Kafedra “Azərbaycan dili və ədəbiyyatı” adı ilə 1992-ci ildən fəaliyyətə başlamışdır. 1994-cü ildə kafedranın bazası əsasında "Dilçilik və xarici dillər" və "Azərbaycan və dünya ədəbiyyatı" kafedraları yaradılmışdır. Müxtəlif illərdə AMEA-nın müxbir üzvü prof. Ə.Səfərli, prof. S.Əsədullayev, prof.N.Nazim və prof.Y.Ağazadə “Azərbaycan və dünya ədəbiyyatı” kafedrasının rəhbəri olmuşlar. 1999-cu ildə “Azərbaycan və dünya ədəbiyyatı“ kafedrası “Ədəbiyyat” kafedrası adlandırılmışdır. 2007-ci ildə “Azərbaycan dilçiliyi və türkologiya” və “Ədəbiyyat” kafedraları “Dil və ədəbiyyat” adı altında birləşdirilmişdir. Müxtəlif illərdə müxtəlif adlar altında fəaliyyət göstərən kafedra nəhayət, 2016-cı ildən əhatə etdiyi ixtisaslara və hüquqi qaydalara uyğunlaşdırılaraq “Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası” adı altında fəaliyyətə başlamışdır. 2017-ci ilin 09 fevral tarixindən seçki əsasında müvafiq əmrlə kafedraya filologiya elmlər namizədi, dosent E.Səfərli kafedra müdiri təyin edilmişdir. Kafedrada hazırda 10 nəfər əməkdaş – 1 nəfər elmlər doktoru, professor, 7 nəfər filologiya üzrə fəlsəfə doktoru, dosent, 1 nəfər filologiya üzrə fəlsəfə doktoru, baş müəllim və 1nəfər müəllim fəaliyyət göstərir.
Kafedranın əsas elmi və pedaqoji fəaliyyət istiqamətləri:
Kafedrada Ədəbiyyatın ümumi məsələləri, Dilçiliyin ümumi məsələləri istiqamətlərində elmi tədqiqat işləri aparılır.
Kafedranın 2019-cu təqvim ilində əldə etdiyi mühüm elmi nəticələr haqqında məlumat:
1. Fil.e.n., dos. Səfərli Elşad Məhərrəm oğlu
Mövzu: Azərbaycan sonetinin forma-məzmun xüsusiyyətləri
Alınmış nəticələr:
XX əsrin əvvəlirndən başlayaraq “poeziyanın əsas forması” (İ.Bexer) hesab edilən sonet janrının Azərbaycan lirikasında da yaradıcıları meydana çıxmağa başladı və bu yaradıcı təşəbbüs Azərbaycan poeziyasının bədii-estetik məfkurənin yeni bir ifadə forması kimi şeirin bu növündə də uğurlar əldə edəcəyinə bu sahə üzrə böyük inam yaratdı. Həqiqətən də, qısa bir müddət ərzində Azərbaycan soneti nəinki sənət axtarışları baxımından, həm də forma-məzmun xüsusiyyətləri kontekstində böyük irəliləyişlərə nail oldu.
Azərbaycan sonetinin forma-məzmun xüsusiyyətləri ilə bağlı apardığımız araşdırmalar nəticəsində əldə etdiyimiz nəticələri aşağıdakı kimi xarakterizə etmək mümkündür:
1. Azərbaycan soneti XX əsr çərçivəsində dünya sonet poetikasının klassik forma-məzmun xüsusiyyətlərindən fərqli, milli özünəxas sonet ənənələrinin yaranmasına nail ola bilmişdir;
2. M.Müşfiq, H.Cavid, A.Abdulla və E.Səfərli kimi sonetçi şairlərin yaradıcılığında sonetin yeni formalarda təcəssümü dominantlıq təşkil etmişdir;
3. Azərbaycan sonetində əzəli klassik sonet mövzularından fərqli milli ictiami sonet mövzularına geniş müraciət müşahidə edilməkdədir;
4. Azərbaycan lirikasında insan zəkasına, onun yaradıcılıq qüdrətinə, qurub-yaratmaq eşqinə böyük inam, incə, zərif duyğuların, sevgi, məhəbbətin tərənnümünə və xüsusən qadına dərin hörmət, ehtiram motivləri bu lirikanın əsas mövzu qaynaqlarıdır;
5. Azərbaycan poeziyasında ilk dəfə olaraq sonetlər çələngi şair Şəkər Aslanın yaradıcılığında müşahidə edilmiş və bu sonet şəklinə daha müraciət də elə Lənkəranda – Cənubda geniş vüsət almışdır;
6. İlk dəfə olaraq Azərbaycan poeziyasında sonet janrının digər formaları və şəkildəyişmələri, janrın strukturunda transformasiya, eksperiment və akrokonstruksiyalar tətbiq edilmişdir;
7. Azərbaycan soneti get-gedə daha da təkmilləşmədə, forma-məzmun baxımından zənginləşmədə, sonetin yeni növ və şəkillərinin geniş vüsət almasında əsil sonetist şairlərin yaradıcılığında bu janra diqqət get-gedə artmada və bu şeir janrının tədqiqi-təbliği baxımında araşdırılması sahəsində ədəbiyyatşünaslıq elmimizin də böyük maraq göstərməsi aşkarlanmaqdadır.
2. Fil.ü.f.dok., b\m. Rufullayev Qədim İgid oğlu
Mövzu: Orta dövr Azərbaycan yazılı ədəbiyyatında xalq dastan janrının inikası
Alınmış nəticələr:
Ədəbiyyatımızın orta əsrlərdəki inkişafını xarakterzə etdikcə aydın olur ki:
1.Azərbaycan yazılı ədəbiyyatı qədim dövrlərdə olduğu kimi orta əsrlərdə də şifahi xalq yaradıcılığı ilə qarşılıqlı əlaqədə inkişaf edirdi.
2.Azərbaycan ədəbiyyatının ən məşhur nümayəndələri yaradıcılıqları boyu bu əlaqələrə önəm vermiş və ondan faydalanmış, fundamental əsərlər yaratmışlar.
3.Orta əsrlərdə yazılı ədəbiyyatın müraciət etdiyi əsas folklor qaynaqlarından biri də dastan yaradıcılığı olmuşdur.
4.“Dastani-Əhməd Hərami”, “Dəhnamə”, “Bəxtiyarnamə”, “Şəhriyar dastanı” kimi əsərlər orta dövrlərdə araya-ərsəyə gələn poemalar sırasındadır və bu nümunələrdə dastançılıq ənənələrinin qorunması onların xalq yaradıcılığının təsiri ilə meydana gəlməsindən xəbər verir.
5.Ədəbiyyatımızın orta dövr, hətta sonrakı inkişaf mərhələlərində də nağıl və dastan sujetlərindən faydalanma ənənəsi davam etmişdir.
3. Fil.e.n., dos. Əliyev Əlirza Babakişi oğlu
Mövzu: Seyfəddin Dağlının əsərlərində onomastik vahidlərin linqvistik baxımdan tədqiqi
Alınmış nəticələr:
1.Seyfəddin Dağlının əsərlərindəki antroponimlərin tərkibinin əksəriyyəti şəxs adları və ləqəblərdən ibarətdir.
2.Buradakı şəxs adları forma, məzmun və mənşə etibarilə müxtəlif olub aşağıdakı kimidir:
a) əsl Azərbaycan mənşəli şəxs adlar: Orxan, Sona, Ceyran, Bircəxanım və s.
b) ərəb mənşəli şəxs adları: Məhəmmədəli, Namaz, Rza, Həsən, Hüseyn, Musa, İsa. Validə və s.
c) fars mənşəli şəxs adları: Pəri, Cahan, Mir Daxil və s.
d) rus və avropa mənşəli şəxs adları: Pyotr, Valentina, Patrix, Nadiya və
3.Yazıçının əsərlərində şəxs adları quruluş etibarilə də rəngarəngdir.
a) sadə şəxs adları: Cəfər, Musa, İsa, Namaz, Həsən, Rza, Əli və s.
b) düzəltmə şəxs adları: Ballı, Yaşar, Gülüstan və s.
c) mürəkkəb şəxs adları: Şahbikə, Bəykişi, Məhəmmədəli, Şahsənəm və s.
4.Yazıçının əsərlərində ləqəblər də çoxluq və rəngarənglik təşkil edir. Vergülağa, Razmenka Rzabala, A Abutalıb, Şalaxo Şirkərim, Küncəvoy Gəncimon və s.
5. Bu ləqəblər bilavasitə yazıçının şəxsi təmayülünün məhsuludur. Belə ləqəblərə başqa yazıçıların əsərlərində təsadüf olunmur.
4. Fil.e.n., dos. Mirhüseyn Abbas Sürət oğlu
Mövzu: Tarixi romanın janr xüsusiyyətləri
Alınmış nəticələr:
Tarixi romanların tədqiqi göstərir ki, yeni tipli tarixi romanlar, hər şeydən əvvəl, tarixə müasir baxışla səciyyələnir. Tarixə müasir baxış və müasirlik bu janrın zəruri keyfiyyətləridir.
Bu mənada tarixi romanların janr xüsusiyyətlərini tədqiq edərək aşağıdakı nəticələrə gəlmişəm
Tarixi romanlarda:
1.Roman janrı ilə bağlı istənilən təsnifat, janr müəyyənliyi bu və ya digər dərəcədə şərtidir.
2.Son illərin tarixi romanlarında keçmişin real boyalarla canlandırılması, xalq həyatının geniş epik təsviri və s. xüsusiyyətlər qabarıq şəkildə nəzərə çarpır.
3.Əsas süjetlər birbaşa tarixi hadisələrin özündən təşkil olunur;
4.Öz əzəməti ilə insanı valeh edən keçmişin açılışı, tarixi gerçəkliyin geniş qavrayışı və təsviri diqqəti cəlb edir;
5.Çoxçeşidli, rəngarəng romanların yaranması və onların sayının çoxalması janrın tipoloji təsnifini zəruri edir.
6.Tarixi romanın janr xüsusiyyətləri baxımından F.Kərimzadənin “Xudafərin körpüsü” romanında salnamə, tarixi xronika xüsusiyyəti açıq hiss edilir.
7.Tarixi şəxsiyyətin ictimai, dövlətçilik və vətəndaşlıq fəaliyyəti haqqında həqiqətlər əks olunur.
5. Fil.ü.f.dok., b/m Dənziyeva Könül Babaş qızı
Mövzu: İfadəli nitqin yaranmasında omonim, sinonim və antonimlərin rolu
Alınmış nəticələr:
1. Müxtəlif qrammatik formalarda uyğunlaşan morfoloji omonimlər bədii nitqdə çoxdur. Bu sözlərdən ustalıqla istifadə şer dilinə xüsusi ahəngdarlıq verir, öz orijinallığı ilə oxucunun nəzər-diqqətini cəlb edir, onun hiss və duyğularına güclü təsir göstərir. Buna görə də omoformalardan bədii hallarda emosiyanı qüvvətləndirmək üçün də istifadə edilir.
2. Omonimlərin şeirdə və bayatılarda işlədilməsi ahəngdarlığı və səlisliyi artırır, musiqilik və axarlıq yaradır, mənanı gücləndirir, oxucunun bədii zövqünü oxşayır.
3. Obrazların əhvali-ruhiyyəsini, ürək döyüntülərini, hiss və duyğularını ifadə etməkdə sinonimlərin rolu böyükdür.
4. Bədii əsərlərdə sinonimlər dekorativ fon yaratmaq üçün də bir-birini əvəz edərək işlədilir.
5. Əsərin satirik tonunu qüvvətləndirmək, yumor yaratmaq, komik situasiyaları incə boyalarla verməkə də sinonimlərin ardıcıl şəkildə işlənməsi əhəmiyyətlidir.
6. Antonimlər ifadəli nitqdə mühüm rol oynayır. Müəyyən təcrübəyə malik ədib bəhs etdiyi əşya və hadisələrin kəmiyyət, keyfiyyət, zaman və məkan məzmunlarının əks və ziddiyyətli cəhətlərini ifadə edərkən daha uyarlı və təsirli antonimlər işlətməklə oxucuların diqqətini özünə cəlb edir.
6. Fil.e.n., dos. əvəzi Mirzəyev Elman Savad oğlu
Mövzu: Dialekt leksikasında etnonimlərin sistemli təhlili
Alınan nəticələr:
– Əldə etdiyimiz faktlar belə bir nəticəyə gəlməyə imkan verir ki, dialekt leksikasında etnonim mənşəli adlar geniş yayılmışdır. Belə adlar əsas etibarı ilə ortaq türk onomastik vahidləri ilə səsləşir və gələcək tədqiqatlar üçün əhəmiyyətlidir.
– Qeydə aldığımız nümunələrdən aydın olur ki, etnonimik adların mütləq əksəriyyəti (Çakirli, Şa:sevən//Şahsevən, Yazrağ, Dırağalı və s.) indiyə qədər Azərbaycan toponimlərdə öz varlığını saxlamaqdadır.
– Mənşə baxımından etnonimik adların əksəriyyətini milli adlar təşkil edir. Bununla bərabər, mikro areal daxilində bəzi qeyri-milli (talış, kürd, orus>rus, cüyüd) adların yayılması da müşühidə olunmaqdadır.
– Elmi tədqiqat işi gələcəkdə dialektoloji, onomastik lüğətlərin, onomastik atlasın hazırlanması işində həm də praktik əhəmiyyətə malikdir.
Kafedra üzrə ixtisaslaşmaların siyahısı:
- 050101- "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" (bakalavr);
- 060101- “Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası” (magistratura)
- 5716.01- “Azərbaycan ədəbiyyatı” (doktorantura);
- 5706.01- “Azərbaycan dili” (doktorantura);
Kafedra üzrə aşağıdakı doktorantlar fəaliyyət göstərir:
1. Leyla İbrahimova – 5706.01- “Azərbaycan dili” ixtisası üzrə doktoranturaya (əyani), büdcə hesabına
Elmi rəhbər: Prof. Q.Məşədiyev
2. Nərmin Məmmədova – 5716.01- “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə doktoranturaya (qiyabi), büdcə hesabına
Elmi rəhbər: Prof. Vüqar Əhməd, dos. K.Kazımov
3. Əliyeva Ülviyyə – 5716.01- “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə doktoranturaya (qiyabi), ödənişli əsaslarla
Elmi rəhbər: Akad. T.Kərimli
4. Əliyev Nəsimi – 5706.01- “Azərbaycan dili” ixtisası üzrə doktoranturaya (qiyabi), büdcə hesabına
Elmi rəhbər: Prof. T.Hacıyev
5. Esmira İsmayılova – 5716.01- “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə dissertanturaya, büdcə hesabına
Elmi rəhbər: Prof. İ.Qəribli
Kafedra üzrə tədris olunan əsas fənlər:
Bakalavr üzrə:
1. Ədəbiyyatşünaslığa giriş
2. Azərbaycan şifahi xalq ədəbiyyatı
3. Azərbaycan ədəbiyyatı
4. Azərbaycan ədəbiyyatı tarixi -1
5. Azərbaycan ədəbiyyatı tarixi – 2-3
6. Azərbaycan ədəbiyyat tarixi - 4
7. Ədəbiyyat tarixi – 1-2
8. Ədəbiyyatın tədrisi metodikası
9. S\f (Ədəbiyyat dərslərində bədii əsərlərin öyrədilməsi metodikası)
10. S\f. (Ədəbiyyat nəzəriyyəsi)
11. S\f (Lirik əsərlərin tədrisi metodikası)
12. Dilçiliyə giriş
13 Müair Azərbaycan dili
14. Müasir Azərbaycan dili – 1- 2
15. Müasir Azərbaycan dili – 3-4
16. Azərbaycan dilinin tədrisi metodikası
17. Azərbaycan dili tarixi
18. Nitq mədəniyyəti
19. Azərbaycan dili və nitq mədəniyyəti
20. Azərbaycan dilindən praktikum
21. S\f. (Orfoq.və orfoep.tədrisi metodikası)
22. S\f (Söz yaradıcılığının tədrisi metodikası)
23. S\f. (Morfologiyanın tədrisi metodikası)
24. S\f. (Mürəkkəb cümlənin tədrisi metodikası)
25. Azərbaycan dialektologiyası
26. Əski əlifba
27. Əski Azərbaycan yazısı
28. Ümumtəhsil kurikulumun əsasları
Magistratura üzrə:
1. Azərbaycan dilinin fonetika və leksikologiyasının tədrisi metodikası
2. Azərbaycan dilinin tədrisi metodikasının tarixi və metodologiyası
3. Müasir Azərbaycan dilinin qrammatikasının nəzəri əsasları
4. S\f. Azərbaycan ədəbi tənqidinin tarixi
5. Azərbaycan ədəbiyyatının tədrisi metodikası
6. Ədəbiyyatın tədrisi metodikasının tarixi və metodologiyası
7. Ədəbiyyatın tədrisi metodikasının müasir problemləri
8. Yeni və ən yeni dövr Azərbaycan ədəbiyyatı tarixi tədrisi metodikası
9. Şifahi xalq ədəbiyyatının tədrisi metodikası
10. Ədəbiyyat nəzəriyyəsi və onun tədrisi metodikası
11. S\f. (Bədii təsvir və ifadə vasitələrinin tədrisi metodikası)
12. S\f. Tədqiqat üsulları (humanitar elmlər üzrə)
13. Magistr rəhbərliyi
14. AMTMOF (Tarixi dialektologiya)
Dos. Səfərli Elşad Məhərrəm oğlu
1957-ci ildə Lənkəran rayonunun Gərmətük qəsəbəsində anadan olmuşdur. 1984-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş və həmin ildən Bakı şəhərində "Maarif" nəşriyyatında redaktor, böyük redaktor, "Sifariş və müəllifin öz hesabına ədəbiyyat nəşri" redaksiyasının müdiri vəzifələrində çalışmışdır. 1996-cı ildə Lənkəran Dövlət Universitetində Elmi katib vəzifəsinə təyin olunmuş və bu vəzifədə 2006-cı ilin sentyabrına qədər işləmişdir. Elmi katibliklə yanaşı, 1998-ci ildən "Dil və ədəbiyyat" kafedrasında 0,5 baş müəllim vəzifəsində fəaliyyət göstərmişdir. 2007-ci ildə "Sabir Rüstəmxanlının fərdi yaradıcılıq üslubi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 2014-cü ildə isə Ali Attestasiya Komissiyasının qərarı ilə ona “dosent” elmi adı verilmişdir. Avropa mənşəli sonet janrı ilə bağlı “Azərbaycan soneti: janrın təkamülü” mövzusunda doktorluq dissertasiyaını yekunlaşdırmış, mövzu ətrafında 1 metodik vəsait, 1 dərs vəsaiti, 2 monoqrafiya nəşr etdirmiş, 50-yə yaxın elmi məqaləsi və tezisləri müxtəlif elmi jurnallarda çap etdirmişdir. Ümumilikdə 3 monoqrafiyanın, 1 dərs vəsaitinin, 1 metodik vəsaitin, 8 fənn proqramının, 60-dan çox elmi məqalənin müəllifidir. E.Səfərli 2017-ci ilin 09 fevral tarixindən “Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası” kafedrasının müdiridir. E.Səfərli eyni zamanda bədii yaradıcılıqla məşğul olur, tanınmış şairdir. 11 şeir və poemalar, ümumiyyətlə 14 kitabın müəllifidir. “Bədii təsvir və ifadə vasitələrinin tədrisi” dərs vəsaiti LDU Elmi Şurasının 2019-cu il 28 fevral tarixli iclasının qərarı və LDU rektorunun 1 mart 2019-cu il tarixli, 4\39 saylı əmri ilə çapa tövsiyə edilmiş və vəsait nəşrə hazırlanır. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Onun elmi və bədii yaradıcılığı ilə bağlı 100-dən artıq məqalə, resenziya, publisistik və müxtəlif tipli yazılar yazılmış, həmçinin ədəbiyyatşünas Z.Ələsgərov “Hələ yol gələn arzuyam” (2002), yazıçı-publisist A.Eminov “E.Səfərlinin poeziyası, düşüncələr, mülahizələr” (2017) kitablarını nəşr etdirmiş və şair-publisist Ə.Xələflinin, E.Səfərlinin “Qiymət” poeması haqqında mülahizələr kitabı çapa verilmişdir.
e.safarli@mail.ru ; seferli.a@mail.ru
Dos. Kazımov Kamran Şahverən oğlu
1961-ci il mart ayının 8-də Lənkəran rayonun Yuxarı Nüvədi kəndində anadan olmuşdur. 1994-cü ildə M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunu (indiki BSU) fərqlənmə diplomu ilə bitirib. Filologiya elmləri namizədi, dosentdir. “N.S.Tixonov və Şərq” adlı doktorluq dissertasiyası işini bitirmişdir. Xarici ölkə ədəbiyyatı üzrə mütəxəssisdir. 4 monoqrafiya, 10 proqram, 6 metodik vəsait, 90-dan çox elmi məqalənin müəllifidir. Onun elmi əsərləri Respublikanın və Rusiya, Polşa, Amerika, Çexiya, Gürcüstan və digər xarici ölkələrin elmi jurnallarında dərc olunmuşdur. O, Polşanın Poznan şəhərində, Özbəkistanın Səmərqənd şəhərində, Rusiyanin Kursk Dövlət Texniki Universitetində, Astraxan Dövlət Universitetində, Volqoqrad Dövlət Universitetində, Moskva Dövlət Pedaqoji Universitetində, keçirilən. beynəlxalq elmi konfranslarda, həmçinin Belorusiyanın paytaxtı Minsk şəhərində təşkil olunan “Müstəqil Dövlətlər Birliyinin dil siyasəti” mövzusunda konqresdə məruzələrlə çıxış etmiş, Polşanın Lodz, Böyük Britaniyanın Esseks Universitetlərində, Rumıniyanın İasse şəhərində Aleksandru İoan Kuze Universitetində treninqlərdə iştirak etmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti tərkibində Türkiyə Cümhuriyyətinin təhsil sisteminin öyrənilməsi sahəsində Ankaranın TODAİE İnstitutunda keçirilən seminarda Lənkəran Dövlət Universitetini təmsil etmişdir.
kkamran@mail.ru
Dos. Əliyev Əlirza Babakişi oğlu
1946-cı ildə Masallı rayonunun Rudəkənar kəndində anadan olmuşdur. 1967-ci ildə Lənkəran Pedaqoji Texnikumunu, 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1982 - ci ildə "Azərbaycan dilində jarqonlar" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Ə.Əliyev 1967-1978-ci illərdə orta məktəblərdə müəllim, 1978-1987-ci illərdə Lənkəran rayon Təhsil şöbəsində metodist, 1987-2007-ci illərdə isə Lənkəran şəhər təhsil şöbəsinin müdir müavini vəzifələrində çalışmışdır. Eyni zamanda 1992-ci ildən Lənkəran Dövlət Universitetində Müasir Azərbaycan dili fənnindən mühazirələr oxuyur. “Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası” kafedrasının dosentidir. O, 4 monoqrafiya, 1 dərslik, 1 dərs vəsaiti və 70-dən artıq elmi, elmi-metodiki və publisist məqalənin müəllifidir.
alırza1946@ mail.ru
Prof. Qəribli İslam Eynəli oğlu
Qəribli İslam Eynəli oğlu 1954-cü ildə Lerik rayonunun Mulalan kəndində anadan olmuşdur. 1975-ci ildə ADPU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1975-1990-cı illərdə Biləsuvar və Lerik rayonunun kəndlərində müəllim, tədris işləri üzrə direktor müavini və məktəb direktoru vəzifələrində çalışmışdır. 2001-2008-ci illərdə “Odlar yurdu” Universitetində və Azərbaycan Müəllimlər İnstitutunda müəllim kimi fəaliyyət göstərmişdir. 1990-cı ilin dekabr ayından AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşıdır. Hazırda həmin institutun “Yeni dövr Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri vəzifəsində çalışır. “M.Hadinin “İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah” poeması” mövzusunda namizədlik, “M.Hadinin ədəbi-bədii irsi Azərbaycan dövri mətbuatında (1905-1920)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Azərbaycan dili və ədəbiyyat dərsliklərinin monitorinqini keçirən Elmi Seminarın rəhbəri və Azərbaycan Prezidenti yanında AAK-nın eksperti olmuşdur (2012-2018). Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Dissertasiya Şurasının “Cənubi Azərbaycan ədəbiyyatı: Tədqiqlər” məcmuəsinin təsisçisi və baş redaktorudur. Dövri nəşrlərdə və mətbuatda 200-dən artıq elmi-publisistik məqalə və məruzəsi, 18 kitabı dərc olunmuşdur. 2015-ci ildən Lənkəran Dövlət Universitetinin “Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası” kafedrasında çalışır.
islamgaribli@yahoo.com
Prof. Məmmədov Məsud Əliağa oğlu
Məsud Əliağa oğlu Məmmədov 27 iyul 1937-ci ildə Astara rayonunun Şahağacı kəndində anadan olmuşdur. 1962-1967-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunun "Rus dili və ədəbiyyatı fakültəsində ali təhsil almış, təhsildən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik institutunun İran və Qafqaz dilləri şöbəsində kiçik elmi işçi vəzifəsində işləmişdir. O, 1973-cü ildə "Xələc dili" mövzusunda namizədlik, 1982-ci ildə "Azərbaycanın Lənkəran bölgəsinin coğrafi adlarının linqvistik təhlili" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1985-ci ildən professordur. 1973-1994-cü illərdə Özbəkistan Respublikasında Qafur Qülam adına Gülüstan Dövlət Universitetində kafedra müdiri, dekan və prorektor vəzifələrində çalışmışdır. Özbəkistan Xalq Maarif əlaçısıdır. 1994-cü ildən Lənkəran Dövlət Universitetində çalışır. 1994-2001-ci illərdə dekan və Elmi işlər üzrə prorektor vəzifələrində işləmişdir.Hazırda Lənkəran Dövlət Universitetinin professor məsləhətçisidir. 500-dən çox elmi məqalənin, 7 monoqrafiya, 8 şeir kitabının müəllifidir, 11 elmlər namizədinə rəhbərlik etmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
mamedov.a.@ mail.ru
Dos. Rufullayev Qədim İgid oğlu
1973-cü ildə Lerik rayonunun Pirasora kəndində anadan olmuşdur. 1992-1996-cı illərdə Qarabağ döyüşlərində iştirak etmiş və Qarabağ Müharibəsi veteranıdır. 1996-1998-ci illərdə Salyan Kənd Təsərrüfatı Texnikumunu, 2000-2004-cü illərdə Lənkəran Dövlət Universitetinin bakalavr pilləsini, 2004-2006-cı illərdə isə magistraturasını fərqlənmə diplomları ilə bitirmişdir. 2006-2009 – cu illərdə Lənkəran Dövlət Universitetinin doktorantura pilləsində təhsilini davam etdirmişdir. 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının “ Folklor” İnstitutunda “Zəlimxan Yaqub və xalq yaradıcılığı” mövzusunda fəlsəfə doktorluğu işi üzrə müdafiə etmişdir. 2005-2016-cı illərdə Lənkəran rayon Goyşaban kənd tam orta məktəbində dil- ədəbiyyat ixtisası üzrə müəllim işləymişdir. 2016-cı idən Lənkəran Dövlət Universitetinin “Dil-ədəbiyyat və onların tədrisi metodikası” kafedrasında müəllim işləyir. Bir monoqrafiyanin, iki fənn proqramının, Respublika və beynəlxalq əhəmiyyətli elmi jurnallarda nəşr olunmuş otuza yaxın elmi məqalə və tezislərinin müəllifidir. 2016-cı ildə Lənkəran Dövlət Universitetində baş müəllim, 2019-cu ildən dosent vəzifəsində çalışır.
qedim1973@mail.ru
Dos. Mirzəyev Elman Savad oğlu
1979-cu ildə Masallı rayonunun Meşəkənarı kəndində anadan olmuşdur. 1996-cı ildə Masallı rayonu Təzə Alvadı kənd 1 saylı orta məktəbini bitirmişdir. 1996-2000-ci illərdə Lənkəran Dövlət Universitetinin “Filologiya” fakültəsində təhsil almışdır. 2000-ci ildə həmin universitetin magistraturasına “Azsaylı xalqların dilləri” ixtisası üzrə qəbul olunmuş və 2002-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2007-ci illərdə Lənkəran Dövlət Universitetinin əyani aspirantı olmuşdur. 2008-ci ildə AMEA-nın Dilçilik İnstitutunda “Azərbaycan dili Lənkəran və Astara şivələrinin terminoloji leksikası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2009-2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialında kafedra müdiri və Təfəkkür Universitetinin “Filologiya elmləri” kafedrasında dosent vəzifəsində işləmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun elmlər doktoru pilləsi üzrə dissertantıdır. 2016-cı ildən elmi-pedaqoji fəaliyyətini Lənkəran Dövlət Universitetinin “Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası” kafedrasında davam etdirir. 2 monoqrafiya, 2 fənn proqramı, 30-dan çox elmi məqalənin müəllifidir.
Mirzayev_or@mail.ru
Dos. Dənziyeva Könül Babaş qızı
Könül Babaş qızı Dənziyeva1975-ci ildə Lerik rayonunun Çayrud kəndində anadan olmuşdur. 1992-1997-ci illərdə Lənkəran Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” ixtisasında oxumuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1997-ci ildən Lənkəran Dövlət Universitetində əvvəlcə laborant, baş laborant, sonra müəllim və baş müəllim kimi fəaliyyət göstərmişdir. 2010-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan toy mərasimi leksikası” mövzusunda dissertasiya işi müdafiə etmiş və filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdir. Halhazırda “Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası” kafedrasında fil.ü.fəl.dok., dosent vəzifəsində çalışır. K.B.Dənziyeva bir sıra elmi-praktik konfranslarda çıxış etmişdir. 20-yə qədər məqalə, 1 monoqrafiya və 3 proqramın müəllifidir. 2019- cu ildə Bakı Dövlət Universitetinin elmlər doktoru proqramı üzrə doktoranturasına qəbul olunmuşdur. “Azərbaycan folklor materiallarında cümlə strukturları” mövzusunda doktorluq dissertasiyası üzərində işəyir.
denziyevak@mail.ru
Dos. Seyfullayeva İlahə Əvəz qızı
İlahə Əvəz qızı Seyfullayeva (Abdullayeva) 1975-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1992-ci ildə Lənkəran şəhər 4 saylı orta məktəbini əla və yaxşı qiymətlərlə bitirmişdir. 1993-cü ildə Lənkəran Dövlət Universitetinin Ölkəşünaslıq istiqaməti, Şərqşünaslıq (ərəbşünas) ixtisası üzrə bakalavr pilləsinə qəbul olunmuş, 1997-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. 1997-ci ildə Dilşünaslıq istiqaməti, Azsaylı xalqların dilləri ixtisası üzrə LDU-nun magistraturasına qəbul olunmuş, 1999-cu ildə oranı da fərqlənmə diplomu ilə bitirmişdir. 1999-cu ildən LDU-nun Magistratura və aspirantura şöbəsində baş laborant, 2001-ci ildən Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. 2007-ci ildə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış Müdafiə Şurasında “Füzulinin “Leyli və Məcnun” əsərində ərəbizmlər” mövzusunda namizədlik dissertasiyası işini müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 2018-ci ildən LDU-nun Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası kafedrasında dosent vəzifəsində çalışır. İ.Ə.Seyfullayeva bir sıra elmi-praktik konfranslarda çıxış etmişdir. Bir dərslik, 1 monoqrafiya, 20-dən artıq elmi məqalə və 4 proqramın müəllifidir.
seyfullayeva.i@ mail.ru
Baş müəllim Əliyev Mehman Qaraxan oğlu
Əliyev Mehman Qaraxan oğlu 1957-ci il aprelin 30-da Azərbaycan Respublikası Astara rayonunun Şiyəkəran kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil olmuş və oranı bitirib 1979-cu ildən ixtisasına uyğun orta məktəbdə müəllim işləməyə başlamışdır. Bugünəcən pedaqoji fəaliyyətlə məşğuldur. Hal-hazırda Lənkəran Dövlət Universitetinin baş müəllimidir. Elmi və bədii yaradıcılıqla müntəzəm məşğuldur. AYB-nin üzvüdür. Filologiya üzrə fəlsəfə doktorudur. 4 şeir, 1 nəsr və 1 ədəbi-tənqidi təhlillər, esselər kitabının müəllifidir. Bir sıra ədəbi mükafatlara layiq görülmüş, müsabiqələrin qalibi olmuşdur: “Beynəlxalq Sənət Mükafatı” (2005), “Birlikdə yaşamaq sənəti və Mövlanə” Beynəlxalq müsabiqəsinin laureatı (2007), “Vətənpərvərlik mövzusunda ən yaxşı poema” müsabiqəsinin qalibi (2011) , “Məmməd Araz Mükafatı”( 2013), “Vətənpərvərlik mövzusunda ən yaxşı şeir” müsabiqəsinin qalibi (2014), “Beynəlxalq Səməd Behrəngi Ədəbi Mükafatı” (2015). 2018-ci ildən elmlər doktoluğu proqramı üzrə Azərbaycan Dillər Universitetinin doktoranturasında təhsilimi davam etdirir. 2017-ci ildə Azərbaycan Respublikasının “Fəxri Mədəniyyət İşçisi” adna, 2019-cu ildə “Prezident Mükafatı” və Azərbaycan Yaradıcılıq Fondunun təsis etdiyi “Ədəbiyyat adamı” mükafatına layiq görülmüşdür.
mehman57@box.az
Müəllim Əskərov Dəyanət Höccət oğlu
Əskərov Dəyanət Höccət oğlu 12 sentyabr 1981-ci ildə Cəlilabad rayonunun Alar kəndində anadan olmuş, ilk təhsilini 1987-1998-ci illərdə Alar kənd 1 saylı Orta məktəbində almışdır. 1998-ci ildə Lənkəran Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” ixtisasına qəbul olmuş, 2002-ci ildə bakalavr səviyyəsini fərqlənmə diplomu ilə bitirərək elə həmin il LDU-nun “Folklorşünaslıq və Mifologiya” ixtisası üzrə magistratura səviyyəsinə daxil olmuşdur. 2004-cü ildə magistratura səviyyəsini də fərqlənmə diplomu ilə bitirmişdir. Universitetin Elmi Şurasının 15 iyul 2004-cü il 09 saylı qərarı ilə ona aspirantura pilləsi üçün zəmanət verilmiş, lakin, ailə vəziyyəti ilə əlaqədar olaraq təhsilini davam etdirə bilməmişdir. Əvvəlcə Neft, daha sonra isə Bank sektorlarında fasiləsiz çalışaraq hər iki xidmət bölmələrində kiçik mütəxəssis vəzifəsindən baş mütəxəssisə qədər vəzifə artımına nail olmuşdur. 2019-cu ilin oktyabr ayından Lənkəran Dövlət Universitetində çalışır. Əvvəlcə Universitetdə tyutor vəzifəsində fəaliyyət göstərmiş, 2020-ci ilin 15 sentyabrından isə “Azərbaycan dili və ədəbiyyat” kafedrasının tam ştat müəllimidir. Bir neçə elmi məqalə və tezisin müəllifidir. 2019-cu ilin 24 dekabrında Universitetimizdə “Müasir təlim texnologiyalarının tətbiq olunmasının təhsilin keyfiyyətinə təsiri” mövzusunda keçirilən Gənc tədqiqatçıların Respublika Elmi-Praktik Konfransında fərqləndiyinə görə “təşəkkürnamə” ilə təltif edilmişdir.
dayanat.askarov@mail.ru
Müəllim İbrahimova Leyla Tofiq qızı
İbrahimova Leyla Tofiq qızı 04 mart 1988-ci ildə Lənkəran rayonu Darquba kəndində anadan olmuşdur, 1993-2004-cü illərdə orta təhsil almış, 2004-cü ildə Lənkəran Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olmuş, 2008-ci ildə fərqlənmə diplomu ilə təhsilini başa vurmuşdur, həmin il LDU-nun “Azərbaycan dili” ixtisası üzrə magistraturasına daxil olmuş, 2010-cu ildə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. 2011-2016-cı illərdə bank sektorunda çalışmışdır. 2016-ci ildən Lənkəran Dövlət Universitetində laborant, tyutor kimi fəaliyyət göstərmişdir, hal-hazırda TTTTM-də “Qeydiyyat, qiymətləndirmə və monitorinq” bölməsinin rəhbəridir. Eyni zamanda “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müəllimidir. 2018-ci ildən LDU-nun doktorantıdır, 10-dan artıq tezis və məqalənin müəllifidir.
lleyla_88@list.ru
Kafedranın yerləşdiyi poçt ünvanı, telefonları, elektron ünvanı, faks nömrəsi
Kafedranın ünvanı :Lənkəran şəhəri, H.Abdullayev küçəsi 19, 2 saylı korpus.
Telefon: (+994) 025 254 78 39, daxili: 103
Elektron ünvanı: edebiy_yatkafedrasi@mail.ru
Faks nömrəsi: 5-25-88
Kafedra haqqında məlumatları Dos. Elşad Səfərli təqdim etmişdir.