LSU Sustainability

• Ətraf mühitin davamlılığına xüsusi diqqət yetirən Araşdırma Mərkəzi

Ekologiya, ətraf mühit, təbii ehtiyatların qorunması məqsədilə Lənkəran Dövlət Universiteti regionda olan lazımi qurumların üzvləri də daxil olmaqla, ətraf mühitin davamlılığına xüsusi diqqət yetirən Araşdırma Mərkəzi yaratmışdır.

Ətraf mühitin davamlılığına xüsusi diqqət yetirən

Araşdırma Mərkəzinin üzvləri:

1. Rəhimov Həbib Sabir oğlu (Hirkan Milli Parkında Baş elmi işçi)

2. Məlikov Afiq Əli oğlu (1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində “Ətraf mühitdən istifadənin tənzimlənməsi və tullantıların idarə edilməsinin təhlili sektoru”nun müdiri)

3. Kazımov Yusif Dilsuz oğlu (Qızılağac Milli Parkında direktor müavini)

4. Əskərov Elşad İsrail oğlu (Qızılağac Milli Parkının böyük elmi işçisi)

5. Hüseynov Bəxtiyar Baloğlan oğlu (Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 sayli Regional ETSİ-nin əməkdaşı)

6. Şəmmədov Ramiz Zeynulla oğlu (Lənkəran Dövlət Universitetinin Təbiyyat fakültəsinin dekanı)

7. Məmmədhüseyn Hüseynov Babalı oğlu (Lənkəran Dövlət Universitetinin “Biologiya və ekologiya” kafedrasının müdiri)

Araşdırma Mərkəzinin məqsədi Azərabycanda, habelə Lənkəranda yaşıl iqtisadiyyatın inkişafı, ekologiya, ətraf mühit, təbii ehtiyatların qorunması, eyni zamanda ölkəmizdə bərpa olunan enerji mənbələri, yaşıl enerji, yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin məqsədyönlü istifadəsidir. Bu məqsədlə Mərkəz üzvlərinin təşkilatçılığı və iştirakı ilə 20-22 fevral 2024-cü il tarixlərində 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə Lənkəran Dövlət Universitetində universitetin “Ekologiya” ixtisası üzrə IV kurs əyani və V kurs qiyabi tələbələri üçün seminar təşkil olunmuşdur. Seminar zamanı idarənin əməkdaşları tərəfindən tələbələr üçün “Dövlət ekoloji siyasəti - “Yaşıl dünya naminə həmrəylik ili”, Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizin işğaldan azad edilmiş torpaqlarının “Yaşıl enerji” zonası elan olunması və 2022-2026-cı illər üzrə tədbirlər planının təsdiqlənərək bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi” mövzusunda geniş təqdimat keçirilmişdir. 40 nəfərin iştirak etdiyi tədbirdə tələbələrə sözügedən mövzularda ətraflı məlumat verilmiş, sonda isə tələbələrin sualları cavablandırılmışdır.

“Yaşıl dünya naminə həmrəylik ili” məqsədi Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizin işğaldan azad edilmiş torpaqları “Yaşıl enerji” zonası elan olunmuş və 2022-2026-cı illər üzrə tədbirlər planının təsdiqlənərək bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi prioritet kimi müəyyənləşdirilmişdir.

Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.

Bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkəmizin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi (KES) üzrə 3 min meqavat, günəş enerjisi (GES) üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının (SES) potensialı isə 520 meqavat həcmində qiymətləndirilir.

27 fevral 2024-cü il tarixində 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə Lənkəran Dövlət Universitetində universitetin “Ekologiya” ixtisası üzrə IV kurs əyani və V kurs qiyabi tələbələri üçün növbəti seminar təşkil olunmuşdur. Seminar zamanı idarənin əməkdaşları tərəfindən tələbələr üçün “Ekosistem, ətraf mühit, ətraf mühitin mühafizəsi və ekoloji tarazlıq” mövzusunda geniş təqdimat keçirilmişdir. 25 nəfərin iştirak etdiyi tədbirdə sözügedən mövzularda tələbələrlə ətraflı müzakirələr aparılmış, habelə onlara “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu (8 iyun 1999-cu il) və “5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” ilə bağlı əlavə məlumatlar da verilmişdir. Sonda mövzularla bağlı aidiyyəti sosial çarxlar izlənilmişdir. “Ekosistem, ətraf mühit, ətraf mühitin mühafizəsi və ekoloji tarazlıq”-mövzuları ətraflı izah edilib.

Ekosistem – qarşılıqlı təsirdə olan ətraf mühitin tərkib hissəsini təşkil edən: bitki örtüyü (flora/meşə), heyvanlar aləmi (fauna/balıqlar), torpaq örtüyü, su hövzələri, mineral sərvətlər, hava və enerji mənbələrinin vəhdətidir. İstənilən ekosistemə daim enerji daxil olmalıdır. Yer üzərində əsas enerji mənbəyi isə Günəşdir. Ekoloji sistemlərdə maddələr və enerji dövranı baş verir. Maddələr dövranı zamanı qeyri-üzvi maddələr – su, karbon qazı, azot birləşmələri canlılar tərəfindən tutularaq istifadə edilir və onlar öləndən sonra isə yenidən torpağa qaytarılır.

Ətraf mühitin mühafizəsi – ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyətcə dəyişmələrə yol verilməməsi, qorunub saxlanmasıdır. Ətraf mühitin ekoloji tarazlığının normallaşdırılması – insan yaşayışı üçün ətraf mühitin yararlı olmasını müəyyən edən və bioloji müxtəlifliyin qorunub saxlanmasının, ekoloji sistemlərin sabit istifadəsini təmin edən ətraf mühitin keyfiyyət göstəricilərinin müəyyən edilməsidir.

Ekoloji tarazlıq – insanlar, bitkilər və heyvanlar, habelə onlarla ətraf mühit arasındakı təbii balansı ifadə edir. Ekoloji tarazlıq sayəsində bütün orqanizmlərin həyatda qalması baş verir və ətraf mühitin sabitliyi təmin olunur.

Bu və digər məsələlər ətraf mühitin davamlılığına xüsusi diqqət yetirən Araşdırma Mərkəzinin nəzarəti altında mütəmadi olaraq gərəkli, faydalı təlim və tədbirlər keçirilir. Bununla bağlı davamlı olaraq, elmi tezis və məqalələrin hazırlanıb, dərc olunması nəzərdə tutulmuşdur.



Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd