağında qalan yurd yerlərimizi azad etdi, Qarabağ nisgilimizə son qoydu, indi də həmin torpaqları göz bəbəyi kimi qoruyur, abadlaşdırır. Zəfər savaşında canlarından keçən qəhrəman şəhid təhsil işçilərimizi bu gün bir daha ehtiramla yad edir, qazilərimizə can sağlığı arzulayıram.

Bu gün Azərbaycan müəllimi ona verilən dəyəri hiss edərək öz peşəsinin əsl sahibi olmağa can atır. Bunun sayəsində son illər ölkəmizdə daha hazırlıqlı, daha istedadlı şəxslərin müəllim peşəsinə gəlməsi bizi bu hədəfimizi genişləndirməyə, gələcəyin memarı olan müəllimin inkişafına diqqəti daha da artırmağa səfərbər edir. Çox böyük qürur hissi ilə bildirirəm ki, Lənkəran Dövlət Universitetində, universitetimizin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecdə hazırlanan kadrlar öz səviyyəsinə, peşəkarlığına, ən əsası, vətənpərvərliyinə görə daim seçilir.

Əziz müəllimlər, bu gün sizin bayramınız, sizin gününüzdür. 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Lənkəran Dövlət Universitetinin və universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin pedaqoji kollektivini, professor-müəllim heyətini ürəkdən təbrik edir, şəxsi həyatlarında və pedaqoji fəaliyyətlərində uğurlar arzulayıram.

Odur,insanlara düz yol göstərən,

Gözünün nurunu gözlərə verən,

Həyatda əyrini,doğrunu görən,

Dünyanın möhtəşəm düzüdur Müəllim!!!

Bayramınız mübarək!

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun Beynəlxalq Müəllim Günü münasibəti ilə Təbriki


Mənbə:
Paylaş: