Geri

07/11/23

Zəfər Günü ilə bağlı birgə konfrans


Lənkəran şəhər Heydər Əliyev Mərkəzində 8 Noyabr - Zəfər Günü ilə əlaqədar “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin nəticəsidir” və “Ata vəsiyyəti və inamlı Zəfər” mövzularında konfrans keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin Lənkəran Dövlət Universiteti ilə birgə təşkil etdiyi konfransda rayon ictimaiyyətinin nümayəndələri, LDU-nun professor-müəllim-tələbə heyəti iştirak edib.
Konfrans torpaqlarımızın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başlanıb.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov konfrans iştirakçılarını 8 Noyabr Zəfər Günü münasibətilə təbrik edib, qazanılan böyük qələbəni Azərbaycanın son iki əsrlik tarixinin ən şanlı, qürur səhifəsi adlandırıb, Ali Baş Komandan İlham Əliyevin uğurlu və müdrik siyasətinin əməli nəticəsi kimi dəyərləndirib. Bildirib ki, 8 Noyabr tarixi xalqımızın və ordumuzun Ali Baş Komandanın ətrafında sıx birləşərək Qarabağ münaqişəsinə, illərdən bəri yaşadığımız haqsızlığa “Dəmir Yumruq”la son qoyduğu gündür. İcra başçısı Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra erməni qəsbkarlarının tapdağı altında olan torpaqlarımızın geri qaytarılması uğrunda apardığı çox istiqamətli fəaliyyətindən də ətraflı bəhs edib. Bildirib ki, “Biz Qarabağımıza qayıdacağıq, Qarabağ tarixi Azərbaycan torpağıdır!”, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusu reallaşıb. İcra başçısının Ulu Öndərin məzarını ziyarət edərkən Ali Baş Komandanın etdiyi çıxışında dediyi : “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!-sözlərini zal alqışlarla qarşılayıb.
Konfransda Lənkəran Dövlət Universitetinin “Tarix və onun tədrisi metodikası” kafedrasının müdiri dos.Kamal Mahmudov “Zəfər Günü Heydər Əliyev siyasətinin təntənəsidir”, həmin kafedranın dosentləri Emin Məlikov “Heydər Əliyevin neft strategiyasından başlanan Zəfər yolu”, Mayis Cəfərov “44 günlük Zəfər yolu”, Çay fabriki qəsəbə orta tam orta məktəbinin direktoru Sadiq Quliyev “Ata vəsiyyəti və inamlı Zəfər” mövzularında məruzə ediblər. Məruzə və çıxışlarda 8 Noybar Zəfəri təkcə hərbi zəfər deyil, həm də Azərbaycanın siyasi və hüquqi arenada qazandığı zəfər kimi- bütün Türk dünyasının zəfər günü kimi dəyərləndirilib. Qeyd edilib ki, Lakin zəfəri qazanmaq qədər onu qorumaq da şərəfli bir borcdur, bu vətənin övladı olaraq Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək, Azərbaycanın, Qarabağ torpaqlarının yenidən çiçəklənməsi üçün əlimizdən gələni edəcəyimizə söz veririk.

Zəfər Günü ilə bağlı birgə konfrans


Mənbə:
Paylaş: