Geri

06/11/23

LDU-da Zəfər Günü münasibətilə tədbir keçirilib


Lənkəran Dövlət Universitetində (LDU) 8 Noyabr Zəfər Günü ərəfəsində Qarabağ müharibəsində şəhid olmuş məzunlarımızın ailə üzvləri, universitetdə çalışan və təhsil alan qazi və müharibə iştirakçıları ilə görüş keçirilib.
Tədbir torpaqlarımızın azadlığı uğrunda qurban gedən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. LDU-nun Sosial məsələlər üzrə prorektoru, şəhid atası, professor Kamran Kazımov bildirib ki, qırx dörd günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir. Tarix boyu torpaq itkilərinə məruz qalmışıq, əzəli torpaqlarımızda Ermənistan adlandırılan dövlət qurulub. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə Vətən müharibəsində bu mənfi tendensiyaya son qoyulduğunu deyən prof. K. Kazımov Zəfər Gününü son 200 ilin ən böyük qələbəsi adlandırıb. Bildirib ki, bu qələbə hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir və tariximizdə əbədi qalacaq.
Lənkəran-Astara Regional Gənclərin İnkişafı və Karyera Mərkəzi nümayəndəliyinin rəhbəri Famil Məmmədov, LDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən dos. Zaur Məmmədov, I Qarabağ müharibəsi iştirakçısı dos. Qədim Rufullayev, aprel döyüşləri qazisi Əhliyət Mehdiyev, 44 günlük Vətən müharibəsi iştirakçılarından tyutor Əli Zamanzadə, tələbə Savalan İmanov çıxış edərək bildiriblər ki, 44 günlük müharibə dövründə Prezident cənab İlham Əliyev Azərbaycan xalqının milli maraqlarını siyasi və diplomatik cəbhələrdə layiqincə müdafiə və təmin etdi. Hər günü uğurlu hərbi əməliyyatlarla yadda qalan müharibə dövründə Azərbaycan əsgəri yalnız qələbə haqqında düşündü. Artıq Qarabağla bağlı tamamilə yeni reallıq yaranıb. Müzəffər ordumuzun yaratdığı bu reallıq ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub.
Qeyd edək ki, Zəfər Günü münasibətilə LDU-da çalışan, təhsil alan əməkdaşlara, tələbələrə, şəhid ailəsinin üzvlərinə pul mükafatları verilib.
LDU-da Zəfər Günü münasibətilə tədbir keçirilib


Mənbə:
Paylaş: