1-2 oktyabr 2019-cu il tarixində İran İslam Respublikasının Rəşt şəhərində yerləşən Gilan Universitetində Xəzəryanı ölkələrin Dövlət Universitetləri Assosiasiyasının XXII Baş Assambleyasının iclası keçirilmişdir.
Assambleyanın iclasında Azərbaycan Respublikasından 3 Universitetin (BDU, LDU və AzTU), Rusiya Federasiyasından 8 Universitetin, Qazaxıstan Respublikasından 3 Universitetin, İran İslam Respublikasından isə 19 Universitet, elm, texnologiya və tədqiqat təşkilatlarının nümayəndələri iştirak etmişdir.
Xəzəryanı ölkələrin Dövlət Universitetləri Assosiasiyasının XXII Baş Assambleyasının işində Lənkəran Dövlət Universitetini rektorun müşaviri, texnika üzrə elmlər doktoru, “Texnologiya və texniki fənlər” kafedrasının professoru Mikayıl Məhərrəmov təmsil etmişdir.
Assambleyanın plenar iclasını İİR-nın Gilan Universiteütinin rektoru Əhməd Razi açmış, sonra Gilan əyalətinin valisi Arsalan Zare, İİR –in Elm nazirinin xarici əlaqələr üzrə müavini Salar Amoli, Xarici İşlər nazirinin ikitərəfli diplomatik münasibətlərin koordinasiyası şöbəsinin Baş direktoru Reza Hazar Axari, Xəzər dənizinin davamlı inkişafı və ətraf mühit üzrə Beynəlxalq Konfransın icra katibi Mohsen Mohammadi, Ətraf mühit Departamentinin Tehran konvensiyasının milli ofisinin əməkdaşı Farnaz Şoaye çıxış edərək nümayəndələri salamlamış və Asambleyanın işi barədə öz fikir və mülahizələrini bildirmişlər.
Daha sonra Assambleya iclasında nümayəndələr Assosiasiyanın qarşısında duran vəzifələr- elm və təhsil əlaqələrinin dərinləşdirilməsi və intensivləşdirilməsi, Xəzəryanı ölkə xalqlarının dil və mədəniyyətinin öyrənilməsi yolu ilə həmin xalqların yaxınlaşması, ümumi təhsil məkanının yaradılması yolunda inkişaf, birgə məqalələrin nəşri, birgə elmi layihələrin işlənməsi və elmi kollektivlərin yaradılması və s. kimi məsələlər ətrafında müzakirələr aparılmış, ayrı-ayrı Universitet nümayəndələrinin hesabatları, təklifləri, fikir və mülahizələri dinlənilmişdir.
Eyni zamanda 2018-2019- cu illərdə Xəzəryanı ölkələrin Dövlət Universitetləri Assosiasiyasının Prezidenti, Atırau (Qazaxıstan Respublikası) Neft və Qaz Universitetinin rektoru, professor Alibek Kuşekovun və Assosiasiyanın icraçı direktoru, Astraxan Dövlət Texniki Universitetinin(RF) prezidenti, professor Yuri Pimenovun hesabat məruzələri dinlənilmişdir.
Assosiasiya qarşısında duran vəzifələri müzakirə edərək, üzv ölkə Universitetləri nümayəndələrinin, dəyirmi masa iştirakçılarının məruzələrini dinləyərək və Assosiasiyanın 2018-2019-cu illərdəki fəaliyyətinə yekun vuraraq Baş Assambleya iştirakçıları aşağıdakıları qeyd etmişdir:
- Assosiasiya üzvləri- ali məktəblər tərəfindən Xəzər regionunun sosial, iqtisadi, ekoloyi, xüsusilə Xəzərin biomüxtəlifliyi problemlərinə həsr olunmuş elmi tədqiqatların xüsusi əhəmiyyətini;
- Assosiasiyanın fəaliyyəti barədə elmi və universitet ictimaiyyətini məlumatlandırmaq üçün dövlət hakimiyyəti orqanları və ictimai təşkilatlarla qarşılıqlı əlaqələrin yeni formasının axtarışının vacibliyini;
- Elmi-texnoloji nailiyyətlər sərgisi, telekörpülər, veloyürüş və s. kimi yeni fəalyyət növlərinin axtarışının zəruriliyini;
- Elm və cəmiyyət arasındakı əlaqənin mövcudluğunun, Xəzər mövzusu üzrə məlumat bazasının inkişafının, elm ictimaiyyətini və cəmiyyəti Xəzərin problemləri barədə məlumatlandırmağın əhəmiyyətini.
Bununla yanaşı Assambleya iştirakçıları tələbələrin və gənclərin, gənc alimlərin Assosiasiya fəaliyyətinə cəlb olunmasının vacibliyini qeyd etmişlər.
Assosiasiyanın prezidentinin və icraçı direktorunun hesabat məruzələrini dinləyərək və Xəzəryanı ölkələrin Dövlət Universitetləri və elmi təşkilatlarının fəaliyyətinin aktual məsələlərini müzakirə edərək Baş Assambleya qərara almışdır:
- Xəzəryanı ölkələrin Dövlət Universitetləri Assosiasiyasının prezidenti- Atırau (Qazaxıstan Respublikası) Neft və Qaz Universitetinin rektoru, professor Alibek Kuşekovun 2018-2019-cu illərdəki işi bəyənilsin və Assosiasiyanın hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilsin;
- Gilan Universitetinin (Rəşt ş., İİR) rektoru, doktor Əhməd Razi 2019-2020-ci illər üçün Xəzəryanı ölkələrin Dövlət Universitetləri Assosiasiyasının prezidenti seçilsin;
- Xəzəryanı ölkələrin Dövlət Universitetləri Assosiasiyasının XXIII Baş Assambleyası 2020-ci ildə B. B. Qorodovikov adına Kalmıkiya (Elista ş., RF) Dövlət Universitetinin bazasında keçirilsin;
- Xəzəryanı ölkələrin Dövlət Universitetləri Assosiasiyasının XXIV Baş Assambleyası 2021-ci ildə Ş. Yesenov adına Kaspi (Qazaxıstan Respublikası) Dövlət Elm və Texnologiyalar Universitetinin bazasında keçirilsin;
- Assosiasiyanın nəzdində Tədris, Elm və Texnologiyalar və Tələbələrlə iş Komissiyalarının yaradılması məqsədəuyğun hesab edilsin.
Eyni zamanda Assambleya Assosiasiyanın cari və gələcək fəaliyyətinə aid bir sıra digər müvafiq qərarlar qəbul etmişdir.
Qeyd etmək lazımdır ki, Assambleyanın işi zamanı həm Rusiya Federasiyasının və Qazaxıstan Respublikası Universitetlərinin, həm də İran İslam Respublikası Universitetlərinin və elmi təşkilatlarının nümayəndələri Lənkəran Dövlət Universiteti ilə həm Assosiasiya çərçivəsində, həm də ikitərəfli əlaqələrə böyük maraq göstərmişlər. Belə ki, İran İslam Respublikasının Gilan Universiteti, Qorqan Kənd təsərrüfatı və təbii ehtiyatlar Universiteti, Sari Kənd təsərrüfatı və təbii ehtiyatlar Universiteti, Gilan kənd təsərrüfatı və təbii ehtiyatlar Tədqiqat Mərkəzi, Gilan Elm və texnologiyalar Parkı, həmçinin Rusiya Federasiyasının Astraxan Dövlət Texniki Universiteti və Dağıstan Dövlət Pedaqoji Universitetləri ilə əməkdaşlıq haqqında ilkin razılaşma əldə olunmuşdur. Qərara alınmışdır ki, Lənkəran Dövlət Universitetinin göstərilən və digər təşkilatlarla əməkdaşlığını genişləndirmək üçün müvafiq tədbirlər görülsün.