Rektor

Riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov


İbrahimov Natiq Səhrab oğlu,1953-cü il 28 mart tarixində Qəbələ rayonu Mıxlıqovaq kəndində anadan olub. N.İbrahimov Mıxlıqovaq kənd orta məktəbini bitirib.

1972-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

1979-1982-ci illərdə Universitetin nəzdində Hesablama mərkəzində riyaziyyatçı-proqramist vəzifəsində çalışıb.

1982-1985-ci illərdə fakültənin Tətbiqi riyaziyyat fakültəsinin hesablama laboratoriyasında riyaziyyatçı-proqramçı işləyib.

1985-1992-ci illərdə fakültənin Tədris laboratoriyasının müdiri, eyni zamanda kafedranın müəllimi olub.

1993-cü ildən Azərbaycan Respublikası Təhsil Nazirliyində aparıcı inspektor, aparıcı məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb.

2014-cü ildən bu günə qədər Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində işləyib.

1993-cü ildən sonrakı müddətdə də Bakı Dövlət Universitetində əvəzçiliklə baş müəllim, dosent və professor vəzifələrini tutub.

2008-2013-cü illərdə Avropa Ali Təhsil Məkanı (AHEA) Bolonya işçi Qrupunun (BFUG) Azərbaycan Respublikası Təhsil Nazirliyi üzrə nümayəndəsi, kredit sisteminin respublikada tətbiqi üzrə məsul şəxs olub.

Azərbaycan ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası ilə bağlı tədbirlər planına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən 2008 və 2013-cü illərdə Ali təhsilin dövlət standartlarının və ixtisas üzrə təhsil proqramlarının hazırlanmasına rəhbərlik edib.

2016-cı il may ayından 2021-ci il aprelin 23-nə qədər Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il aprelin 23-də Natiq İbrahimovun Lənkəran Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Qeyd edək ki, professor Natiq İbrahimov ölkəmizdə təsdiq olunmuş Təhsil Strategiyasına uyğun olaraq Lənkəran Dövlət Universitetində islahatların aparılmasına və universitetin maddi texniki bazasının müasir tələblərə cavab verən səviyyəyə qaldırılmasına, şəffaflığın və hesabatlılığın təmin olunması ilə bağlı tədbirlərin həyata keçirilməsinə rəhbərlik edib.

LDU-nun xarici ölkə universitetləri ilə əlaqələrinin qurulması ( 50-ə yaxın Türkiyə və avropa universitetləri və mərkəzləri) və möhkəmlənməsi işini, tələbə və müəllimlərin mübadiləsini təşkil edib.

1997-ci ildən Fizika-riyaziyyat elmləri namizədi, 2015-ci ildən Riyaziyyat üzrə elmlər doktoru, professor elmi adlarını alıb. Bir monoqrafiya, 2 dərs vəsaiti və bir neçə proqramın müəllifidir. 4 nəfər doktorantın elmi rəhbəridir.

2011-ci ildən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” adına layiq görülüb.

2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 3 övladı var.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd