Lənkəran Dövlət Universitetinin Elmi kitabxanası universitet yarandığı ildən, 1992-ci ildən fəaliyyət göstərir. Kitabxana təhsil və informasiya funksiyalarını yerinə yetirən müəssisə kimi tədris prosesini, müəllim və tələbələrin elmi-pedaqoji fəaliyyətini kitabxananın fondunda olan ədəbiyyat və başqa materiallarla təmin etməklə universitetin kadr hazırlığında yaxından iştirak edir.
Hazırda Elmi kitabxananın fondu 82000 nüsxə təşkil edir. Bunlardan 54489 nüsxəsi kitab digərləri isə not, albom, xəritə, disk, metodik vəsaitlərdir. Bundan başqa tövsiyyə, proqram, avtoreferat, dissertasiya, müxtəlif mövzulu kataloqlar, elmi əsərlər, xarici ölkələrdə və ölkə universitetlərində nəşr olunan elmi xəbərlər və sair materiallardır. Kitablar azərbaycan, rus, türk, ingilis, fransız, alman və s. dillərdədir. Fond Universal Onluq Təsnifatına (UOT) uyğun olaraq təsnifləşdirilib.
Universitet geniş profilli olduğu üçün kitabxanada oxuculara göstərilən xidmət də fərqlidir. Oxuculara xidmət işi abonement və oxu zallarında həyata keçirilir. Xidmət işinin daha səmərəli təşkili üçün daha üç fakultədə oxu zalları fəaliyyət göstərir.
Yeni təmir olunmuş kitabxananın daha bir elektron oxu zalı tikilib tələbələrin istifadəsinə verilmişdir.
Kitabxanaya vaxtaşırı Ankara Dövlət Universitetində nəşr olunan dərgilər, Bakı Dövlət Universitetinin, AMEA -nın “Xəbərlər” toplusu, bundan başqa Azərbaycan Respublikası Prezident Aparatı, Təhsil Nazirliyi, Statistika Komitəsi, Nazirliklər və müəlliflər tərəfindən ölkəmizin təhsil, iqtisadi, siyasi və sosial sahələrdəki uğurlarını əks etdirən kitablar, foto-albomlar, digər sənədlər göndərilir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı və “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 2007-ci il 24 avqust tarixli sərəncamı ilə nəşr olunmuş habelə Heydər Əliyev fondu tərəfindən nəşri həyata keçirilən bir çox ədəbiyyatlar, lüğətlər, ensiklopediyalar kitabxana fondunun zənginləşməsində böyük əhəmiyyət kəsb etmişdir.
Vahid oxucu biletinə əsasən kitabxananın iki min nəfərdən artıq oxucusu vardır. Bunlar tələbə, magistr, professor-müəllim, inzibati idarə heyətindən ibarətdir. Kitabxananın xidmətindən həmçinin bölgədə yaşayan və elmi-tədqiqat işi ilə məşğul olanlar habelə digər universitetlərdə qiyabi təhsil alan tələbələr, Aqrar və texnoloji kollecin və Lənkəran Tibb Məktəbinin tələbələri də istifadə edirlər.
Kitabxananın oxu zalında Ulu Öndər Heydər Əliyevə və Prezident İlham Əliyevə həsr edilmiş daimi kitab sərgisi təşkil edilmişdir. Bu sərginin yaratmaqda məqsədimiz gənclərimizə Ulu Öndərin və Prezidentimizin həyat yolu haqqında daha dolğun məlumat verməkdir.
Bundan başqa kitabxana universitetdə keçirilən konfranslarda, Anım günlərində, dövlət bayramlarında və tədbirlərində mövzuya həsr olunmuş geniş kitab sərgiləri ilə çıxış edir.
Kitabxana bölməsinin rəhbəri Bakı Dövlət Universiteti Kitabxanaçılıq-İnformasiya fakultəsinin məzunu, təcrübəli mütəxəssis Elazə Məmməd qızı Əhmədovadır. O, 1999-cu ildə qeyri-hökumət təşkilatlarının universitetlər arasında keçirdiyi qrant müsbiqəsində iştirak edərək “Poliqrafiya və nəşriyyat işi” layihəsinin qalibi olmuşdur. Ayrı-ayrı illərdə universitet rəhbərliyi, 2006-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri-fərmanla təltif edilmişdir.
E-mail library @lsu.edu.az