Lənkəran Dövlət Universitetinin Elmi Kitabxanası 1992-ci ildən fəaliyyət göstərir. İlk vaxtlar kitabxana üçün universitetin inzibati binasında iki otaqdan ibarət yer ayrılmışdı. Bunlardan birində oxu zalı, digərində isə kitabxana fondu və abonement yerləşirdi. Növbəti ildə oxu zalı Lənkəran şəhər 2 saylı orta məktəbin köhnə binasına köçürüldü. Bu binadan həm də universitetin Humanitar və Pedaqoji fakultələrinin tədris korpusu kimi istifadə edilirdi. İlk vaxtlarda kitabxananın uyğunlaşdırılmış otaqlarda fəaliyyəti müxtəlif çətinliklərlə üzləşirdi. Amma universitetdə oxuyanlar da işləyənlər də o qədər xoşbəxt idilər. Həqiqətən də Lənkəran şəhərində universitetin açılışı bölgədə hadisəyə çevrilmişdi. Az qala heç kəs təəccüb və marağını, sevincini gizlədə bilmirdi.
Sovet dövründə digər respublikalarda bu hal ənənəyə çevrilsə də, Azərbaycan Respublikasında bölgədə ilk universitet Lənkəran Dövlət Universiteti oldu. Sonralar bu proses digər regionlarda da ənənəvi şəkildə davam edəcəkdi. Amma uzun illərdən sonra...
1992-ci ildən başlayaraq universitetin kitabxana fondu tədricən formalaşmağa başladı. Fondun zənginləşməsi üçün universitetə böyük maraq və həvəslə Lənkəran şəhərinin bir çox kitabxanaları, Bakı Dövlət Universitetinin kitabxanası, həm də ayrı-ayrı şəxslər, şəhər sakinləri yaxından köməklik göstərirdilər. Rəhbərliyin səy və bacarığı ilə bu sahədə çoxlu işlər görüldü.
Lənkəranın çox qədim məktəb tarixi olsa da, lakin cənub bölgəsində ilk olaraq universitet Lənkəran Dövlət Universiteti olmuşdur. Bu universitetin yaranması müstəqillik dörünə təsadüf edir. Burada universitetin açılışı insanlara, valideynlərə o qədər sevinc və qürur bəxş etmişdi ki, bu Müstəqil Azərbaycanın tarixində hadisə oldu desək yanılmarıq. Elm və təhsillə yanaşı bu həm də iş yeri, alıcılıq qabiliyyəti və s. demək idi.
Lənkəran Dövlət Universitet klassik universitet modelinə uyğun olaraq geniş profilli idi. Burada təhsil, elmi – tədqiqat müəssisələrində, xalq təsərrüfatının və sənayenin müxtəlif sahələrində işləmək üçün mütəxəssislər hazırlanırdı. Universitetin geniş profilli olması kitabxana quruluşunda mühüm əhəmiyyət kəsb edir.
Kitabxana eyni zamanda təhsil, informasiya funksiyalarını yerinə yetirən müəssisə kimi tədris prosesini, müəllim və tələbələrin elmi – pedaqoji fəaliyyətini kitabxananın fondunda olan ədəbiyyat və digər sənədlərlə təmin etməklə universitetin kadr hazırlığında yaxından iştirak edir. O zaman oxucuların informasiya tələbatının ödənilməsində informasiya texnologiyaları iştirak etmirdi. Bundan başqa ölkədə yaşanan iqtisadi böhran poliqrafiya və çap işinə də təsir etməyə bilməzdi. Beləliklə o çətin zamanda kitabxananın yaradılmasında bir işçi kimi iştirak etdiyimə və çətinliklərin öhdəsindən gəldiyimə görə çox məmnun idim. Kitabxananın yaradılması və zənginləşməsi universitetdə az qala bir nömrəli məsələyə çevrilmişdi. Rektor hətta məsul işçiləri də bu işə cəlb etmişdi. Lakin yenə də çətinlik əsasən kitabxana işçilərinin xüsusilə böyük kitabxanaçı kimi fəaliyyət göstərərdiyimə görə mənim və kitabxananın direktoru Heydərova Nəzakətin üzərinə düşürdü. Sonralar kitabxanaya daha iki nəfər rəhbərlik etmişdir. Bunlar Tahirə Mirzəbəyova və Aygün Əzizova olmuşlar.
1992-ci ildə əyani təhsil şöbələrində qəbul imtahanları ilk dəfə olaraq test üsulu ilə keçirildi. Yəqin ki, həm ilk dəfə, həm də səbəblərlə bağlı olaraq dərslər 1993-cü ilin yanvar ayında başladı. Dərslər başlayanadək artıq universitetin kitabxana fondu formalaşmışdı. Tələbə və müəllim heyəti, habelə inzibati işçilər kitabxanadan lazımı səviyyədə həm də böyük həvəslə istifadə edirdilər.
Kitabxanaya diqqət və qayğı gün-gündən artırdı. Müxtəlif universitetlərdən, xüsusən BDU-dan dərs deməyə gələn müəllimlər kitabxana ilə marağlanır, öz tövsiyyələrini verirdilər. Kitabxanaya kitab hədiyyə edirdilər. Tez-tez kitabxanaya baş çəkən professorlardan Qüdrət İsmayılov, İdeal Nərimanov (sonrakı illərdə artıq Akademik idi) Rəfiqə Mustafayeva, Rəhilə Məhərrəmova, Mirzə Rəhimov, Əjdər Ağayev, Qəmərşah Cavadov, Seyfəddin Qəndilov, Xalid Əlimirzəyev, Musa Qasımlı, Məhərrəm Qasımlı və s. diqqət və qayğıları ilə kitabxananın həyatında silinməz iz qoydular.
Əbülfəz Rəcəbli hər yeni kitabından kitabxanamıza nüsxələr bağışlayardı.
Zaman, sanki kitabxananın xeyrinə işləyirdi. Biz tez-tez Bakı şəhərinə ezam olunmaqla bəzi universitetlərdən LDU-nun profilinə uyğun olaraq çoxlu sayda kitab gətirməyə nail olduq. Bu kitabların alınmasına əsasən maliyyə vəsaiti xərclənsə də, lakin Bakı Dövlət Universitetinin kitabxanasından bizə, müəyyən qədər universitetin profilinə uyğun olaraq lazımı ədəbiyyatlar verildi. Bu illər ərzində BDU-nun Elmi kitabxanasının o zamankı direktoru Sara İbrahimovanın xüsusi diqqət və qayğısını hər zaman hiss etdik. Hələ o zaman bizim universitet BDU-nun filalı kimi fəaliyyət göstərirdu. Altı aydan sonra isə Lənkəran Dövlət Universiteti artıq müstəqil fəaliyyət göstərməyə başladı.
1995-ci ilin dekabr ayından kitabxananın direktoru vəzifəsinə təyin edildim. Universitetin yaranmasından neçə illər keçməsinə baxmayaraq kitabxananın ayrıca binası yox idi. Nəhayət 1995-ci ilin fevral ayında kitabxana kimi istifadə etmək üçün hal-hazırda istifadə etdiyimiz bina bizə verildi və bundan sonra kitabxananın kitabxana qaydalarına uyğun olaraq formalaşması fondların bölünməsi, bir sözlə kitabxananın yenidən qurulması işi mənim üzərimə düşdü.Bu missiyanı yerinə yetirdiyimə görə çox xoşbəxtəm. Kitabxanaya 2 mərtəbəli yerli əhalinin hələ də “Ziyalılar evi” kimi tanıdığı bina məhkəmənin qərarı ilə universitetə verildi. Bundan sonra bizim də kitabxana fondunuz, oxu zalı və abonement otaqlarımız normal fəaliyyət göstərməyə başladı.
Amma o vaxtdan çox illər keçib, çox işlər məcrasını dəyişib, formalşıb. Son beş ildə informasiya texnologiyaları kitabxananın tərkib hissəsinə çevrilib. O cümlədən kitabxananın strukturu da dəyişib. Kitabxanada informasiya resursları üzrə mütəxəssis, elektronlaşmış oxu zalı, elektron kitabxana və s. fəaliyyət göstərir. Belə ki, kitabxanada təmir və lazım olan kitabxana avadanlıqları, elektron vasitələrlə təchiz edilmiş beş oxu zalı, əsas və yardımçı fondlar fəaliyyət göstərir. Bu da 250 kv.m-dən artıq sahəni əhatə edir. Kitabxana işçiləri və tələbələr kitabxanaya lazım olan hər cür elektron vasitələrlə təmin olunmuşlar.
Elazə Əhmədova,
İKT və Kitabxana mərkəzi üzrə bölmə rəhbəri
E-mail: library@lsu.edu.az
Telefon: (+994) 0252561037
Faks: (+994) 0252562786